Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Alimlər beyin xərçəngi və sinir siqnalları arasında bağlılıq olduğunu müəyyən ediblər

Alimlər beyin xərçəngi və sinir siqnalları arasında bağlılıq olduğunu müəyyən ediblər

Tarix: 3 Iyun 2021 00:21

Alimlərin fikrincə, xərçəng şişlərinin yaranmasında təkcə hüceyrə mutasiyalarının deyil, müəyyən sinir siqnallarının da rolu var.

Sonxeber.net AZƏRTAC-a istinadən bildirir ki, tədqiqatlara görə, I tip neyrofibromatozda neyronların adi aktivliyi bu cür siqnal qismində ola bilər. İnsanda genetik xəstəlik olan neyrofibromatoz zamanı böyük ehtimalla şiş əmələ gəlir; bu, adətən xoşxassəli olur, lakin bədxassəli şişlər də yaranır. Şişlər periferik sinirlərdə və baş beyində əmələ gəlir.

Stenford Universitetindən və Sent-Luis Vaşinqton Universitetindən tədqiqatçılar genetik baxımdan neyrofibromatoza meyilli olan siçanlar üzərində eksperiment aparıblar. Doqquz həftəlik siçanlarda görmə sinirinin qlioması yaranıb, 12-16-cı həftələrdə isə onların hamısında şiş olub.

Lakin 9 və 16 həftəlik siçanları qaranlıqda saxlayanda, adi şəraitdən fərqli olaraq, qlioma ehtimalı qəfil aşağı düşüb. Siçanların hamısında genlər eyni olub. Deməli, məsələ işıqla bağlı olub - işıq görmə sinirlərini qıcıqlandırıb və onlarda şiş yaranmağa başlayıb.

Sonrakı eksperimentlər göstərib ki, siçanlar qaranlıq mühitdə bir qədər əvvəl - 6 həftəlik vaxtından 12 həftəliyinədək saxlanılsaydı, onlarda ümumiyyətlə şiş yaranmayacaqdı. "Nature" jurnalında qeyd edilir ki, əgər şişi olan daha yetkin, o cümlədən 12 həftəlik və daha böyük siçanlar qaranlıqda saxlanılsaydı, şiş onlarda sağalmasa da, böyüməyəcəkdi. Bu, bir daha təsdiq edir ki, şiş mutasiyası özlüyündə mütləq şəkildə şiş doğurmur, bunun üçün onu müşayiət edən şərait də olmalıdır.

Neyrofibromatoz mutasiyalı siçanlarda neyroligin-3 zülalının səviyyəsi yüksəkdir. Onun səviyyəsi görmə siniri aktiv olanda, yəni göz işığı hiss edəndə yüksəlir. Zülalın işini dayandıranda, görmə sinirinin aktivliyinə baxmayaraq, şiş daha gec yaranacaq və ölçüsü daha kiçik olacaq.

Alimlər qeyd edirlər ki, insan beyin şişlərində də neyroligin-3 zülalının səviyyəsi adidən yüksəkdir. İşığı, neyroligini və şişin inkişafını əlaqələndirən molekulyar mexanizmin təfərrüatları hələ ki tam aydın deyil. Lakin neyrofibomatozlu uşaqlarda şişin yaranmasına yol verməmək məqsədilə bu zülala təsir edə biləcək hansısa dərmanlar üzərində düşünmək olar.


Etiketlər:  Alimlər beyin xərçəngi sinir siqnalları arasında bağlılıq olduğunu müəyyən ediblər


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ