Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 7 Iyun 2021 22:12
İran mütəxəssisləri koronavirusa qarşı yeni dərman preparatı hazırlayıblar.
Sonxeber.net AZƏRTAC-a istinadən bildirir ki, "Saliravira" adlanan dərman həm həb, həm də maye halında istehsal ediləcək. Maye halında olan dərmanı burun və ağız boşluğuna vurmaqla virusu məhv etmək olar.
Bu dərman Behişti Tibb Elmləri Universitetinin xəstəxanasından uğurla kliniki sınaqdan keçirilib və Səhiyyə Nazirliyi tərəfindən lisenziya alıb. Dərman preparatı orqanizmə düşdükdə orqanlarda və qanda olan virusları bloklayaraq məhv edir. Səhiyyə Nazirliyinin verdiyi məlumata görə yaxın günlərdə bu preparatın kütləvi istehsalına başlanılacaq. Dərman İranda bitən bitkilərdən hazırlanıb və tərkibində kimyəvi maddə yoxdur.
İranın Səhiyyə Nazirliyinin açıqlamasında koronavirusun yayılması haqqında da məlumat verilib. Belə ki, son 24 saat ərzində 4 min 907 nəfər virusa yoluxub, 120 nəfər isə yoluxaraq vəfat edib. Bununla da İranda virusa yoluxanların sayı 2 milyon 971 min 270 nəfər, ölənlərin sayı isə 81 min 183-ə çatıb. Bununla yanaşı müalicə alan 2 milyon 565 min 972 nəfər sağalıb. Hazırda müalicəsini davam etdirən 3 min 687 nəfərin vəziyyəti ağır olaraq qalır.
Artıq 1 aydır ki, İranda yoluxma və ölüm hallarında azalma müşahidə edilir.