Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 10 Iyun 2021 15:50
İdman qidalarının idxalına və satışına nəzarət gücləndiriləcək.
Səhiyyə Nazirliyindən verilən məlumata görə, Azərbaycan Milli Antidopinq Agentliyi (AMADA), Səhiyyə Nazirliyi və Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) arasında ölkədə idman qidaları, bioloji fəallığa malik qida əlavələrinin dövriyyəsi və istifadəsi ilə bağlı nəzarət mexanizmlərinin gücləndirilməsinə həsr edilmiş görüş keçirilib.
AMADA və Səhiyyə Nazirliyinin birgə təşəbbüsü ilə keçirilən görüşdə Səhiyyə Nazirliyinin Analitik Ekspertiza Mərkəzinin, Qida Təhlükəsizliyi Agentliyinin və AMADA nümayəndələri iştirak ediblər.
İclasda çıxış edən səhiyyə nazirinin müavini Elsevər Ağayev bioloji fəallığa malik qida əlavələrinin nəzarətsiz istifadəsinin insan orqanizminə vura biləcəyi zərər və təhlükələr haqqında məlumat verərək, məsələnin aktuallığına diqqət çəkib.
AMADA-nın direktoru Şəfəq Hüseynli bioloji fəallığa malik qida əlavələrinin tərkibinə xüsusi nəzarət sisteminin yaradılmasının vacibliyini bildirib, bunun təmiz idman dəyərlərinin və idmançıların sağlamlığının qorunması baxımından da əhəmiyyətli olduğunu qeyd edib.
AQTA-nın aparat rəhbəri Elxan Mikayılov isə bu cür maddələrin daxili istehsalına nəzarətin gücləndirilməsinin vacibliyinə diqqət çəkib.
Görüşdə həmçinin bioloji fəallığa malik qida əlavələrinin, qeydiyyatı, ölkəyə idxalı, keyfiyyətə nəzarət mexanizmləri və pərakəndə satışı ilə bağlı mövcud vəziyyət, habelə effektiv nəzarət mexanizminin formalaşması üçün qanunvericiliyin təkmilləşdirilməsi məsələləri müzakirə olunub.
Bioloji fəallığa malik qida əlavələrinin idxalı və satışına nəzarəti gücləndirmək üçün monitorinq və yoxlama tədbirlərinin həyata keçirilməsinin vacibliyi vurğulanıb.