Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 4 Iyul 2021 21:45
Özünün xəbəri olmadan şəkər xəstəsi olan, yəni gizli şəkərdən əziyyət çəkənlər çoxdur. Elmi dildə prediabet adlanan xəstəlik diabetdən əvvəlki dövrə deyilir və belə xəstələr gizli şəkər xəstəsi kimi qəbul edilir. Ümumiyyətlə, şəkərli diabet qanda insulin hormonunun çatışmaması və ya keyfiyyətinin pozulması nəticəsində qanda şəkərin səviyyəsinin tənzimlənə bilməməsi halıdır. Məsələ burasındadır ki, şəkərli diabet başlayandan təxminən üç-dörd il sonra şikayətlər yaranır.
Sonxeber.net bildirir ki, həkim-endokrinoloq Gülay Məmmədova AZƏRTAC-a deyib: "Diabet xəstəliyinin gizli dövrü olur, həmin hallar insulin rezistenlik dövründən sonra meydana çıxır. Acqarına qanda olan şəkərin səviyyəsini ölçəndə insanda diabet xəstəliyinin olduğu üzə çıxar. Lakin yalnız qlükozanın miqdarını ölçmək və aclıq rəqəmləri əsasında diaqnoz qoymaq mümkün deyil. Həmin xəstələrdə şəkər yükləməsi testi aparılır və bunun nəticəsində onun diabet xəstəsi olub-olmadığı müəyyən edilir".
Həkim-endokrinoloqun dediyinə görə, gecələr dəfələrlə sidik ifrazına çıxmaq, ağızda quruluq, yaraların gec sağalması, görmə qabiliyyətinin zəifləməsi, hətta böyrəklərin sıradan çıxması prediabetin əsas əlamətləri sayılır: "Ac qalanda əl-ayaq əsməsi, soyuq tər basması və qidalandıqdan sonra qanda şəkərin səviyyəsinin yüksəlməsi, özünü halsız hiss etmək bilavasitə gizli şəkər diaqnozu qoymaq üçün əsas verir".
Qoz, fındıq, püstə, təbii bal xəstəlikdən əziyyət çəkənlər üçün xeyirli hesab edilir. Şəkərli diabet xəstələrinin pəhriz saxlaması əsas şərtlərdən biri sayılır.
Xəstəliyin təbii yollarla aradan qaldırılması yolları barədə danışan həkim-endokrinoloq deyib: "Prediabet zamanı əgər diabet formalaşıbsa və şəkərin requlyasiya mexanizmi pozulubsa, diabetə qarşı müalicə təyin edilir. Çəkisi yüksək olan xəstələrdə həyata keçirilən bariatik əməliyyat nəticəsində xəstənin həzm traktında olan dəyişikliklər sayəsində problem aradan qaldırılır".