Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 16 Iyul 2021 13:26
Neftin 1 barrelinin qiyməti 80 dolları keçə bilər
Sonxeber.net Real TV-ə istinadən bildirir ki, dünyanın ən iri investisiya banklarından olan "Goldman Sachs" (Qoldman Saks) yayda neftin qiymətinin 82-84 dollara qalxa biləcəyi barədə açıqlama yayıb və bu, ABŞ-ın işini dayandırmış şist nefti istehsalçılarında istehsalı bərpa etməyə ümidlər yaradıb.
"Goldman Sachs" (Qoldman Saks) düşünür ki, əgər OPEK+-la Birləşmiş Ərəb Əmirlikləri arasında neft hasilatının məhdudlaşdırılması kvotaları ilə bağlı anlaşma əldə edilərsə, bu, Brent neftinin bir barelinin qiymətinin elə bu yay 80 dolları keçməsi ilə nəticələnəcək, illik orta qiymət isə 75 dollar olacaq.
Bu isə ABŞ-da ötən il qiymətlərin kəskin düşməsi üzündən hasilatı 15 faiz azaltmağa məcbur olmuş şist nefti istehsalçılarında böyük ümidlər oyadıb. Bunun nəticəsidir ki, həftə ərzində ABŞ-da günlük neft hasilatı 100 min barrel artaraq iyulun 9-da 11,4 milyon barrel olub. Birləşmiş Ştatlarda günlük neft hasilatı son bir ayda isə 500 min barel artıb.
Amma açıq bildirməsələr də, gələn xəbərlərdən belə görünür ki, OPEK+ ölkələri neftin qiymətinin 80 dolları keçərək ABŞ şist istehsalçıları üçün çox əlverişli vəziyyətə gəlməsinin tərəfdarı deyillər. Bu, adətən, Körfəz ölkələrinin neft hasilatçılarının ABŞ bazarında paylarının itirilməsi ilə nəticələnir.
Rəqəmlər göstərir ki, OPEK+ ölkələri keçən ilin aprelindən başlayaraq, günlük hasilatı 9,7 milyon barrel azaltmağa və bu ilin yanvarından başlayan mərhələli yumşaltmalarla bunu 2022-ci ilin mayına qədər davam etdirməyə söz versələr də işdə buna dəqiq əməl etməyiblər. Məhudlaşdırma dekabra qədər davam edib və bu ilin yanvarında OPEK+ - un lider ölkələrinin - Rusiya və Səuliyyə Ərəbistanın hasilatı yalnız artırmağa meylli olduğu müşahidə edilib.