Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

İyirmi bir yaşında şəhidlik zirvəsinə ucalan Afərin Qulamzadə - FOTO

İyirmi bir yaşında şəhidlik zirvəsinə ucalan Afərin Qulamzadə - FOTO

Tarix: 16 Iyul 2021 21:00

Qırx dörd günlük Vətən müharibəsində adını qəhrəmanlar sırasına yazdıran oğullarımızdan biri də şəhid Afərin Qulamzadədir.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, 21 yaşında şəhidlik zirvəsinə ucalan Afərinin bu yaxınlarda doğum günü idi.

Lənkəran rayonunun Mamusta kəndində 1999-cu il iyulun 13-də dünyaya göz açan Afərin Qulamzadə Müzəffər Ali Baş Komandanın "İrəli!" əmrini layiqincə yerinə yetirərək qəhrəmanlıq dastanı yazan və şəhidlik zirvəsinə yüksələn oğullarımızdandır. Füzuli əməliyyatlarından başlayaraq Xocavənd döyüşlərində iştirak edən cəsur döyüşçü düşmənin çoxlu sayda canlı qüvvəsinin məhvində yaxından iştirak edib. Füzuli istiqamətində yaralı komandirini döyüş meydanından çıxararkən özü də ayağından yaralanan Afərin 3 gün hərbi hospitalda müalicə alsa da, ailəsinə bu barədə bir söz demir. Sağalar-sağalmaz döyüş meydanına, silahdaşlarının yanına qayıdır. Şəhid Afərinin anası Təranə xanım deyir ki, oğlu ilə sonuncu dəfə ötən ilin noyabrın əvvəlində danışıb: "Hər şey yaxşıdır. Məndən nigaran qalmayın. Biz düşmənin üzərinə gedib, onları torpaqlarımızdan qovuruq", - dedi. Noyabrın 2-i son dəfə bizlə danışanda dedi ki, ana, mən elə rahat yer tapmışam. Məndə əvvəl başa düşmədim, rahat yer dediyi nədir. Sən demə, rahat yeri cənnəti deyirmiş".

Şəhidin atası Müqəddəs Qulamov oğlu ilə fəxr etdiyini deyir: "Oğlum Vətəninə çox bağlı idi. Elə bu istəyinin arxasınca gedərək qəhrəmancasına şəhid oldu. Azərbaycan Ordusu ilə fəxr edirəm. Yaşasın Azərbaycan! Qarabağ Azərbaycandır!".

Afərinin onsuz keçən doğum günündə doğmaları, kənd sakinləri cəsur əsgərin igidliyindən söz açaraq bildiriblər ki, onunla təkcə lənkəranlılar deyil, bütün Azərbaycan fəxr edir.

Qazi Emil Begiyev: "Şəhidlik ən yüksək zirvədir. Kəndimiz I Qarabağ müharibəsində beş nəfər, II Qarabağ müharibəsində isə bir şəhid verib. Biz onlarla fəxr edirik. Allah cəmi şəhidlərimizə rəhmət etsin".

Şəhid Afərin Müqəddəs oğlu Qulamzadə 2020-ci il noyabrın 19-da doğulduğu Mamusta kəndində dəfn edilib. Azərbaycanın ərazi bütövlüyünün bərpası uğrunda Vətən müharibəsində qəhrəmancasına döyüşərək şəhid olan cəsur əsgərin göstərdiyi igidlik Ali Baş Komandan İlham Əliyev tərəfindən yüksək qiymətləndirilir. Afərin Qulamzadə ölümündən sonra "Vətən uğrunda" və "Xocavəndin azad olunmasına görə" medalları ilə təltif olunur.

Milli.Az


Etiketlər:  İyirmi yaşında şəhidlik zirvəsinə ucalan Afərin Qulamzadə FOTO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ