Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 6 Avqust 2021 22:09
Diabet xəstələri üçün qidanın necə qəbul edilməsi xüsusilə önəmlidir. Yəni, qidanın porsiyası və günün hansı saatında yeyilməsi vacib faktorlardır. Əksər diyetoloqlar diabet xəstələrinə meyvə yeməyə icazə vermirlər. Lakin mən hesab edirəm ki, diabet xəstələrinin az miqdarda olsa da, meyvə qəbul etməsi mümkündür.
Sonxeber.net AZƏRTAC-a istinadən xəbər verir ki, nutrisioloq və diyetoloq Vəfa Əsgərli şəkərli diabet xəstələrinin həyatının düzgün qidalanmadan asılı olduğunu bildirib.
Həkim-mütəxəssisin dediyinə görə, nutrisiologiya elmi iddia edir ki, həyat keyfiyyəti, yaşam tərzi və ümumiyyətlə orqanizmin gücünü qidalanma müəyyən edir.
V.Əsgərli vurğulayıb ki, diabet xəstələri meyvə qəbul edərkən müəyyən qanunuyğunluqlara əməl etməlidirlər: "Meyvənin qlikemin indeksi (qanda qlükozanın səviyyəsinin yüksəltmə dərəcəsi) yüksəkdir. Ona görə, meyvə həzm olunan kimi qanda şəkərin miqdarının artması normaldır. Xəstəliyin kəskinləşməməsi üçün meyvə yeməzdən öncə mütləq bir ədəd tərəvəz qəbul etmək lazımdır. Misal üçün, bir ədəd xiyar yemək mədə, bağırsaq, həmçinin qaraciyəri təmizləməyə kömək edir. Yəni, şəkərli diabetdən əziyyət çəkənlər qanunuyğunluğu qorumaq şərtilə meyvədən istifadə edə bilərlər".
Həkim-mütəxəssis, həmçinin nutrisiologiya elmi barədə də məlumat verib: "Nutrisiologiya ənənəvi tibbi sahə deyil, profilaktik təbabət səviyyəsidir. Nutrisiologiya həyat keyfiyyətinin balanslaşdırılmış səmərəli qidalanma vasitəsi ilə artırılmasıdır. Nutrisioloq dərman preparatları təyin edə bilməz. Bu elm yalnız sağlam qidalanma ilə həyat keyfiyyətinin yaxşılaşdırılmasının mümkünlüyünə inanır. Ən əsası, xəstələrin müalicə və profilaktikasında qidalanmanın üstünlüyünü vurğulayır. Heç bir nutrisioloqun xəstəyə dərman vasitələri, hətta bioloji qida əlavələri təyin etmək ixtiyarı yoxdur".
Diabetin yaranma səbəblərindən biri də qanda D vitamininin əksikliyidir. Nutrisiologiya elminə görə, D vitaminini qəbul etmək üçün kapsulalardan və ya damcı şəklində qəbul edilən ampulalardan istifadə lazım deyil. Xüsusilə isti aylarda günəş şüası vasitəsilə orqanizm üçün lazım olan D vitamini ehtiyacını qarşılaya bilərik. Günəşdən qorxmaq lazım deyil. Orqanizmdə maddələr mübadiləsinin normal gedişatı üçün D vitamini vacibdir. Günəşin qızmar vaxtlarında orqanizm lazım olan D vitaminini depolayır. Soyuq havalarda orqanizm depoladığı vitaminlərdən "istifadə edir" və aprel-may aylarında analiz verərkən qanda D vitaminin miqdarının az olması normaldır. Çünki havanın istiləşməsi həmin aylardan sonra başlayır. Amma misal üçün, iyul və ya avqustda analiz nəticəsində qanda D vitaminin az olduğu müəyyən edilərsə, deməli orqanizmdə problem var. Şəkərli diabet xəstələri vaxtaşırı qanda D vitamininin miqdarını yoxlatdırmalıdırlar. Üstəlik, bilmək lazımdır ki, ən vacib faktor immun sisteminin sağlam olmasıdır. Qan şəkərinin yüksək olması sadəcə simptomdur. Müalicə zamanı simptomu yaradan səbəblər aradan qaldırılmalıdır".