Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 12 Avqust 2021 15:44
"Süd verən analara biz hələ ki ölkəmizdə vaksinasiya etmirik. Amma bu göstəriş tam isbatlanmış bir göstəriş deyil".
Bunu Sonxeber.net-a açıqlamasında həkim-infeksionist Vüsalə Yaşar deyib.
O bildirib ki, panika, təlaş, qorxu hamilə qadınlarda daha ciddi ağrılaşmalara səbəb olur:
"Süd verən ana vaksinasiya olunarsa, düşünürəm ki, zərər görməz.
Çox təəssüf ki, COVİD 19-a yoluxmuş hamilələrdə hamiləliyin durdurulması kimi göstəriş verən həkimlərimiz də var. Bir kəlmə, bu vicdansızlıqdır! Biz hələ ki, COVİD-19-a yoluxmuş və övladında qüsur olmuş bir hamiləlik görməmişik. Hamilələrdə COVİD-19-un gedişi digər insanlardan çox da fərqlənmir. Bu qadın hamilə olmasaydı, necə keçirəcəkdisə, hamiləlik zamanı da xəstəliyi o şəkildə keçirir. Yəni insanları, xüsusən də hamiləni bu qədər qorxutmaq, təlaşa salmaq olmaz. İnanın, çoxlu sayda hamiləmiz ana da olub, sapsağlam körpə də dünyaya gətirib. Çox da dərman müalicəsi almayıb, ehtiyacı da olmayıb. Burada ginekoloqlarla infeksionistlər bərabər işləsə çox yaxşı olar. Və buradan öz həmkarlarıma səslənirəm, hamiləliyi durdurmaq cinayətdir. Necə ki, bir ara hepatitdə, su çiçəyində bu problemi yaşayırdıq. Hər şeyə görə hamiləlik durdurulmaz, COVİD-19-a görə heç durdurulmaz. Bu virus nəticəsində qüsurlu övlad dünyaya gəldiyi barədə bir araşdırma nəticəsi, bir fakt yoxdur.
Yaxud qadın vaksin vurdurub, hamilədir. Deyirlər get hamiləliyini durdur. Niyə? Dünyanın bir çox ölkələrində artıq hamilə qadınlara da vaksin vurulmağa başlanılıb. Buna görə niyə hamiləlik sonlandırılmalıdır? Panika, təlaş, qorxu daha ciddi ağrılaşmalara səbəb olur, nəinki ona adekvat yanaşma. Nə məsuliyyətsiz yanaşma olmalıdır, nə də aşırı panikaya düşmək".
Təhməz Əsədov