Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 13 Avqust 2021 20:06
Alimlər qrupu COVID-19 xəstələrinin diaqnostikası və müalicəsi üçün tövsiyələrin hazırlanması məqsədilə koronavirus infeksiyasının uzun müddət davam etməsi hallarını öyrənməyə başlayıb. Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) əvvəllər də ölkələri bir çox COVID-19 xəstəsinin uzun müddət simptomlar yaşadığını etiraf etməyə və reabilitasiyalarını təmin etməyə çağırırdı.
Ümumdünya Səhiyyə Təşkilatının ekspertləri xatırladırlar ki, koronavirusdan sağalanların əhəmiyyətli bir hissəsi aylarla zəiflik, tənəffüs problemləri və xəstəliyin nevroloji təzahürlərini hiss edirlər. Sonxeber.net AZƏRTAC-a istinadən bildirir ki, ÜST koronavirusun uzunmüddətli nəticələrini "postkovid vəziyyət" adlandırmağı təklif edir.
İlk addım atılıb - geniş ictimaiyyət artıq bilir ki, bunlar xəstəlikdən sağalanların şıltaqlıqları və "adi ürək darıxması" deyil, xəstəliyin həqiqətən də ağrılı nəticələridir. Lakin elmi mühitdə bu xəstələrin müalicəsi və vəziyyətlərinin qiymətləndirilməsinə standartlaşdırılmış yanaşmalar hazırlamaq üçün kifayət qədər bilgi yoxdur.
Düzgün qərarları qəbul etməyə imkan verəcək elmi bazanın genişləndirilməsi ilə ÜST və tənəffüs və yoluxucu xəstəliklərlə məşğul olan bir sıra ixtisaslaşmış beynəlxalq tibbi təşkilatlar ilə birlikdə alimlər qrupu məşğul olacaq.
Tədqiqatın birinci mərhələsində alimlər postkovid xəstələrin vəziyyətinin qiymətləndirilməsi meyarlarını aydınlaşdırmalı, ikincisində isə bu simptomların konkret olaraq necə qiymətləndiriləcəyini müəyyənləşdirməli olacaqlar. ÜST bu genişmiqyaslı işin başlandığını elan edir ki, alimlər və həkimlər, eləcə də bütün dünya üzrə xəstələr pandemiya ilə mübarizə üzrə ümumi səylər çərçivəsində müvafiq tövsiyələrin tezliklə dərc ediləcəyini bilsinlər.