Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 17 Avqust 2021 14:06
"Türkiyəyə dünyada bir neçə strateji müttəfiq saysaq, birinci sıradakı müttəfiqi Azərbaycandır".
Bunu Sonxeber.net-a açıqlamasında türkiyəli məşhur hərbi-siyasi ekspert Ceyhun Bozkurt deyib.
Ekspert bildirib ki, Qarabağ Türkiyə ilə Azərbaycanın əlini qüvvətləndirmək baxımından çox əhəmiyyətlidir:
"Qardaşlıq bağlarından əlavə strateji mövqe baxımından da Azərbaycan Türkiyə üçün ən vacib ölkədir. Çünki çıxarları birdir, məqsədləri birdir, bölgədəki hədəfləri birdir. Bu gün NATO-da yer alan bir çox müttəfiq ölkələr arasında belə problemlər olduğu üçün, Azərbaycanı bu cəhətdən strateji olaraq Türkiyə üçün birinci görmək ən məntiqli, ən ağıllı yoldur. Dünyada geosiyasi böhranların yaşandığı bir dönəmdə Türkiyə ilə Azərbaycanın bu strateji müttəfiqliyi bir-birinə əlavə güc olacaqdır.
Zəngəzur dəhlizi Qərbin Asiya dünyasına açılan dəhlizidir. Buradakı tarazlığı qorumaq, bu müttəfiqliyi, birliyi həmin xətt boyunca bir güc halına gətirmək gələcəkdə hegemonluq savaşında Türkiyə ilə Azərbaycanın əlini qüvvətləndirəcək. Qarabağ bu baxımdan çox əhəmiyyət kəsb edir.
Ermənistanın gücü bəllidir, onun nə Türkiyəyə, nə də Azərbaycana çatacaq gücü yoxdur. Prezident İlham Əliyevin də "CNN türk"ə son müsahibəsində vurğuladığı məsələ budur - Rusiyanın Ermənistana silah verməyi dayandırmağı lazımdır. Ermənistan indiyə qədər ATƏT-in Minsk Qrupunun üçlüsü kimi tanınan Amerikaya, Fransaya, Rusiyaya və başqa güc mərkəzlərinə arxayın olub, Cənubi Qafqazdakı vəziyyətdən istifadə edərək bu işğalı gerçəkləşdirmişdi.
Amma artıq dünyada hegemonluq savaşında Türkiyə ilə Azərbaycan tarazlığı təmin edəcək. Bu iki ölkə yanına dost Pakistanı və Macarıstanı da daxil etdikdə bir müdafiə xətti yaranacaq. Türkiyə ilə Azərbaycanın bu birliyi eyni zamanda məzlum dövlətlər üçün də bir müdafiə xətti qurmuş olacaq".
Təhməz Əsədov