Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 21 Avqust 2021 19:42
Cinsi tərbiyə uşaqların ümumi tərbiyəsinin ayrılmaz hissəsi olub, uşaq böyüyüb yetkin, müstəqil şəxsiyyətə çevrilənədək davam edir. Uşağa həm ümumi, həm də cinsi tərbiyə verilməsinə erkən yaşlarından başlamaq lazımdır.
Bu halda bir çox valideynlərin əhəmiyyət vermədiyi ən cüzi detallar belə, mühüm əhəmiyyət kəsb edə bilər.
Beləliklə, ata qızları, ana isə oğlanları çimizdirməkdən nə qədər tez uzaqlaşdırılsa, bir o qədər yaxşı olar.
5-6 yaşlı uşaqların əksəriyyəti artıq nisbətən müstəqil olaraq çimmək, yuyunmaq iqtidarında olurlar. Onlara, sadəcə, belini sürtməkdə-sabunlamaqda və başını yumaqda yardımçı olmağınız kifayət edər.
Həmçinin, uşağı vannaya da alt paltarında otuzdurmaq, ona ehtiyacı olan yardımı göstərdikdən sonra isə vanna otağından çıxmaq lazımdır ki, digər yuyunmaq hərəkətlərini uşaq özü etsin.
Yadda saxlamaq lazımdır ki, hər bir uşaqda təbii utancaqlıq hissi olur. Bu, təbii özünüqoruma mexanizmidir. Bu haqda kifayət qədər məlumatı olmayan bəzi valideynlər özləri də bilmədən ehtiyatsızlıq edərək bu mexanizmi pozurlar. Uşağın normal, təbii utancaqlıq hissini qorumaq və dəstəkləmək lazımdır. Çünki məhz bu hiss yeniyetmə dövründə onu bir çox ağılsız hərəkətlərdən qorumuş olur.
Bəzi hallarda 2-3 yaşlarında uşaqlar öz cinsiyyət üzvlərinə maraq göstərməyə başlayırlar. Bu heç də uşağın öz burnuna, qulaqlarına, göbəyinə və s. orqanlarına ola bilən marağından başqa bir şey deyildir. Bu, sadəcə, uşağın özünü dərk etməsi prosesidir. Əgər uşağınızın belə işlə məşğul olduğunu görsəniz, onu qətiyyən danlamaq, cəzalandırmaq olmaz. Bu zaman ehmalca olaraq uşağın başını başqa bir maraqlı məşğuliyyətə cəlb etmək məsləhət görülür.
Əgər uşaq, xüsusilə də qız uşağı tez-tez cinsiyyət üzvlərinə əl vurursa, deməli, onu narahat edən hansısa bir səbəb vardır. Bu zaman onun hər hansı bir bağırsaq qurdu ilə yoluxması və ya onda vulvitin (uşaqlıq yolu iltihabı) olmasını düşünmək olar.
Məsələn, bağırsaq qurdu olan bizquyruq əksər hallarda uşaqlarda aralıq nahiyəsində qaşınma hissinin yaranmasına səbəb olur. Vulvit isə şəxsi gigiyena qaydalarına düzgün şəkildə riayət olunmaması (vaxtaşırı və düzgün yuyunmamaq), cinsi üzvlərin bəzi anadangəlmə inkişaf qüsurları, kiçik cinsiyyət dodaqlarının hissəvi bitişmələri (sinexiyalar) və digər səbəblər nəticəsində əmələ gələ bilər.
Son vaxtlar kiçik cinsiyyət dodaqlarının bitişmələrinə (sinexiyalara) kifayət qədər tez-tez rast gəlinir. Bunun səbəbi hər dəfə yuyunarkən sabundan həddən artıq dərəcədə istifadə edilməsi (sabunu ancaq uşağı çimizdirəndə istifadə etmək olar!), müxtəlif infeksiyalar (xlamidioz daxil olmaqla) və bədəndə esterogen hormonların çatışmazlığı ola bilər.
Demək olar ki, bütün normal uşaqlar 2 yaşında olarkən artıq hansı cinsə mənsub olduqlarını dərk etməyi bacarırlar. 3 yaşında isə, demək olar ki, bütün uşaqlar ilk dəfə olaraq valideynlərə "uşaqlar hardan peyda olur?" sualını verirlər. Bu zaman onlara uydurmalar danışmağı məsləhət görmürük. Daha yaxşısı, uşağa qısa və konkret olaraq - "ananın qarnından" cavabını verəsiniz. Əksər uşaqları belə cavab qane edir və onlar oyunlarını davam etdirməyə qaçırlar. Uşaqların bütün digər suallarına da sakit tərzdə, əsəbləşmədən və utanmadan cavab vermək çox vacib hesab edilir. Əgər uşaqla düzgün dialoq (danışıq) qurmaqda çətinlik çəkirsinizsə, uşaq psixoloquna müraciət etməyiniz məsləhət görülür.
Kiçikyaşlı uşaqlardan bəhs edərkən bu dövrün ən xarakterik olan bir əlaməti barədə də danışmamaq olmaz. Bu, qız və oğlanlar arasındakı fərqə olan maraq mövzusudur. Əgər müxtəlif cinsdən olan uşaqların bir-birinin cinsiyyət üzvlərini qarşılıqlı müayinə etdiklərini, öyrənmək istədiklərini ilk dəfə görmüş olsanız (adətən, bu, uşaq bağçalarında, az hallarda isə bacı və qardaş arasında kiçik yaş fərqi olarsa, evdə baş verir), özünüzü heç bir şey baş verməmiş kimi aparmağa çalışın. Bu halda da qətiyyən uşaqları qışqıraraq danlamaq və cəzalandırmaq olmaz! Əgər bu vəziyyət bir daha təkrar olunarsa, sakit tərzdə uşağa anlatmaq lazımdır ki, belə hərəkət etmək olmaz, tərbiyəli uşaqlar üçün bu ayıbdır. 5 yaşına çatdıqda uşaqlarda artıq əks cinsə qarşı utancaqlıq hissi oyanır və belə vəziyyət əksər hallarda bir daha təkrar olunmur. Uşaqlar cinsi orqanları barədə sizə "niyə qızlarda (oğlanlarda) hər şey başqa cürdür?" sualını vermiş olsalar, onlara sakit tərzdə "oğlanlarla qızları bir-birindən nə ilə ayırmaq lazımdır axı!" cavabını vermək olar.
3 yaşdan 5 yaşadək olan dövr uşaqlarla valideynlər arasında etib arlı münasibətlərin qurulması üçün mühüm və çox vacib bir mərhələ hesab edilir. Uşaq onu maraqlandıran istənilən sualı verməkdən qorxmamalı və utanmamalıdır. Uşağınızla belə münasibətlər qurmağa nail olsanız, yeniyetmə dövrünün bir çox problemlərinin qarşısını indidən almış olarsınız.
Ən mürəkkəb olan - "Ata nə üçün lazımdır?", "Uşağı ananın qarnından necə çıxarırlar?" kimi suallar, adətən, 5-7 yaşlı uşaqlar tərəfindən verilir. Belə suallara cavab verməyə hər zaman hazır olmalısınız. Onlara döl əmələ gəlməsini, iki sevən qəlbin ittifaqı, bir-birinə qovuşması, uşağın anadan olmasını isə valideynlərin həyatında ən xoşbəxt an kimi izah etməyə çalışmaq lazımdır. Bu zaman məsələnin emosional tərəfini vurğulamaq - valideynlər arasında böyük məhəbbətin olması, onların hər zaman belə gözəl uşağı əldə etmək arzusunda olduqları, uşağın öz gəlişi ilə ailəyə bəxş etdiyi fərəh, sevinc, xoşbəxtlik haqqında onunla maraqlı söhbətlər etmək məsləhət görülür. Bir qayda olaraq, yeddi yaşlı uşaqlar artıq, kişi və qadın arasındakı fərqlər, uşaqların necə yaranması və dünyaya necə gəlməsi haqqında ümumi məlumatlara malik olurlar. Kiçik məktəb yaşları uşaqların ən sakit inkişaf dövrü hesab olunur. Bu dövrdə valideynlər çox nadir hallarda uşaqlarının hər-hansı bir mürəkkəb davranış problemləri ilə üzləşirlər.
Qeyd etmək lazımdır ki, uşaq psixikası çox incə və zərif olub, çox asanlıqla pozulmağa meyllidir. Uşaqlar heç bir halda valideynlər arasında olan intim əlaqələrin şahidi olmamalıdır! Heç bir zaman uşağın yanında onun "onsuz da başa düşməyəcəyinə" arxayın olub bir-birinizlə ikimənalı və şit zarafatlar etməyin. Uşaqları həmçinin erotik məzmunlu televiziya verilişlərindən, zorakılıq və qan axıdılması ilə olan verilişlərdən və kompüter oyunlarının təsirindən qorumaq da vacib hesab edilir. Uşaqlarınızın seyr etdiyi televiziya verilişlərini diqqətlə izləyin. Uşaqlar üçün nəzərdə tutulmayan televiziya kanallarını təcrid edin. Öz timsalınızda uşağa şəxsi nümunə göstərmək rolunu da yaddan çıxarmayın. Uşaq valideyninin pornofilmləri seyr etdiyinin şahidi olarsa, sonradan onu belə filmlərə baxmağın "pis hərəkət olduğuna" inandırmaq mümkün olmayacaqdır. Uşaqların sinir sisteminə və psixikasına ağır pozucu təsir göstərən dəhşətli və qorxulu filmləri müşahidə etmək də onlara qəti şəkildə qadağan edilməlidir.
Cinsi yetişkənlik (pubertat) dövrü həm uşağın özü, həm də onun valideynləri üçün çox mürəkkəb bir mərhələdir. Bütün yeniyetmələr üçün bu dövrdə, hormonal dəyişikliklərlə əlaqədar olaraq, fikir dağınıqlığı, yaddaşın zəifləməsı kimi əlamətlər xarakterik hesab olunur. Onlar məktəbdə pis oxumağa başlayır, fikirlərini toplaya bilmədiklərindən yazı işlərində "gözlənilməz səhvlərə" yol verirlər. Bir çox hallarda yeniyetmə uşaqlar onlara tapşırılan işləri yerinə yetirməyi də unudurlar.
Bütün valideynlərə bu simptomlara səbirlə yanaşmaq məsləhət görülür. Uşaqlarla davranarkən zəhmlilik, qəddarlıq və öz fikrinizi hər zaman ona diktə etmək üsullarından mümkün qədər uzaq olmağa çalışmaq lazımdır.
Əlbəttə, valideynlərin gözündə 13-15 yaşlı yeniyetmə hələ da uşaq olmaqda davam edir. Lakin onu da yaddan çıxarmaq lazım deyil ki, bu uşaq artıq özünü böyük hesab edir və valideynlər tərəfindən onun fikri nəzərə alınmadıqda özünü təhqir olunmuş hesab edərək xeyli dərəcədə incimiş olurlar. Yeri gəlmişkən qeyd etmək lazımdır ki, kövrəklik, küsəyənlik, inciklik yeniyetmə uşaqlar üçün xarakterik olan əlamətlər hesab edilir.
12-14 yaşlarında hormonal qeyri-stabillik (disbalans) və organizmin üzərinə düşən artmış gərginlik fonunda yeniyetmə uşaqlarda tez yorulma və yuxululuq, əhval-ruhiyyənin kəskin şəkildə dəyişkənliyi kimi hallar da qeyd edilə bilər.
Pubertat dövrü - uşağın orqanizmi üçün çox çətin dövrdür. Bu zaman yeniyetmənin təkcə boyu il ərzində 10-20 sm artmış olur. Vitamin-mineral kompleksləri, zülallarla zəngin qida və kifayət qədər yuxunun olması, bu hormonal fırtınaya tab gətirmək prosesində yeniyetmənin orqanizminə xeyli dərəcədə kömək edə bilər.
Əgər yeniyetmə uşaqda yuxarıda sadaladığımız simptomlar həddən-artıq dərəcədə nəzərə çarparlarsa, uşağı həkimə göstərmək lazımdır. Bu zaman həkim ona sakitləşdirici və s. təsirli preparatlar təyin edə bilər.
Təxminən 15-16 yaşlarında hormonal fon və sinir sistemi stabilləşir, uşağın davranışındakı birgə yaşadığınız çətin, problemli günlər geridə qalır. Lakin onu yadda saxlamaq lazımdır ki, bu stabilləşmənin yaranmasında aparıcı və baş rol yenə də valideynlərə məxsusdur.
Cinsi inkişaf dövrü - ilkin cinsi maraqların, ilkin cinsi həvəsin yarnması dövrüdür. Bəs bu çətin dövrdə uşağı səhv hərəkətlərdən necə qorumaq olar?
Bu mürəkkəb dövrdə cinsi tərbiyənin ən əsas prinsipi yeniyetməni cinsi həvəsdən yayındırmaqdan və uzaqlaşdırmaqdan ibarətdir. Cinsi meyllik çox güclü bir enerjidir və onu düzgün istiqamətə yönəltmək lazımdır. Bu məqsədlə uşağı hər-hansı bir idman növünə, xarici dil kurslarına, müxtəlif dərnəklərə yazdırmaq yaxşı olar. Bu dövrdə uşağın məktəbdə oxumağına, davranışına böyük diqqət yetirin. Uşaqların bir çoxunun təhsilində geriləmə halları qeyd edilir. Onu əldə etdiyi nailiyyətlərə görə tərifləmək, həvəsləndirmək və bu göstəriciləri daha da yüksəltməyə meylləndirmək lazımdır.
Bəzi ailələrdə valideynlər uşağın "nalayiq və artıq hərəkət etməsi" qorxusundan onda əks cinsə və seksə qarşı mənfi təsəvvürlər yaratmağa çalışırlar. Nəticədə uşaqlar bunu çirkin, nalayiq bir hərəkət kimi qiymətləndirməyə başlayırlar. Belə münasibət gələcəkdə, uşaq böyüdükdə onun həyatında çox xoşagəlməz, çox neqativ bir iz buraxa bilər. Bu zaman onda əks cinsə qarşı pis münasibət və digər problemlər yarana bilər. Bu isə gələcəkdə onun ailə qurmasında, evlənməsində və ya ərə getmək arzusunda qorxu və həyəcan hissi yarada bilər.
Yeniyetmələri həmçinin cəza verməklə də qorxutmaq olmaz. Bununla siz onları səhv hərəkətlərdən heç də sığortalaya bilməyəcəksiniz. Əksinə, cinsi məsələlərdə hər hansı bir çətinliklə üzləşən yeniyetmə daha düzgün qərar qəbul etmək istəyərkən, məsləhət almaq üçün, sizə (daha yaşlı və çox təcrübəsi olan yaxın adamına) yox, özü kimi nadan, təcrübəsiz başqa bir dostuna-yaşıdına müraciət edəcəkdir. Bu səbəblərdən cinsi tərbiyəyə dair məsələlərdə yeniyetmə ilə olan münasibətləri son həddə çatdırmamalı, ona qarşı həddən artıq sərtlikdən, etinasızlıqdan, diqqətsizlikdən uzaq olmaq lazımdır.
Gələcəkdə baş verə biləcək bir çox gözlənilməz hallardan qorunmaq üçün uşağa seks barədə məlumat verərkən, onun (seksin) insan həyatının təbii bir prosesi olmasını, həyatın davam etdirilməsinin onsuz mümkün olmaması fikrini formalaşdırmaq daha düzgün olardı. Ancaq eyni zamanda yeniyetmə uşağa bu münasibətlərin yalnız daha böyük yaşlarda, müstəqil və ciddi insanlar arasında ola biləcəyini də izah etmək lazımdır. Yeniyetmələrdə mütləq belə bir fikir də formalaşdırmaq lazımdır ki, onların indiki zamanda etdikləri kiçicik bir səhv gələcəkdə böyük bəlalara səbəb olaraq onların sonrakı həyatını pozaraq bütün planlarını alt-üst edə bilər. Oğlan uşağına onu da izah etmək vacibdir ki, əgər o hər hansı bir qız ilə "böyüklərə aid olan" münasibət qurmuş olarsa, bu zaman həm özünə, həm də qıza görə ciddi məsuliyyət daşımalı olacaq. Qız uşaqlarının belə münasibətlərdən uzaq olması üçün onlarda yüksək təbii utancaqlıq, ayiblıq hissləri tərbiyə etmək, bunu onların (həmçinin valideynlərinin) fərdi şərəf və ləyaqətinin alçalması kimi izah etmək çox vacib hesab edilir.
Bütün dünyada artıq çoxdandır ki, belə bir həqiqət qəbul edilmişdir ki, cinsi tərbiyənin ən düzgün və sınanmış tərbiyə forması - dini tərbiyədir. Bu tərbiyənin əsas ideyası oğlan və qız arasında nigahsız əlaqələrin qurulmasının ALLAH qarşısında böyük günah olduğunu başa düşərək ömrünün sonunadək buna əməl etməyin vacib olduğunu anlamaqdan ibarətdir.
Əlbəttə, cinsi tərbiyə kimi zərif bir məsələdə hər bir valideyn uşağını necə tərbiyə etməkdə sərbəstdir. Biz, sadəcə, bəzi faydalı məsləhətlər verə bilərik.