Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Erməni vəhşiliyinin amansız üzü - Ballıqaya qətliamı

Erməni vəhşiliyinin amansız üzü - Ballıqaya qətliamı

Tarix: 23 Avqust 2021 12:06

29 il öncə Goranboy rayonunun Ballıqaya kəndində Ermənistan silahlı qüvvələri tərəfindən dinc azərbaycanlılara qarşı törədilmiş qətliam yaşanıb. Həmin tarixdə Ballıqayada törədilmiş qətliam nəticəsində aralarında 6 azyaşlı uşaq, o cümlədən, 6 aylıq körpə və 93 yaşlı ahıl qadın da olmaqla 24 nəfər azərbaycanlı mülki şəxs amansızlıqla qətlə yetirilib. Əksəriyyəti uşaqlar, qadınlar və qocalar olan qətlə yetirilmiş şəxslərin bəzilərinin meyitləri yandırılıb. Qətliam nəticəsində 3 azyaşlı uşaq hər iki valideynini itirib.

Qətlə yetirilən və ağır bədən xəsarəti alan şəxslərin hamısı heyvandarlıqla məşğul olan mülki şəxslər, çobanlar və onların ailə üzvləri idi. Bu qətliam Ermənistan silahlı qüvvələri Xocavəndin Qaradağlı kəndində, Xocalı şəhərində, Kəlbəcərin Ağdaban kəndində Qarabağın azərbaycanlı əhalisini kompakt şəkildə məhv etmək məqsədi ilə törədilən silsilə kütləvi qırğın aktlarından biridir. Azərbaycana qarşı davam edən təcavüz fonunda Ermənistan tərəfindən törədilmiş müharibə, insanlıq əleyhinə cinayətlər və soyqırımı aktları insan hüquqları və beynəlxalq humanitar hüququn, xüsusilə 1949-cu il Cenevrə Konvensiyaları, Soyqırımı Cinayətinin Qarşısının alınması və Cəzalandırılması haqqında Konvensiya, Mülki və Siyasi Hüquqlar haqqında Beynəlxalq Pakt, İşgəncələrə və Digər Qəddar, Qeyri-insani, yaxud Ləyaqəti Alçaldan Davranış və Cəza növlərinə qarşı Konvensiya, İrqi ayrı-seçkiliyin bütün formalarının ləğv edilməsi haqqında Beynəlxalq Konvensiya, Uşaq Hüquqları haqqında Konvensiya və İnsan Hüquqlarının və Əsas Azadlıqların müdafiəsi haqqında Konvensiyanın ciddi şəkildə pozulmasıdır.

Qətliam zamanı mülki şəxslərə atıcı və ağır silahlardan, atəş açılmış, onların cəsədləri və şəxsi əşyaları yandırılıb. Bütün deyilənlər cinayəti törədən terrorçu dəstənin bilərəkdən mülki şəxsləri, o cümlədən qadınları və azyaşlı uşaqları hədəf aldığını, uşaqlar və qadınlar da daxil olmaqla bütün insanların öldürülməsinin onların əsas məqsədi olduğunu göstərir. Ballıqaya qətliamı zamanı beynəlxaq humanitar hüququn bir sıra əsas tələbləri kobud şəkildə pozulub. Mülki insanlar birbaşa hədəfə götürülmüş, öldürülmüş, bütün beynəlxalq hüquq normalarına və bəşəri dəyərlərə zidd olaraq azyaşlı uşaqlar, qadınlar və yaşlı insanlar qətlə yetirilib. 

Qeyd edək ki, Ballıqaya qətliamı ilə bağlı materiallar, maddi sübutlar və faktlar Azərbaycan Respublikası Hərbi Prokurorluğunun Memorial Soyqırım Muzeyində saxlanılır. Azərbaycan tərəfindən aidiyyəti beynəlxalq təşklilatlara və o cümlədən Ermənistana cinayətkarların tapılaraq ədalətə təslim edilməsi ilə bağlı müraciət edilməsinə baxmayaraq, bu günə qədər bu cinayət aktını törədən cinayətkarlar layiqli cəzasını almayıb. Dəfələrlə rəsmi Bakı dünya birliyini bu amansız qətliama biganə qalmamağa, cinayətkarların layiq olduqları cəzanı almasına yardım etməyə çağıran bəyanatlar verib. Lakin bu faciə hələ də beynəlxalq səviyyədə lazımı qiymətini almayıb.

Azər Nuriyev


Etiketlər:  Erməni vəhşiliyinin amansız üzü Ballıqaya qətliamı


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ