Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 30 Avqust 2021 13:00
Danışıqlar prosesi 30 ilə yaxın davam etdi, bunun heç bir nəticəsi olmadı. İndiki hadisələrin gedişatı, İkinci Qarabağ müharibəsindəki dövr və beynəlxalq güclərin hərəkətləri onu göstərir ki, bu məsələ heç vaxt danışıqlar yolu ilə öz həllini tapa bilməzdi.
Sonxeber.net AZƏRTAC-a istinadən bildirir ki, bunu Prezident İlham Əliyev Şuşada Vaqif Poeziya Günlərinin rəsmi açılışında çıxışı zamanı deyib.
Dövlət başçısı bildirib:
Şuşa işğala məruz qalandan sonra bütün tarixi abidələr, mədəni abidələr, o cümlədən Vaqifin məqbərəsi vandallar tərəfindən dağıdılmışdır. Şuşanın işğalı xalqımızın böyük faciəsi idi. Çünki Şuşa Azərbaycan mədəniyyətinin ocağıdır. Şuşanın Azərbaycan tarixində çox böyük rəmzi mənası var. Şuşa Qarabağın tacıdır. Şuşanın işğalından sonra digər rayonlar, digər şəhərlər işğala məruz qaldı. Çünki Şuşanın strateji əhəmiyyəti əlbəttə ki, bizim üçün itirilmiş oldu və düşmən bundan istifadə edərək, ondan bir neçə gün sonra - 1992-ci ilin mayında Laçını da işğal etdi. Ondan bir il sonra - 1993-cü ilin aprelində Kəlbəcəri işğal etdi və beləliklə, Dağlıq Qarabağ Muxtar Vilayəti ilə Ermənistan arasında coğrafi bağlantı yaradıldı. Bizim məğlubiyyətimizin qaçılmaz olması göz qabağında idi, nəzərə alsaq ki, o vaxt Azərbaycanda hərc-mərclik dövrü idi, nizami ordu yox idi, vətəndaş qarşıdurması baş vermişdi.
Şuşanın itirilməsi digər rayonların itirilməsinə təkan vermişdi. Ancaq biz Azərbaycan xalqı olaraq heç vaxt bu işğalla barışmaq fikrində deyildik. İşğal dövründə mən dəfələrlə deyirdim ki, biz heç vaxt bu vəziyyətlə barışmayacağıq, işğal edilmiş bütün torpaqları, o cümlədən Şuşanı nəyin bahasına olursa-olsun işğalçılardan azad edəcəyik.
Bildiyiniz kimi, danışıqlar prosesi 30 ilə yaxın davam etdi, bunun heç bir nəticəsi olmadı. İndiki hadisələrin gedişatı, İkinci Qarabağ müharibəsindəki dövr və beynəlxalq güclərin hərəkətləri onu göstərir ki, bu məsələ heç vaxt danışıqlar yolu ilə öz həllini tapa bilməzdi. Çünki bizi, azərbaycanlıları bu vəziyyətlə barışdırmaq istəyirdilər. Bu vəziyyəti, yəni, dondurulmuş münaqişəni alternativsiz bir variant kimi təqdim etməyə çalışırdılar. Bizim isə tam başqa fikrimiz var idi və mən bunu heç vaxt gizlətmirdim. Deyirdim ki, əgər məsələ sülh yolu ilə öz həllini tapmasa, biz öz ərazi bütövlüyümüzü müharibə yolu ilə bərpa edəcəyik. Beynəlxalq hüququn bütün norma və prinsipləri bu haqqı bizə tanıyır. BMT-nin Nizamnaməsi, BMT Təhlükəsizlik Şurasının qətnamələri, tarixi ədalət bu haqqı bizə verib. Biz buna nail olduq.