Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Koronavirusun fəsadları ilə üzləşməmək üçün profilaktik olaraq vaksinasiya aparılması tövsiyə edilir

Koronavirusun fəsadları ilə üzləşməmək üçün profilaktik olaraq vaksinasiya aparılması tövsiyə edilir

Tarix: 1 Sentyabr 2021 23:58

Son vaxtlar yeni növ koronavirus (COVID-19) infeksiyasına yoluxma saylarının bu cür artımı koronavirusun yeni ştamı ilə əlaqələndirilir. Şübhəsiz ki, "delta" ştamının daha çox yoluxucu olması infeksiyanın daha böyük auditoriyada yayılmasına səbəb olur. Dünyanın əksər ölkələrində olduğu kimi, Azərbaycanda da bu sahədə olan məhdudiyyətlərin yumşalması vətəndaşlarda arxayınlıq yaratdı. Hətta bəzi vətəndaşlar pandemiyanın bitdiyini, maska taxmağa, sosial məsafə, əl gigiyenası tələblərinə riayət etməyə ehtiyac olmadığını düşündülər. Təəssüf ki, ətrafımızda bu kimi məsuliyyətsiz davranışları çox müşahidə edirik. Belə hallar koronavirusun artım dinamikasına rəvac verir. Hazırda xəstəliyin yoluxma sürəti çox yüksəkdir. Lakin ümidsiz olmaq üçün də əsas görmürəm. Xəstəlik varsa, ona qarşı mübarizə tədbirləri də var. Virus mutasiyaya uğrayıb dəyişsə də, ondan qorunmaq üçün mübarizə davam edir. Digər tərəfdən ölkəmizdə çox sürətli vaksinasiya prosesi həyata keçirilir və əhalinin peyvəndləməyə marağı kifayət qədər yüksəkdir.

Sonxeber.net AZƏRTAC-a istinadən bildirir ki, bunu Səhiyyə Nazirliyinin İctimai Səhiyyə İslahatlar Mərkəzinin həkim-mütəxəssisi Könül İsmayılova deyib.

O qeyd edib ki, tibb tarixinə nəzər salsaq, istənilən infeksion, xüsusilə də virus xəstəliklərində profilaktika üçün həmişə vaksinasiya aparılıb: "Vaksinasiya prosesi heç vaxt birmənalı qarşılanmayıb, tərəddüdlər, etirazlar, tənqidlər və inamsızlıqlar yaşanıb. Yanlış, çaşdırıcı informasiyalar həmişə olub. Lakin indi internet resurslarının əlçatan olduğu bir dövrdə yaşdığımıza görə bunu etmək, daha asandır, dezinformasiya xarakterli məlumatlar asanlıqla yayılır. Qorxu hissi olanda yanlış informasiyalar daha tez qavranılır və cəmiyyət arasında inamsızlıq yaradır. Təbiətdə koronaviruslar ailəsi əvvəllər də mövcud olub. İndi mübarizə apardığımız isə yeni yaranmış koronavirusdur. Onun əleyhinə peyvənd hazırlanması üzərində cəmi bir ildir ki, iş gedir. Peyvəndin qısa müddətdə hazırlanması bəzən cəmiyyətdə müəyyən çaşqınlıq yaradır. Əslində isə texnologiyalar əsrində yaşayırıq və bir sıra proseslər əvvəlki illərdən fərqli olaraq daha sürətlə aparılır. Peyvəndlərin təhlükəsizliyinə dair tədqiqatlar davam edir. İsraildə aparılan tədqiqatın nəticəsinə görə, koronavirusa yoluxub sağalandan sonra peyvənd vurdurmaq daha yüksək səviyyədə qorunmaya səbəb olur. Müəyyən müddətdən sonra təkrar yoluxma mümkündür, çünki koronavirusa qarşı davamlı immunitet formalaşmır. Ona görə müəyyən müddətdən sonra təkrar peyvəndlənmənin aparılması məqsədəuyğundur. Hazırda tibb işçiləri və risk qrupunda olanların ikinci dozadan müəyyən müddət keçəndən sonra qüvvətləndirici doza qəbul edərək vaksinasiya olunması tövsiyə olunur".

Müsahibimiz daha sonra deyib: "Pandemiyaya kütləvi immunitet formalaşdıqda qalib gələ bilərik. Kütləvi immunitet ya xəstəliyi keçirib sağalaraq təbii immunitetin, ya da süni şəkildə, yəni xəstəliyin yüngül, cüzi simptomları hiss olunmaqla, yəni peyvəndlərin hesabına yaranan immunitetin formalaşması hesabına yarana bilər. Birinci halda hamı xəstələnir və bu zaman ağırlaşma və ölüm göstəriciləri çox olur. İkinci hal isə daha sərfəli və münasibdir. Ona görə də xəstəliyin fəsadları ilə üzləşməmək üçün profilaktik olaraq vaksinasiya aparılması tövsiyə edilir".


Etiketlər:  Koronavirusun fəsadları ilə üzləşməmək üçün profilaktik olaraq vaksinasiya aparılması tövsiyə edilir


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ