Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 11 Sentyabr 2021 20:04
Azərbaycan Boks Federasiyasının (ABF) iclası keçirilib.
Sonxeber.net ABF-nin saytına istinadən xəbər verir ki, Tokio-2020 Yay Olimpiya Oyunlarının yekunu və növbəti Olimpiya tsiklinə hazırlıqla bağlı təşkil olunan toplantıda qurumun vitse-prezidentləri Süleyman Mikayılovla Rövşən Hüseynov, baş katib Nağı Səfərov, bütün yaş qrupları üzrə milli komandaların məşqçilər korpusu, aparıcı klub və cəmiyyətlərin məşqçi-müəllimləri, həmçinin yığma üzvləri iştirak ediblər.
İclası giriş sözü ilə açan Mikayılov Azərbaycan boksçularının Tokio Olimpiadasındakı çıxışını dəyərləndirib. O komandanın Oyunlara 5 lisenziya qazanmasını yüksək qiymətləndirib: "Bu lisenziyaların koronavirus pandemiyası dönəmində əldə edildiyini nəzərə alsaq, bu, uğurdur. Çünki boksçularımız qaydalara əsasən 2020-ci ildə demək olar ki, hazırlıq keçmədilər. Yalnız zaldan kənarda fiziki məşqlərlə kifayətləndilər. Toplanışlarımız 2021-ci ilə təsadüf etdi. Düzdür, lazımi hazırlığı keçə bilməməyimizə baxmayaraq, biz "Tokio-2020"də daha çox medal gözləyirdik. Təmsilçilərimizdən Alfonso Dominqes fəxri kürsüyə yüksəldi. Amma digərlərinə baxdıqda, Tayfur Əliyevin vyetnamlı boksçu ilə döyüşünü hamı izlədi. İdmançımızın necə mübarizəni dayandırmasının və ya uduzdurulmasının şahidi oldunuz. Dünya çempionumuz Cavid Çələbiyev də eyni halla üzləşdi. Bir dəqiqə belə dayanmadı, amma hakim haqsızlığı səbəbindən yarışla vidalaşdı. Məhəmməd Abdullayevin isə püşkdə bəxti gətirmədi. Özbəkistanlı dünya çempionu ilə qarşılaşdı və rəqib təcrübəsi hesabına mərhələ adladı. Dominqes də finalın bir addımlığında büdrəyərək, bürünc medala sahib oldu. Onun da rəqibi çox titullu və təcrübəli idi. Yalnız Rio olimpiadasının gümüş medalçısı Lorenzo Sotomayor yaxşı işləmədi. Bunu da hamı gördü".
Vitse-prezident boksda Azərbaycanın Olimpiya tarixinin ən yüksək əyarlı medalçısı, Rio-2016-nın finalçısı olan Sotomayorun artıq milli yığmada çıxışını başa vurduğunu da açıqlayıb. O qeyd edib ki, Avropa Oyunlarında da 2 dəfə fəxri kürsüyə yüksələn 36 yaşlı idmançı artıq karyerasını başa vurub.
Ardınca növbəti Olimpiya tsikli ilə bağlı tapşırıqlarını verən Mikayılov məşqçilər və iclas iştirakçıları ilə fikir mübadiləsi də aparıb. O vurğulayıb ki, tituldan və addan asılı olmayaraq hansı çəki dərəcəsində aşağı yaş qruplarından gələn güclü boksçu varsa, sınaq döyüşlərindən sonra əsas heyət formalaşmalıdır: "Lakin bütün bunlara nəzarəti həmin yaş qrupları üzrə məşqçilər korpusu etməlidir. Mən onlara güvənirəm və inanıram ki, seçimlərini düzgün edirlər. Düzdür, bəzən hansısa söhbətlər yayılır. Amma birmənalı şəkildə deyirəm ki, Azərbaycan çempionatı ilə beynəlxalq yarışlar fərqlidir. Şahidi olduğum hadisəni söyləyirəm ki, ölkə çempionu olan bəzi boksçular xaricə çıxanda öz döyüşünü göstərə bilmirlər. Elə startdaca büdrəyirlər. Yaxud o, hazırlıq dönəmində 4-cü nömrəyə belə uduzur. Bu səbəblərdən baş məşqçilər düzgün seçim etməlidirlər. Uğurlarımızın daha da artacağına böyük ümid edirəm".
Federasiya rəsmisi komandalarımızla bağlı gələcək planlarını da açıqlayıb. O, məşqçi-müəllimlərə müraciət edərək deyib ki, hələlik çempionatlar keçirilmədiyindən hansının yığmaya layiq bildiyi boksçu varsa, həmin yaş qrupu üzrə baş məşqçiyə məlumat versinlər: "Qarşıda əsas yığmamızı dünya, gənclərdən ibarət millimizi isə Avropa çempionatı gözləyir. Böyüklərdən ibarət komandamız tezliklə hazırlığa başlayacaq. Danışıqlar aparırıq və istəyirik ki, Şamaxı Olimpiya İdman Kompleksini bir növ özümüz üçün bazaya çevirək. Həmçinin planlarımıza rayon və kəndlərdə yeni boks bölmələrimizin açılması daxildir. Bununla bağlı yeni gənclər və idman naziri Fərid Qayıbovla görüş də planlaşdırıram. Gənc boksçularımız isə artıq bugünlərdə yarışa yollanacaqlar".
Daha sonra çalışdırıcılar çıxış edərək, onları maraqlandıran suallara və problemlərin həllinə cavab alıblar.
ABF-nin baş katibi Nağı Səfərov isə komandamızın Olimpiadaya hazırlıq dönəmindən danışıb. O bildirib ki, ilin əvvəlində Beyləqanda başlayan məşqlər Olimpiadanın startı ərəfəsində İtaliyada yekunlaşıb: "Lakin etiraf etməliyik ki, pandemiya şəraitində məşqlər bəzən planlaşdırdığımız kimi olmadı. Boksçularımız son ildə cəmi 1 beynəlxalq turnirdə iştirak etdilər. Buna baxmayaraq, Olimpiada ənənəmizi davam etdirərək yenə medal qazandıq".
O, oktyabrda Serbiyanın paytaxtı Belqradda start götürəcək dünya çempionatı barədə də danışıb. N. Səfərovun sözlərinə görə, yeni qaydalara əsasən 13 çəki dərəcəsində gərgin keçəcək yarışın hazırlıqlarına tezliklə start veriləcək. Baş katib bəzi çəkilərdə sınaq döyüşləri üçün məşqçilərə müraciət edib: "Mundial yeni çəki dərəcələrində baş tutacaq. Bu səbəbdən də məşqçilər korpusunun üzərinə böyük yük düşür. Onlar kimin hansı çəkidə döyüşəcəyini müəyyənləşdirirlər. Məsələn, 48 kq-da hansı klubda güclü idmançılar varsa, sınaq görüşləri üçün çalışdırıcıya müraciət etsinlər. Bu digər çəkilərdə də istisna edilmir".
N. Səfərov sınaq görüşlərindən sonra Amin Kuşkov və Cəbrayıl Yelikovun da hələlik yığmalardan kənarda qaldığını qeyd edib. O vurğulayıb ki, bu boksçular Azərbaycan çempionatında özlərini göstərdikdən sonra yenidən düşərgəyə cəlb edilə bilərlər.
Sonda görüş iştirakçıları ölkə boksunun daha da inkişafı üçün müəyyən fikirlər səsləndiriblər. Problemlər müzakirə olunub, çıxış yolları barədə geniş müzakirələr aparılıb.