Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

''Elə 8 komandalı çempionata görə Avropada yaxşı oynadılar'' - Ramin Musayev

''Elə 8 komandalı çempionata görə Avropada yaxşı oynadılar'' - Ramin Musayev

Tarix: 19 Avqust 2019 15:44

Peşəkar Futbol Liqasının prezidenti Ramin Musayev Qol.az-ın suallarını cavabıandırıb.

- Artıq Premyer Liqamızda yeni mövsümə start verildi və üç oyun arxada qaldı. Çempionatın başlanğıcı ilə bağlı fikirlərinizi bilmək istərdik.

- Başlanğıc pis olmadı. İki oyunu canlı izləmişəm. Demək olar ki, bu il gərgin çempionat keçəcək.

- Hansı oyunlara əsasən bu fikrə gəlmisiniz?

- Mətbuatdan oxuyuruq ki, "Səbail" dağılır, oyunçular gedir. Bu qalmaqallı yazıları oxuduqca çempionatı keçirən bir qurumun rəhbəri kimi narahat olurdum. Ancaq "Səbail"in oyunu çox xoşuma gəldi. Eləcə də "Zirə" və "Keşlə"nin.

- Premyer Liqanın başlaması ilə 8 komandalı çempionatımızın rəqabətsiz olması ilə bağlı fikirlər də artdı. Bu yaxınlarda gələn mövsüm çempionatda 10 komandanın olacağını bildirmişdiniz. Bu, nə dərəcədə realdır, qeyri-rəsmi qərar artıq verilib, yoxsa söz olaraq qalır?

- Artıq qərar verilib. AFFA İcraiyyə Komitəsinin son toplantısında bu barədə danışıq oldu və qərara alındı ki, növbəti çempionatda 10 komanda olsun. 2020-2021 mösümü 10 komanda ilə başlayacaq.

- Elitanı tərk edən klub olmayacaq?

- Ola bilər ki, əlavə sponsorlar olsun və çempionatda sonuncu yeri tutan komandalar Premyer Liqanı tərk etsin. Əgər sponsor olmasa, yəqin ki, həmin komandalarla davam edəcəyik. Bunu danmağın, yalan danışmağın mənası yoxdur.

- Premyer Liqamız sponsorsuz başladı. Bu, PFL-ə necə təsir edir? Rəhbərlik etdiyiniz qurum maddi çətinliklə üzləşir?

- Düzdür, sponsorsuz bizə də çətindir. Ancaq hazırda vəziyyət o qədər də pis deyil. Yeni sponsorlarla danışıqlarımız gedir. Sözsüz ki, yerli şirkətlərimizlə çalışmaq bizə daha xoş olar. Öz şirkətlərimizi reklam etmək bizə daha yaxşı olar, nəinki xariciləri. Ancaq əgər yerli şirkətlərimiz maraq göstərməsə, məcburuq ki, xarici şirkətlərin müraciətini qəbul edək. Məsələ tam dəqiqləşmədiyi üçün danışıq apardığımız bu şirkətlərin adını çəkməyəcəm.

- Yeni sponsor məsələsi nə vaxt həllini tapacaq?

- Yəqin iki uzağı iki həftəyə müqavilə imzalanar.

- "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov son mətbuat konfransında Premyer Liqamızdakı gənc futbolçu limitindən gileylənib. O, limitlə bağlı çox çətinlik çəkdiklərini deyib. Bu limitlə bağlı dəyişiklik mümkündür?

- Limitlə bağlı qərarı tək biz vermirik. Əgər bir klubun limitlə bağlı problemi varsa, onda uşaq futboluna diqqət ayırmalıdırlar. Bunu tək Qurban müəllimin fikrinə görə demirəm. Bütün klublarımıza aiddir. Klubların öz yetirmələri olmalıdır ki, problemlə üzləşməsinlər. Uşaq futboluna nə qədər diqqət ayırsalar, bir o qədər ehtiyat oyunçularının sayı çox olar.

- Limitlə bağlı yaranan problemin kökündə uşaq futbolundakı çatışmazlıqları görürsünüz?

- Bəli.

- Sonda "Qarabağ" və "Neftçi"nin avrokuboklardakı çıxışı ilə bağlı fikirlərinizi bilmək istərdik.

- Hər iki komanda əvvəlcə bizi sevindirdi. "Qarabağ"ın APOEL-ə səfərdə 2:1 qələbən sonra burda 0:2 uduzmağı çox üzücü oldu. Yəni heç kim bunu gözləmirdi. Biz "Qarabağ"ın qələbələrinə alışmışıq. Ancaq futbolda istənilən nəticələr olur.

"Neftçi"yə gəldikdə isə "Arsenal" (Tula)  kimi  bir komanda "Neftçi"nin qarşısında büdrədi. Ancaq "Neftçi" isə "Arsenal"dan da zəif bir komanda ilə oyunda uduzdu. Məncə, komandaların arxayınlıqlarına görə belə oldu. Futbolçular düşündü ki, rəqibimiz güclü deyil, artıq mərhələni keçmişik. İdmanda belə şeylər olur. O vaxt mən "Neftçi"də çalışanda "Turan"ın maddi vəziyyət yaxşı deyildi. Onlara biz dəstək olurduq. Hətta futbolçuların maaşını biz verirdik ki, komanda çempionatda zəif çıxış etməsin. Həmin vaxt "Turan" bizi 2:1 uddu. Nəyə görə? Çünki futbolçularımız meydana arxayın çıxmışdı. Futbolda belədir.

- "Qarabağ" və "Neftçi"nin gözlənilən kimi çıxış etməməsinin səbəbləri kimi rəqabətsiz, yəni 8 komandalı çempionatımızın olmasını göstərənlər az deyil. Siz necə düşünürsünüz?

- Mən bu fikirlərlə razı deyiləm. Elə 8 komandalı çempionatımızın vaxtında klublarımız Avropada yaxşı çıxış etdilər. Bunları unutmaq lazım deyil. Hansı klub, sponsor gəldi ki, biz yox deyək. Əgər bu gün 8 komanda ilə çempionat keçirməyə məcburuqsa, bunu başqa cür hallandırmaq lazım deyil. Ancaq unutmayaq ki, "Qarabağ" və "Qəbələ" avrokuboklarda nailiyyət qazananda çempionatımızda 8 komanda olub. Qoy, keyfiyyətli 8 komanda olsun. Yadınızdadırsa, çempionatda komanda sayı çox olanda klublarımız avrokuboklarda mərhələ keçə bilmirdi. Amma artıq azarkeşlərimiz elə öyrəşib ki, klublarımız 2-ci mərhələdə dayananda çox  tənqid edirlər.

Ramiq AĞAMƏMMƏDOV

 


Etiketlər:  Elə komandalı çempionata görə Avropada yaxşı oynadılar Ramin Musayev


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ