Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Qeyri-sağlam qidalanma və oturaq həyat tərzi xroniki yorğunluğu yaradan əsas səbəblərdəndir

Qeyri-sağlam qidalanma və oturaq həyat tərzi xroniki yorğunluğu yaradan əsas səbəblərdəndir

Tarix: 26 Sentyabr 2021 22:06

Çoxsaylı müayinələrə və uzun müddət tətbiq edilən müalicələrə baxmayaraq daimi hiss edilən yorğunluq xroniki yorğunluq sindromu kimi qəbul edilir. Mütəxəssislərin fikrincə, xəstə təxminən 6 ay davamlı yorğunluqdan şikayətlənirsə və şikayətlərin səbəbini heç bir orqan və ya sistem patologiyası ilə izah etmək mümkün deyilsə, bu hal xroniki yorğunluq sindromu adlanır. Xəstəliyin digər adı gərginliyə qarşı dözülməzlik sindromudur. Həmin sindrom xüsusilə rejimsiz həyat tərzi ilə əlaqədar olaraq ortaya çıxır. Lakin bir sıra hallarda xəstə düzgün həyat tərzi keçirsə də, onun xroniki yorğunluğu davam edir və ya bu vəziyyət iş qabiliyyətinə olduqca mənfi təsir göstərir. Belə olan halda, xroniki yorğunluğa hansısa patoloji dəyişikliyin səbəb olduğu aydındır.

Sonxeber.net AZƏRTAC-a istinadən bildirir ki, endokrinoloq Gülay Məmmədova xroniki yorğunluğun səbəblərindən danışıb.

Həkim-endokrinoloq bildirib ki, xroniki yorğunluq müasir həyatın ən böyük problemlərindən biridir: "Xroniki yorğunluğun səbəblərini iki qrupa ayırmaq olar. Bu, həm qeyri-düzgün həyat tərzi ilə əlaqəli ola, həm də müxtəlif xəstəliklərin əlaməti kimi ortaya çıxa bilər. Bir sıra hallarda xroniki yorğunluğun əsas səbəbləri qeyri-sağlam qidalanma, xüsusilə sadə karbohidratlardan çox istifadədir. Bundan başqa, oturaq həyat tərzi, az hərəkətlilik və həddən artıq qəhvə istifadəsi də xəstəliyin başlıca səbəbləri arasındadır. Xroniki yorğunluqdan azad olmaq üçün gecə yuxusuna da diqqət etmək, vaxtında yatmaq və səhər tez oyanmaq lazımdır".

G.Məmmədovanın dediyinə görə, xroniki yorğunluğa səbəb olan xəstəliklərin bir qismi endokrin xəstəliklərdir: "Bunlara ilk olaraq qalxanvari vəzin xəstəliklərini, xüsusilə qalxanvari vəzin funksiyalarının azalmasını aid etmək olar. Həmçinin şəkərli diabet də xroniki yorğunluğu yaradan xəstəliklər arasındadır. Həmçinin böyrəküstü vəzin bəzi xəstəlikləri, mikroelement və vitamin çatışmazlığı da xroniki yorğunluğa səbəb ola bilər. Məsələn dəmir, vitamin B12 və vitamin D çatışmazlığı, qan azlığı xroniki yorğunluq sindromu yaradır. Xəstəliyin klinik gedişində həm əzələ, həm də sinir sistemi komponentləri yer alır. Ona görə də, xroniki yorğunluqdan əziyyət çəkənlər mütləq həkim müayinəsindən keçərək bunun səbəbini aydınlaşdırmalıdırlar. İstənilən halda, müalicəyə düzgün riayət edərək sindromdan azad olmaq mümkündür".


Etiketlər:  Qeyri sağlam qidalanma oturaq həyat tərzi xroniki yorğunluğu yaradan əsas səbəblərdəndir


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ