Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Prezident İlham Əliyev: Əgər görsək ki, Ermənistanda bizə qarşı hər hansı bir təhdid yaranır, biz o təhdidi məhv etməliyik

Prezident İlham Əliyev: Əgər görsək ki, Ermənistanda bizə qarşı hər hansı bir təhdid yaranır, biz o təhdidi məhv etməliyik

Tarix: 28 Sentyabr 2021 12:48

Biz strateji nöqteyi-nəzərdən gələcəyə barış prizmasından yanaşırıq.

Sonxeber.net AZƏRTAC-a istinadən bildirir ki, bunu Prezident İlham Əliyev Türkiyənin Anadolu Agentliyinə müsahibəsində deyib.

Dövlət başçısı bildirib:

"Biz müharibə bitər-bitməz vaxt itirmədən dərhal hərəkətə keçdik və bu, dövlətimizin gücünü göstərdi. Çünki bu işləri görmək üçün təkcə pul kifayət etməz. Çünki resurs olmalıdır, kadrlar olmalıdır, heyətlər olmalıdır, texniki imkanlar olmalıdır, səriştə olmalıdır. Biz bütün gücləri səfərbər etdik. Bu və digər məsələləri, məsələn, elektriklə bağlı olan məsələləri bu ilin sonuna qədər bitirəcəyik. Yəni, bütün bölgə elektriklə tam təmin ediləcək. Bildiyiniz kimi, yolların inşası da davam edir və sair.

Təbii, biz bunu, ilk növbədə, öz vətəndaşlarımız üçün edirik ki, bu bölgəni yenidən quraq və keçmiş məcburi köçkünlər tezliklə oraya qayıda bilsinlər. Artıq birinci belə pilot kənd layihəsi yəqin ki, bu ilin sonuna, ya gələn ilin əvvəlinə Zəngilan rayonunda hazır olacaqdır. Eyni zamanda, Ermənistan əhalisi də, Qarabağda yaşayan ermənilər də bunu görürlər. Çünki bizim televiziyalara baxırlar, bizim radioya qulaq asırlar və görürlər ki, burada nə kimi işlər görülür. Təsadüfi deyil ki, erməni xalqının nümayəndələri artıq bir neçə dəfə bizim Şuşadakı hərbi mövqelərimizə yaxınlaşıb rica etmişdilər ki, onları da bu işlərə cəlb edək. Çünki onlar orada işsiz-gücsüz qalıblar, işsizlik, səfalət və ümidsiz bir vəziyyətdədirlər. Biz buna müsbət baxırıq, ancaq gərək bunun hüquqi tərəfi tam yerinə otursun. Çünki mən demişəm, bir daha demək istəyirəm ki, biz orada yaşayan erməniləri öz vətəndaşlarımız sayırıq. Onlar Azərbaycan torpağında yaşayırlar, Qarabağ hər zaman Azərbaycan olub - istər sovet dönəmində, istər ondan əvvəlki dönəmdə, işğal dönəmində də Azərbaycan olub. Onları biz Azərbaycan vətəndaşları hesab edirik, sadəcə olaraq, onlar bunu qəbul etməlidirlər, onlar öz yaxalarını erməni təbliğatından qurtarmalıdırlar, onlar öz gələcəyini, öz uşaqlarının gələcəyini təmin etməlidirlər. Biz hazır olarıq ki, onları işlərə cəlb edək. Niyə də etməyək?

Biz strateji nöqteyi-nəzərdən gələcəyə barış prizmasından yanaşırıq. Çünki mən istəyirəm ki, bir daha müharibə olmasın. Hər halda biz müharibə başlamayacağıq, əgər Ermənistan tərəfdə revanşist meyillər baş qaldırmasa. Əgər görsək ki, Ermənistanda bizə qarşı hər hansı bir təhdid yaranır, biz o təhdidi məhv etməliyik. Bu, bizim legitim hüququmuzdur. Ancaq bu təhdid olmasa, bizim başqa fikrimiz yoxdur. Qarabağda 25 min erməni yaşayır, onlar da bu işlərdə iştirak edə bilərlər - həm inşaat işlərində, həm də bərpa işlərində. Eyni zamanda, gələcəkdə biz onların yaşadıqları yerlərdə, kəndlərdə onlar üçün şərait yaradarıq. İndi baxın, bizim Qarabağ və Şərqi Zəngəzurla bağlı planlarımız göz önündədir. Ağdam şəhərinin baş planı təsdiq edildi. Yaxın gələcəkdə Cəbrayıl və Füzuli şəhərlərinin, bütövlükdə rayonların baş planları təsdiq ediləcək. Bu, bizim gücümüzü göstərir və biz ermənilərin indi Qarabağda yaşadıqları kəndlərdə də bunu edə bilərik.

Mən Zəfərdən sonra bölgələrə onlarla səfər etdim və orada bəzi kəndlərdə, ermənilərin yaşadıqları kəndlərdə gördüyüm mənzərə məni dəhşətə gətirdi. Yəni, insana yaraşmayan bir vəziyyət. Bəzi kəndlərin evləri indi analiz edilir, evlərin 95 faizi yararsızdır, yəni, orada heç kimsə yaşaya bilməz, onlar sökülməlidir. Yəni, 30 il belə rəzil durumda yaşayan bir toplum təbii ki, işıq üzü görmək istəyir və işıq yalnız Azərbaycandan gələcək. Anlamaq lazımdır ki, onlar üçün də bu, o qədər də asan məsələ deyil. Burada psixoloji durum da nəzərə alınmalıdır. Ancaq biz hər halda xoş niyyət göstəririk və ümid edirəm, onlar anlayacaq ki, xoşbəxt gələcəkləri, rifahla dolu gələcək ancaq Azərbaycan dövləti ilə bağlıdır".


Etiketlər:  Prezident İlham Əliyev Əgər görsək Ermənistanda bizə qarşı hər hansı təhdid yaranır təhdidi məhv etməliyik


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ