Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 29 Sentyabr 2021 14:02
Xüsusi təyinatlı İlham Rəşidov Murovdağ uğrunda gedən döyüşdə şəhid olub
Sonxeber.net Real TV-yə istinadən bildirir ki, Vətən müharibəsi zamanı Azərbaycan Ordusunun ən çox fərqlənən və düşmənin canına qorxu salan birliklərindən biri də Xüsusi Təyinatlı Qüvvələr oldu.
Xüsusi təyinatlılarımız 44 günlük Vətən müharibəsində göstərdikləri əsl qəhrəmanlıq və peşəkarlıq nümunələri ilə adlarını təkcə Azərbaycanın deyil, dünya hərb tarixinə də əsl rəşadət örnəyi kimi yazdırdılar.
Müharibədə ən çətin əməliyyatlara cəlb olunan və bütün döyüşlərdən üzüağ çıxan xüsusi təyinatlılarımızın sıralarından neçə-neçə igidimiz Vətən uğrunda son damla qanına qədər döyüşərək şəhidlik zirvəsinə ucaldı. Belə igidlərimizdən biri də Xudat şəhər sakini, XTQ-in baş giziri şəhid İlham Rəşidovdur.
İlham Rəşidov 1983-cü ildə Türkmənistan Respublikasında doğulsa da orta məktəbi Xaçmaz rayonu Xudat şəhərində oxuyub. 2001-ci ildə hərbi xidməti bitirdikdən sonra Xüsusi Təyinatlı Qüvvələrdə kəşfiyyatçı kimi fəaliyyətə başlayıb. Şəhid kəşfiyyatçı Murovdağ silsiləsindəki Camışdağı zirvəsi, Sərsəng su anbarı istiqamətindəki vacib yüksəkliklərin azad olunmasında fəal iştirak edib. Vətən müharibəsində yaralı yoldaşlarını atəş altından çıxararkən yaxınlığında minaatan mərmisi partlaması nəticəsində şəhid olub.
Adını müasir tariximizə qızıl hərflərlə yazdıran İlham Rəşidovun 10 yaşında Dərya və 8 yaşında İlhan adında övladları yadigar qalıb.
Qeyd edək ki, 44 günlük Vətən Müharibəsində göstərdiyi şücaətinə görə, İlham Rəşidov Vətən uğrunda, İgidliyə görə və Kəlbəcərin azad edilməsinə görə medalları ilə təltif edilib.