Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 10 Oktyabr 2021 22:36
Döş qəfəsinin sol tərəfində və ya döş sümüyünün arxasında ağrı hissi ürək xəstəliklərinin əlaməti hesab edilir. Ürək nahiyəsində qəflətən yaranan kəskin ağrı sol qola və çənəyə keçə bilər. Bu zaman xəstəyə ilkin yardım göstərilsə də, ağrısı yüngülləşmirsə, mütləq həkimə müraciət etmək lazımdır. Ürək xəstəliklərinin daha bir əlaməti fiziki iş zamanı ortaya çıxır. Məsələn, ürək bölgəsində fiziki gərginlik zamanı yaranan və istirahət edərkən keçən sıxıcı ağrı həkimə müraciət etmək üçün göstərişdir. Başqa bir mühüm simptom isə təngnəfəslik və ya hava çatışmazlığıdır. Ayaqların şişməsi isə qeyri-spesifik əlamətdir, adətən axşam başlayır və səhərə qədər keçib gedir. Ürək xəstəliklərinin başqa bir əlaməti isə ritm pozulmalarıdır. Həmçinin huşun itməsi də ürək-damar xəstəliklərinin simptomlarından ola bilər.
Sonxeber.net AZƏRTAC-a istinadən bildirir ki, bunu invaziv kardioloq Emin Hacıbalayev deyib.
Həkim-mütəxəssis bildirib ki, ürək-damar xəstələrinin dərman qutusunda ağrikəsici, yüksək təzyiqi sürətlə aşağı salan dərman preparatları (hipertoniklər üçün), tromb yaranmasını zəiflətmək üçün aspirin olmalıdır: "Dərman qutusuna, həmçinin qan təzyiqini ölçən cihaz - tonometr və terapevt tərəfindən təyin edilmiş dərmanlar qoyulmalıdır. Nəzərə almaq lazımdır ki, bütün digər orqanlar kimi ürək də sağlam qidalanmanı sevir. Ona görə də, meyvə-tərəvəz, giləmeyvələr, göyərti balıq məhsulları, dənli bitkilərdən hazırlanmış yarmalarla qidalanmaq, su və digər mayelər qəbul etmək faydalıdır. Gündəlik 30-40 dəqiqəlik fiziki aktivlik, zərərli vərdişlərdən imtina etmək, normal yuxu rejimi və stresdən uzaq olmaq ürək üçün xeyirlidir.
Qeyri-sağlam qidalanma - konservləşdirilmiş məhsullar, yağlı, çox duzlu və qızardılmış qidalar, şirniyyat, boya və ətirverici maddələr qatılan ərzaqlardan istifadə ürək-damar xəstəliklərindən əziyyət çəkənlər üçün məsləhət deyil. Həmçinin, qeyri-aktiv və oturaq həyat tərzi, artıq çəki, siqaret çəkmək və alkoqollu içkilər ürəyin fəaliyyətini zəiflədir və ürək-damar xəstəliklərinə yol açır".