Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 30 Oktyabr 2021 03:06
Adi şüyüd və onun toxumları çox təsirli müalicəvi xüsusiyyətlərə malikdir. Məhz bu səbəbdən şüyüd və onun toxumları əczaşılıqda müxtəlif dərman preparataların tərkibində istifadə olunur.
Şüyüd xüsusilə mədə-bağırsaq sistemi üçün faydalıdır - iştahanı artırır, köplə mübarizə aparır, bağırsaqların fəaliyyətini yaxşılaşdırır, bağırsaqlara yüngül işlədici təsir edir.
Körpə uşaqlarda şüyüd suyu təsirli köpəleyhinə vasitə kimi istifadə olunur. Körpələrin əksəriyyəti həyatının təxminən 3-4-cü ayına kimi köpdən əziyyət çəkir. Hal hazırda bu problemi həll etmək üçün müxtəlif preparatlar satılır. Lakin ev şəraitində şüyüddən çox yaxşı tədii köpəleyhinə dərman hazırlamaq olar. Bunun üçün 1/2 çay qaşığı şüyüd toxumu 1/2 stəkan qaynar suda 30 dəqiqə ərzində dəmlənilir, yaxşı süzülür və gün ərzində 3-4 dəfə 1/2-1 çay qaşığı miqdarında uşağa verilir. Dəmləməni hər gün hazırlamaq lazımdır. Anaların əksəriyyəti bu vasitəni istifadə etdikdən sonra uşağın daha sakit və rahat olmasını, daha yaxşı yatmasını görür.
Şüyüd toxumu dəmləməsi tək uşaqlarda deyil, həm də böyüklərdə təsirli köpəleyhinə vasitə kimi istifadə oluna bilər.
Şüyüd antioksidant maddələrlə zəngindir, orqanizmi ziyanlı maddələrdən təmizləyir, "pis" xolesterinlə mübarizə aparır.
Şüyüd spazmolitik xüsusiyyətlərinə malikdir. Bağırsaq, mədə spazmı zamanı, spazmla bağlı olan baş ağrıları zamanı şüyüd toxumu dəmləməsi çox tez və yaxşı kömək edir.
Şüyüd toxumu həmçinin bəlğəmgətirici və iltihabəleyhinə xüsusiyyətlərə malikdir. Öskürək, bronxit zamanı 1 xörək qaşığı şüyüd toxumu 1 stəkan qaynar suda 1/2 saat ərzində dəmləyin (termosda dəmləmək daha yaxşıdır), yaxşı süzün və gün ərzində stəkanın 1/3 hissəsi olmaqla için. Qəbuldan əvvəl dəmləməyə 1/2 çay qaşığı bal əlavə edin.
Şüyüd toxumu dəmləməsi insanın sinir sisteminə də çox müsbət təsir edir - sakitləşdirir, yuxusuzluqla mübarizədə kömək edir, baş ağrıları azaldır.
Şüyüd həmçinin ödqovucu təsirinə malikdir, qara ciyərin fəaliyyətinə müsbət təsir edir.
Şüyüd toxumu dəmləməsi müxtəlif böyrək, sidik kisəsi, sidik yolları iltihabları zamanı çox yaxşı müalicəvi təsir edir. Bu dəmləmə xüsusilə sistit (sidik kisəsi iltihabı) zamanı tez-tez istifadə olunur. Şüyüd toxumu dəmləməsi sidikqovucu təsir edir, iltihabı azaldır. Təbii ki, vasitə əsas müalicə ilə yanaşı istifadə olunmalıdır.
Belə hesab olunur ki, şüyüd toxumu dəmləməsi analarda laktasiyanı (südün ifrazı) artırır. Bu səbəbdən şüyüd toxumunu analar üçün olan xüsusi südartıran çaylara daxil edirlər.
Sidikqovucu təsirinə malik olan şüyüd toxumu dəmləməsi həmçinin arterial təzyiqinin normallaşmasına kömək edir. Arterial hipertenziyadan (yüksək təzyiq) əziyyət çəkən insanlar bu dəmləməni əsas müalicə ilə yanaşı köməkçi müalicəvi vasitə kimi istifadə edə bilərlər.
Hamilə qadınlarda şüyüd toxumu dəmləməsi toksikoz zamanı istifadə olunur (ürəkbulanmasını azaldır). Həmçinin bu dəmləmə hamilə qadınları tez-tez narahat edən ödemlərin (şişkinlik) azalmasına kömək edir.