Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Vətən müharibəsi qazisi: Suqovuşanda ağır kəllə-beyin travması alsam da, sonacan döyüşdüm

Vətən müharibəsi qazisi: Suqovuşanda ağır kəllə-beyin travması alsam da, sonacan döyüşdüm

Tarix: 1 Noyabr 2021 22:02

Vətən müharibəsi qazisi Rafiq Mürsəlov ötən il başlayan Vətən müharibəsinə könüllü olaraq oktyabrın 1-dən qoşulub. Həmlə taborunda döyüşən Rafiq Tərtər Rayonun Suqovuşan qəsəbəsi uğrunda döyüşlərdə və Ağdərə istiqamətində postların alınmasında iştirak edib. Suqovuşanda minaatan mərmisinin yaxınlığına düşməsi nəticəsində yaralanıb kəllə-beyin travması alsa da, döyüşlərə davam edib. Sonra Qubadlı uğrunda gedən döyüşlərdə artilleriya bölməsinin tərkibində iştirak edib. Dekabrın əvvəlindən sonlarınadək Laçında xidmətini davam etdirən Rafiq qalib əsgər kimi ordu sıralarından tərxis edilib. Ölkə başçısının müvafiq Sərəncamı ilə "Suqovuşanın azad olunmasına görə" medalı ilə təltif olunub.

Mürsəlov Rafiq Ramiz oğlu 1986-cı il fevralın 27-də Bakı şəhərində anadan olub. 2004-2005-ci illərdə müddətli həqiqi hərbi xidməti Naxçıvanda "N" saylı hərbi hissədə ağır artilleriya briqadasında keçib.

Milli.Az bildirir ki, qazi AZƏRTAC-a müsahibəsində deyib: "Özüm əslən qarabağlı olmasam da, ürəyim hər zaman Qarabağla döyünüb. Hərbi xidmət dövründən hər zaman düşmənlə döyüşməyi arzulamışam. Düşmən təxribatları zamanı minlərlə vətəndaşımız kimi mən də dəfələrlə hərbi komissarlığa müraciət etmiş və ön cəbhəyə yollanmaq arzumu bildirmişəm. Ötən il iyulda ermənilərin təxribatı nəticəsində general-mayor Polad Həşimovun şəhid olması ön cəbhəyə getmək istəyimi daha da qətiləşdirdi. Erməni təcavüzkarlarına layiqli cavab verməyin vaxtı çatmışdı. Müharibə başlayanda da könüllü olaraq döyüşlərə oktyabrın 1-dən qoşuldum. Döyüş yolum Suqovuşan qəsəbəsinin azad edilməsi və Ağdərə istiqamətində postların düşməndən təmizlənməsi hərbi əməliyyatları ilə başladı. Səkkiz nəfər könüllü idik və həmlə taborunda döyüşürdük. Ən çətin neytral ərazilərdən şəhid və yaralıları çıxarırdıq. Suqovuşanda yaxınlığımıza minaatan mərmisi düşməsi nəticəsində ağır kəllə-beyin travması alsaq da, hospitala yerləşdirilməkdən imtina etdik. Dedik ki, ya sonacan gedəcəyik, ya da şəhid olacağıq. Hamımız sonacan döyüşdük. Müharibənin bitməsinə bir neçə gün qalmışdı. O zaman bölgü aparıldı və hərbi xidmət dövründə hansı bölmədə xidmət etdiyimizə uyğun təyinat aldıq. Mən hərbi xidmət dövründə artilleriyaçı olduğum üçün artilleriya divizionuna göndərildim. Həmin divizionun tərkibində Qubadlı istiqamətində döyüşlərdə iştirak elədim. Döyüşə-döyüşə Qubadlının Laçına yaxın kəndlərinə çatmışdıq. Düşmən ordumuzun qarşısında tab gətirə bilmirdi. Müharibə düşmənin kapitulyasiya aktına imza atması nəticəsində Zəfərimizlə bitdi. Bundan sonra dekabrın 1-dən 26-dək Laçında xidmətimi davam etdirdim. Sonradan isə tərxis olundum. Ən böyük arzularımdan biri Kəlbəcəri görməkdir. Ümid edirəm ki, tezliklə həmin cənnət bölgəni də görmək nəsibim olar".

Vətən müharibəsi qazisi dövlətin ona göstərdiyi qayğıdan məmnunluq ifadə edərək deyib: "Dövlət tərəfindən Sabunçu rayonunun Ramana qəsəbəsində üçotaqlı mənzillə təmin olundum. "YAŞAT" Fondu isə məişət şəraitinin yaxşılaşdırılması istiqamətində dəstək göstərib. Göstərilən diqqətə görə minnətdaram".

Milli.Az


Etiketlər:  Vətən müharibəsi qazisi Suqovuşanda ağır kəllə beyin travması alsam da sonacan döyüşdüm


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ