Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 23 Avqust 2019 15:04
Bakı. Trend:
AMEA Rəyasət Heyətinin təsisçisi olduğu beynəlxalq “Türkologiya” jurnalı növbəti dəfə beynəlxalq uğur qazanıb.
Azərbaycan Dillər Universitetindən Trend-ə verilən məlumata görə, jurnal ABŞ-ın nüfuzlu “EBSCO” beynəlxalq indeksləşdirmə təşkilatının bazasına daxil edilib.
Bununla bağlı məlumat verən jurnalın məsul katibi, filologiya üzrə fəlsəfə doktoru Elçin İbrahimov bildirib ki, “Türk dünyasının köklü və nüfuzlu elmi jurnallarından olan “Türkologiya” jurnalının məqsədi türkologiya elminin tarixinə və aktual problemlərinə, türk xalqlarının dillərinə, ədəbi və mədəni zənginliklərinə, türk dillərinin müasir vəziyyətinə dair Azərbaycan, türk, rus və ingilis dillərində yazılmış məqalələri səhifələrində əks etdirməkdir.
Son illərdə “Türkologiya” jurnalı beynəlxalq elmi mərkəzlərlə əlaqələrini daha da gücləndirib. Bu da öz bəhrəsini verib. Belə ki, bu ilin avqust ayında “Türkologiya” jurnalı EBSCO beynəlxalq indeksləşdirmə təşkilatının bazasına daxil edilib. EBSCO ABŞ-da (Masseçusets ştatında) fəaliyyət göstərən beynəlxalq indeksləşdirmə və istinad bazasıdır. EBSCO elmi məqalələri və onların çap olunduğu ədəbiyyatı – nüfuzlu jurnalları, sanballı kitabları öz məlumat bazasına daxil edərək dünyanın hər yerində həmin elmi materiallar haqda informasiya əldə edilməsini təmin edir. EBSCO 57 mindən çox elektron jurnalı və 1.2 milyon çox elektron kitabı istifadəçilərinə təqdim etməklə yanaşı, 360 mindən artıq dövri nəşrə abunə xidməti təşkil edir.”
Qeyd edək ki, bu, “Türkologiya” jurnalının ilk uğuru deyildir. Jurnal 2017-ci ildə MLA (Modern Language Association, New-York/USA), SAJI (Scholar Article Journal Index, Amsterdam/Hollandiya), SIS (Scientific Indexing Services, Texas/USA), TEI (Turkish Educational İndex, Ankara/Türkiyə), SOBİAD (Sosyal Bilimler Atıf Dizini, Elazığ/Türkiyə), 2018-ci ildə isə Almaniyada (Berlində) fəaliyyət göstərən COSMOS İMPACT FACTOR beynəlxalq indeksləşdirmə biblioqrafiyasına daxil edilmişdir.
Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin