Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 23 Avqust 2019 15:36
“İnanmıram ki, “Linfild” Bakıda yüksək oyun sərgiləsin. Onsuz da öz meydanındakı matçda da onların ifasında belə bir şey görmədik”.
Bu sözləri Qol.az-a futbol eksperti Aslan Kərimov Avropa Liqasının pley-off mərhələsinin “Linfild” – “Qarabağ” matçını (3:2) şərh edərkən deyib. O, rəqibin bəxtinin gətirdiyini söyləyib:
“Oyun 3:1 yekunlaşsaydı, narahat olmağa dəyərdi. Ancaq 90-cı dəqiqəyə əlavə olunmuş vaxtda penaltidən vurduğumuz qol bizi əməlli-başlı ümidləndirdi. Öz adıma deyə bilərəm ki, 7-8 qol epizodundan yararlana, bəzilərini düzgün tamamlaya bilmədik, bəzi zərbələrimiz dirəkdən qayıtdı. Bununla belə rəqib oyun ərzində cəmi 3 dəfə qapımıza tərəf hücum etdi. Bunlardan 2-si standart vəziyyətdən qolla nəticələndi. Üçüncü qol isə Abbas Hüseynovun ehtiyatsızlığından vuruldu. Bütün bunlara baxanda inanmıram ki, cavab oyununda rəqibin bəxti bu qədər gətirsin, yaxud “Qarabağ”da bu qədər şansı boşa versin. Ancaq hər şeyi bəxtin üzərinə də atmayaq”.
Aslan Kərimov Ağdam təmsilçisində qol epizodlarını dəyərləndirməyi bacaran hücumçunun olmamasını diqqətə çatdırıb: “Qarabağ” üçün hər zaman lazımi epizodlarda qol vuran ayağa ehtiyac var. Əgər dünənki oyunda belə oyunçu olsaydı, bir çox epizodu qolla tamamlaya bilərdik. Əminəm ki, bu rəqibi keçəcəyik. Cəzalı oyunçuların olması da matça bir qədər təsir göstərdi. Bununla belə cəzalıların yoxluğu fonunda “Qarabağ” dünənki oyunda rəqibin cərimə meydançasında minimum 4-5 yüz faizlik qol imkanı yarada bildi. Bu cür epizodları səfərdə rahatlıqla yarada biliriksə, doğma meydanda da edə bilərik. Üstəlik Bakıda keçiriləcək oyunda böyük ehtimalla isti hava amili də rəqibə təsir göstərəcək. Onların “Qarabağ” üzərində qələbə qazanması gözlənilməz idi. Düşünürəm ki, cavab oyununda hər şey “Qarabağ”ın lehinə işləyəcək”.
Qeyd edək ki, “Qarabağ” - “Linfild” matçı avqustun 29-da Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək.