Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 5 Noyabr 2021 22:57
Payızın xüsusilə ikinci yarısında həm xroniki xəstəliklər kəskinləşir, həm də müxtəlif virus infeksiyalarına yoluxma riskləri artır. Bu infeksiyalardan biri də suçiçəyidir. Suçiçəyinin xarakterik yayılma vaxtı payız-qış mövsümüdür və bu, dünyada ən çox yayılmış infeksiyadır. Onu törədən virus - Herpes viruslar ailəsinə aid olan Varisella-Zosterdir. Həmin virus yalnız insanlarda xəstəlik törədir və hava-damcı yolu ilə, nadir hallarda isə anadan bətnində olan uşağa ötürülür.
Sonxeber.net AZƏRTAC-a istinadən bildirir ki, bu fikirləri Mərkəzi Gömrük Hospitalının Pediatriya şöbəsinin rəisi, pediatr-neonatoloq-reanimatoloq Telman Aytayev payız-qış mövsümünün infeksion xəstəliyi olan suçiçəyi və ondan qorunma yolları barədə danışarkən deyib.
Həkim-mütəxəssis bildirib ki, suçiçəyi virusu sürətli yoluxduruculuq qabiliyyətinə malikdir: "Əgər kollektivdə kimsə bu virusa yoluxubsa, çox ehtimal ki, əvvəllər bu xəstəliyi keçirməyən qalan əməkdaşların 95 faizini də yoluxduracaq. Suçiçəyi xəstəliyinə daha çox 2 yaşdan yuxarı uşaqlar tutulur. Bəzən uşaq kollektivlərində bu infeksiya sürətlə yayıla bilir. Bu zaman virus həmin müəssisədə nəinki kiçik məsafələrlə (otaqdan otağa), həmçinin böyük məsafələrdə də (bir mərtəbədən o biri mərtəbəyə) sürətlə yayıla bilir.
Xəstəliyin ağırlaşması zamanı çox ciddi fəsadlar olur və bəzən hətta ölüm həddinə qədər gətirib çıxara bilir. Ona görə də həmin xəstəliyə qeyri-ciddi yanaşmaq olmaz. Düzdür, suçiçəyindən sonra orqanizmdə immunitet yaranır, amma bu xəstəliyi keçirən şəxslər bəzən fikir vermədikdə, dəridə xəstəliyin əlamətləri uzun müddət qala bilir. Suçiçəyinə sadə infeksiya kimi yanaşmaq olmaz. Həmin xəstəliyə yoluxmuş şəxs mütləq yataq rejimində olmalıdır. Soyuqdəymə və digər infeksiyalardan mütləq qorunmaq lazımdır".
T.Aytayevin dediyinə görə, suçiçəyinə yoluxmuş xəstələrin əksəriyyəti onu yüngül keçirir, lakin immuniteti zəif olan yenidoğulmuşlar, yeniyetmələr və bəzi yaşlı insanlar üçün suçiçəyi ağır xəstəlik kimi fəsadlar yarada bilir: "Virus orqanizmə yuxarı tənəffüs yolları vasitəsilə daxil olur. Bədənin temperaturu qalxan zaman səpkilər yaranmağa başlayır. Səpki əvvəlcə üzdə, başın tüklü hissəsində yaranır, sonra bədənin başqa yerlərinə yayılır. Bu səpki yox oluncaya qədər vanna qəbul etmək olmaz. Suçiçəyindən qorunmağın ən yaxşı yolu peyvənddir. Suçiçəyinə qarşı peyvəndin vurulmasının məqsədi infeksiyanın ağır keçməsinin profilaktikası və immuniteti formalaşdırmaqdır. Uşaqlara bir yaşdan sonra vaksinasiya icazə verilib. Hamiləliyi planlaşdıran qadınlar da peyvənd oluna bilər".