Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 6 Noyabr 2021 21:32
Peptik xoralar əsasən qida borusunun aşağı 1/3-də, mədə və 12 barmaq bağırsaqda rast gəlinir.
Bundan əlavə nazik bağırsağın digər şöbələrində, bağırsaqda olan Meckel divertikulunda və əvvəllər mədədən əməliyyat keçirmiş şəxslərdə cərrahi anastomoz bölgəsində görülə bilir.
Günümüzdə peptik xoraların əsas yaranma səbəbi insan orqanizminə alimentar yolla (ağız vasitəsilə) düşən "helicobacter pylori" deyilən mədə bakteriyasıdır. Bu bakteriya mədədə ifraz olunan turşu və peptik faktorun artmasına səbəb olur ki, bu da mədədə yara riskini artırır. Bəs digər hallarda bu faktorlar niyə yara əmələ gətirmir? Çünki mədə yarasının əmələ gəlməsi üçün tək turşuluğun artması kifayət deyil! Gərək mədənin divarında buna şərait yaranmış olsun, divar tamlığı pozulsun. Buna səbəb isə mədə qoruyucu faktorların azalmasıdır.
Mədənin selikli qişasını qoruyan faktorlar bunlardır:
- Selik təbəqəsi
- HCO3 (bicarbonatlardan ibarət qələvi mühit )
- Selikli qişanın qan təchizatı
- Regenerasiya (hüceyrə yenilənməsi)
- Endogen prostaqlandinlər (PG E2 )
Bu faktorların azalması, turşuluğun isə artması mədə yarasına səbəb olur.
Mədə yaralarının ikinci bir səbəbi isə "iltihab və laxtalanma əleyhinə olan" bəzi dərmanlardır (aspirin və s.). Bu dərmanların qəbulu mütləq həkim nəzarətində olmalı, ehtiyac varsa yanaşı olaraq mədə qoruyucu dərmanlar qəbul etmək lazımdır!
12 barmaq bağırsağı yarası isə əsasən aşağıda sadalayacağımız aqressiv faktorların artması səbəbindən yaranır:
- Helicobacter pylori bakteriyası
- Stress
- Digər səbəblər
Peptik xora xəstəliyindən qurtulmaq üçün mütləq səbəbi araşdırmaq və aradan qaldırmaq lazımdır!
Dr.Terlan Qasımov