Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Qançırlar tez-tez əmələ gəlirsə...

Qançırlar tez-tez əmələ gəlirsə...

Tarix: 9 Noyabr 2021 21:30

Qançırların əsas səbəbi travmalardır. Travma (zərbə, sıxılma və s.) nəticəsində kapilyarlar, bəzən kiçik damarlar partlayır ki, nəticədə dərialtı qanaxma inkişaf edir, hematoma əmələ gəlir.

Bəzi dərman preparatlarının qəbulu kapilyarların divarlarını daha keçirici edir ki, qançırlar hətta çox zəif zərbə və ya sıxılmadan sonra əmələ gəlir.

Qadınlarda qançırlar kişilərlə müqayisədə daha tez-tez əmələ gəlir. Qollarda olan qançırlar daha tez, ayaqlarda isə daha gec yox olur.

Qançırlarla hər bir insan üzləşir. Əksər hallarda biz buna fikir vermirik və hətta qançırın səbəbini xatırlamırıq. Yalnız qançır görünən yerdə (açıq dəridə) olduqda bu bizim üçün kosmetik problemə çevrilir.

Lakin bilmək lazımdır ki, qançırlar tez-tez əmələ gəlirsə, bu orqanizmdə olan bəzi pozulmaların simptomu ola bilər.

Belə ki, qançırların səbəbləri daxili və xarici ola bilər:

Xarici səbəblərin arasında: zərbə, sıxılma, inyeksiya, kəllə-beyi travmaları, donvurma.

Düzgün həyata keçirilməmiş (inyeksiya üçün yer düzgün seçilməyib, inyeksiya dərin vurulmayıb və s.) əzələdaxili inyeksiya nəticəsində qançır əmələ gələ bilər. Bu həmçinin insan inyeksiya zamanı gərgin olduqda, əzələni sıxdıqda mümkündür.

Ağır kəllə-beyin travmaları zamanı xəstənin gözlərinin altında qançırlar əmələ gəlir. Buna tibdə "eynək simptomu" deyilir. Adətən qançırlar hər iki gözün altında, bəzən isə bir gözün altında əmələ gələ bilər.

Bu simptom tək travma nəticəsində deyil, çox yüksək arterial təzyiq, burun, alın travması, bəzi xəstəliklər zamanı inkişaf edə bilər.

Qançırların tez-tez əmələ gəlməsi bəzi xəstəliklər və pozulmalar zamanı mümkündür. Bu pozulmalar arasında:

- qanın laxtalanma sisteminin xəstəlikləri (hemofiliya - nadir irsi xəstəlik, trombositopeniya). Qanın pis laxtalanması qançırların tez-tez əmələ gəlməsinə səbəb olur. Qanın laxtalanma sistemi orqanizmi müdafiə edir. Qanaxma inkişaf etdikdə xüsusi qan hüceyrələri damarı bağlayır və qanaxma kəsilir (söhbət, təbii ki, kiçik damarlardan gedir). Laxtalanma funksiyası pozulduqda qanaxma daha uzunmüddətli olur ki, qançırlar daha iri olur, gec yox olur.

Bəzi dərman preparatların uzun müddət ərzində qəbulu qanın laxtalanmasını azaldır ki, nəticədə bu insanlarda da qançırlar tez-tez əmələ gəlir. Bu dərmanlar arasında - aspirin, heparin və bəzi digərləri.

- bəzi xəstəliklər zamanı (varikoz xəstəliyi, bəzi autoimmun xəstəliklər) kapilyarların divarları zəif və keçirici olur. Bu isə damarların tez partlamasına və qançırların əmələ gəlməsinə səbəb olur.

- qanın onkoloj xəstəlikləri, qara ciyər sirrozu da qançırların tez-tez əmələ gəlməsinə səbəb olur.

- bəzi endokrin sistemi xəstəlikləri zamanı laxtalanma sistemində pozulmalar yaranır və damarlar zəifləyir. Bu da qançırlara səbəb olur.

- hipo- və avitaminoz damarların vəziyyətinə mənfi təsir edir. Xüsusilə bu orqanizmdə C, K, P, fol turşusu kimi vitaminlərin çatışmazlığı zamanı mümkündür.

Beləliklə, qançırlara kiçik kosmetik defekt kimi baxmaq olmaz. Əgər qançırlar çox iri olur, tez-tez və hətta çox yüngül zərbədən sonra əmələ gəlirsə, mütləq həkimə müraciət etmək lazımdır.

Milli.Az


Etiketlər:  Qançırlar əmələ gəlirsə


RƏYLƏR

OXŞAR XƏBƏRLƏR