Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Azərbaycan milyonluq ordunun tərkibində - Türk dünyası üçün yeni era

Azərbaycan milyonluq ordunun tərkibində - Türk dünyası üçün yeni era

Tarix: 12 Noyabr 2021 17:42

"Türkdilli dövlətlər arasında əməkdaşlığın inkişafı Azərbaycanın xarici siyasətinin prioritet istiqamətlərindən birini təşkil edir. Türkdilli dövlətləri ortaq soy-kök, tarix, mədəniyyət və milli dəyərlər birləşdirir ki, bu da ökələrimizin qarşılıqlı səmərəli fəaliyyəti və əməkdaşlığı üçün bazis rolunu oynayır". 

Bunu Milli.Az-a açıqlamasında siyasi şərhçi Ceyhun Əhmədli deyib.

 O bildirib ki, Azərbaycanın Türk Şurasına sədrliyi ölkəmiz üçün olduqca tarixi bir dövrə təsadüf etdi:

"Azərbaycan türkdilli ölkələr arasında güclü siyasi təşkilatlanmanın hər zaman tərəfdarı olmuş və bu prosesdə lokomotiv rolunda çıxış etmişdir. Nəzərə alaq ki, türkdilli dövlətlər arasında əməkdaşlığın təsisatlanmış yeni formatı 2009-cu ilin oktyabrında türkdilli dövlət başçılarının Naxçıvan Zirvə görüşündə yaradılmışdır. Başqa sözlə, təşkilatın fəaliyyətində yeni inkişaf yolu öz başlanğıcını Naxçıvan sammitində götürmüşdür. Həmin zirvə toplantısında Prezident İlham Əliyevin ifadə etdiyi fundamental fikirlər bu gün Türk Şurasının inkişaf strategiyasının əsas konturlarını təşkil edir.

Azərbaycan iki il ərzində Türk Şurasına uğurla sədrlik etmiş, sədrliyi dövründə təşkilatın fəaliyyətinin gücləndirilməsinə, türkdilli ölkələr və xalqlar arasında dostluğun, qardaşlığın və əməkdaşlığın daha da möhkəmləndirilməsinə böyük töhfələr vermişdir. 2019-cu il oktyabrın 15-də Türk Şurasının Bakıda keçirilən Yeddinci Zirvə Görüşündən sonra Azərbaycan təşkilata sədrliyi üzərinə götürmüşdür. Azərbaycanın sədrliyinin COVİD-19 pandemiyası dövrünə təsadüf etməsinə baxmayaraq, türkdilli dövlətlər arasında həm ikitərəfli, həm də çoxtərəfli səviyyələrdə dostluq və əməkdaşlıq əlaqələrinin daha da möhkəmləndirilməsi, habelə Türk Şurasının dünyada nüfuzunun daha da artırılması istiqamətində səylər göstərdi.

Azərbaycanın Türk Şurasına sədrliyi ölkəmiz üçün olduqca tarixi bir dövrə təsadüf edib. Azərbaycan 44 günlük Vətən müharibəsində qələbə qazanaraq öz ərazi bütövlüyünü bərpa edib. Müharibə dövründə türkdilli dövlətlərin xalqları da Azərbaycan xalqına dəstəyinin ardıcıl olaraq ifadə ediblər. Əminliklə deyə bilərik ki, Azərbaycanın Zəfəri Türk dünyasında birliyin və həmrəyliyin daha da gücləndirilməsində mühüm rol oynayıb.

Azərbaycanın beynəlxalq hüquqa və ədalətə əsaslanan mövqeyi Türk Şurası Katibliyi tərəfindən davamlı olaraq birmənalı dəstəklənib, 2020-ci ilin iyul ayında Ermənistanın Azərbaycanla dövlət sərhədi boyu Tovuz rayonu istiqamətində törətdiyi təxribat barədə, 44 günlük müharibə dövründə Azərbaycanı dəstəkləyən, Ermənistan  tərəfindən Gəncə və Bərdə şəhərlərinin raket atəşinə tutulmasını qınayan bəyanatlar verilib.

Türk Şurası heyətinin 2020-ci il oktyabrın 20-də Ermənistan tərəfindən raket atəşinə məruz qalmış Gəncə şəhərini ziyarət etməsi diqqətəlayiq hadisədir. Eyni zamanda, 2021-ci ilin yanvar ayında Türk Şurası, TÜRKSOY və Türk Mədəniyyəti və İrsi Fondunun nümayəndələri işğaldan azad edilmiş Ağdam və Füzuli rayonlarını ziyarət etmiş, düşmən tərəfindən işğal edilmiş ərazilərimizdə onilliklər ərzində törədilmiş vəhşi əməllərin nəticələri ilə əyani şəkildə tanış olmuşlar. Bundan başqa, Türk Şurası Azərbaycanın mədəniyyət paytaxtı olan Şuşanın 2023-cü ildə Türk dünyasının mədəniyyət paytaxtı elan edilməsi təşəbbüsünü irəli sürüb.

Türk Şurasına üzv ölkələrdə hazırda 160 milyona yaxın əhali yaşayır və bu çox böyük bazardır. Regionda həyata keçirilən beynəlxalq və regional layihələr ölkələrimiz arasında bağlılığa öz töhfəsini verməkdədir, lakin Zəngəzur dəhlizinin açılması ilə bu bağlılıq daha da artacaq, əməkdaşlığımıza yeni bir nəfəs qatacaq, üzv ölkələr arasında yük və sərnişin daşımalarının həcminə müsbət məcrada təsir edəcəkdir. Eyni zamanda, inteqrasiya prosesləri və mexanizmləri insanlarımız arasında da təmasların intensivləşməsinə səbəb olacaqdır".

Təhməz Əsədov
Milli.Az


Etiketlər:  Azərbaycan milyonluq ordunun tərkibində Türk dünyası üçün yeni


RƏYLƏR