Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 13 Noyabr 2021 19:08
Rusiyanın Rostov vilayətinin Aksay rayonunda dörd iri ticarət mərkəzinin ( o cümlədən bir çox digər aktivlərin) sahibi olan azərbaycanlı oliqarx Kərim Babayev bir neçə aylıq axtarışdan sonra bu günlərdə həbs edildi. Xəbər verildiyi kimi, bu ilin aprel ayında Federal Təhlükəsizlik Xidmətinin əməkdaşları Kərim Babayevin iki oğlunu və Aksay rayonunun başçısı Vitali Borzenkonu həbs etmişdi. Onlar mütəşəkkil cinayətkar qruplaşma halında çirkli pulların yuyulmasında, dövlətə məxsus torpaq sahəsinin qanunsuz ələ keçirilməsində və orada qanunsuz olaraq ticarət mərkəzləri yaratmaqda ittiham olunurdular.
Sonxeber.net virtualaz.org-a istinadən bildirir ki, hərçənd Kərim Babayevin biznes imperiyası V.Borzenkonun himayəsi ilə artıq 20 ildir fəaliyyət göstərirdi və nəyə görə FTX bu işlərin qanunsuz olduğunu yalnız indi görüb, bu qaranlıq qalırdı.
İndi KİV-lər xəbər verirlər ki, Aksay rayonunda "AqroMoll" adlı yeni ticarət mərkəzi tikilməkdədir və həmin ticarət mərkəzi Kərim Babayevin bağlanan bazarlarının yerini tutacaq. Tikintiyə 2.5 milyard rublun xərclənməsi nəzərdə tutulur.
Bazarın tikildiyi ərazi "Vertikal" MMC adlı şirkətə məxsusdur, həmin şirkətin təsisçisi haqda məlumat demək olar ki, yoxdur. Təsisçi kimi 30 yaşlı yerli sakin Nikita Denisov göstərilir. Hərçənd ortadakı böyük pulların əsl sahibinin başqaları olduğu şübhə doğurmur.
Versia.ru portalı yazır ki, ola bilsin "AqroMoll"un tikintisinə qoyulan pullar on illərdir Aksay rayonunda ticarətçilərdən haqq yığan kriminal qruplaşmaya məxsusdur. Bazarın direktoru kimi Samir Əhmədov adlı azərbaycanlı göstərilir. Onun barəsində bələdiyyə vəsaitlərinin mənimsənilməsi ilə bağlı cinayət işi var. Samir Əhmədovun Pərviz Bayramov adlı digər azərbaycanlı ilə əlaqəli olduğu bildirilir, sonuncu isə meyvə-tərəvəz ticarəti ilə məşğul olan sahibkarlara qarşı soyğunçuluq həyata keçirməsi şübhəsi ilə hüquq-mühafizə orqanlarının diqqətini cəlb edib. İstisna edilmir ki, yeni bazarı tikənlər həm də Kərim Babayevlə ortaqdır.
Kərim Babayevin əvvəlcə Azərbaycana qaçdığı deyilirdi, lakin noyabrın 9-da onu Rostovda tapıb həbs etdilər və barəsində 2 aylıq həbs qətimkan tədbiri seçdilər. O, Rostov vilayətinin ən zəngin adamı hesab edilirdi.