Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Bəlkə Şoyqunun telefon nömrəsini bloklayaq?

Bəlkə Şoyqunun telefon nömrəsini bloklayaq?

Tarix: 17 Noyabr 2021 10:14

Ermənistanın bu təxribatları törətməkdə əsas məqsədi hamı üçün maraqlıdır. Vətən Müharibəsində 10 min kv.km ərazi itirən erməni ordusuna heç olmasa kiçicik bir mövəffəqiyyət qazanmaq lazım idi ki, Paşinyanın danışıqlarda əlini bir az gücləndirsin. Bu da mümkün olmadı, əksinə erməni ordusu ciddi ərazi və şəxsi heyət itkilərinə məruz qaldı. Ermənistanın dünən verdiyi itkilər 15 ölüdən, 12 əsirdən, onlarla yaralıdan ibarət oldu. Bunu erməni tərəfi rəsmi olaraq təsdiqləyib. İşğalçı ordunun 5 ədəd zirehli texnikasının məhv edildiyi ehtimal edilir. Real rəqəmlər isə həmişəki kimi daha böyük olacaq. İki strateji mövqe isə qəhrəman Azərbaycan Ordusunun nəzarətinə keçib. Bizim də bu döyüşlərdə itkimiz olub. Şəhidimiz də var. Allah cəmi şəhidlərə rəhmət eləsin, yaralananlara şəfa versin! YASAT fondu yardıma, xalqımız isə Şəhidimizin dəfninə hazırlaşır, amma hələ də Müdafiə Nazirliyi bu xəbəri təsdiqləməyib. Əgər bu xəbər həqiqətə uyğun deyilsə təkzib edin, uyğundursa təsdiq edin. Axırı nəsə edin. İndi isə yenə biriləri başlayacaq ki, rəsmi olmayan xəbəri yaymayın. O zaman rəsmi xəbəri vaxtında verin ki, düşmənin yaydığı dezinformasiyaya yer qalmasın. Hər birimizə gün kimi aydındır ki, döyüş itkisiz olmur. Hücum edən tərəf üçün yaralı və həlak olanlar barədə məlumat verməsi, geri çəkilən tərəf ilə müqayisədə daha asan olmalıdır. Siz suduqca düşmən itkilərimizi artırmaqla məşğuldur. 
 
Nikolun danışıqlarlarda güclənməli olan əli, bu dəfə də fasiləsiz olaraq Putini yığmaqla məşğul oldu. Yenə şikayət etdi, yenə yalvardı, yenə Şoyqu Z.Həsənova zəng etdi və rus nazir növbəti dəfə erməninin başını "Dəmir Yumruq" zərbəsindən qismən qoruya bildi. Nədənsə Qarabağdan erməni silahlısının çıxarılmasında və ya sərhədlərin təyin edilməsində Şoyqu bu qədər canfəşanlıq göstərmir. Hər dəfə erməni ordusu çətin vəziyyətə düşən kimi Rusiya müdafiə nazirliyi əl ayağa düşür və vəziyyət sabitləşir. 2016-cı ildə də belə olmuşdu. Aprel Müharibəsinin Rusiyanın təklifi ilə dayandırılmasını Real.Tv-də şərh edən Z.Həsənov belə bir ifadə işlətmişdi: "2016-cı ildə Azərbaycan ordusunun kiçik bir hissəsi Ermənistan ordusunu 3 gün ərzində darmadağın etdi. Məcbur olub səfərbərlik elan etdilər. Səfərbərlik nə zaman elan olunur?! Ordunun gücü tükənəndə... Qocaları yığır, toy-bayramla göndərir. Nə oldu? Qaçdılar dərhal öz "yiyə"lərinin yanına ki, "qoymayın qırırlar". Lakin mən inanmıram ki, ikincidə bunların "yiyə"ləri bunların arxasında dayana bilsin". Son cümlədən görünür ki, Z.Həsənov rus-erməni münasibətlərinin dəyərləndirilməsində bir qədər yanılıb. Cənab nazir, Ermənistanı Azərbaycan qarşı silahlandıran Rusiyadır. Azərbaycan ərazilərində erməni dövlətini yaradan Rusiyadır. Ermənistanı türklərə qarşı kıskırdan da Rusiyadır. Ona pulsuz, bizə ikiqat baha silah göndərən də Rusiyadır. Xocalı və 20 yanvar qətliamlarını törədən də Rusiyadır. Rusiya 200 ildir ki, erməni ilə eyni yataqda yatır. Odur ki, ikincidə, üçüncüdə yaxud da yüzüncüdə ermənilərin "yiyə"ləri onların arxasında dayanacaq, yəni rus daim erməninin yanında olacaq. 
 
Nəzərə alsaq ki, sülh müqaviləsi hələ imzalanmayıb, erməni təxribatları hələ uzun müddət davam edəcək. Qəhrəman Əsgərimiz hər dəfə ermənini itkilərə məruz qoyub ərazimizdən qovacaq, deməli Şoyqu (yaxud onu gələcəkdə əvəz edən şəxs)  erməni əsgərini xilas etmək üçün Z.Həsənova (yaxud gələcəkdə onu əvəz edəcək şəxsə) hələ çox zəng edəcək. Bəs bunun qarşısını necə ala bilərik? 
 
Təklif edirəm ki, erməni təxribatlarına cavab əməliyyatına başlayan kimi cənab Zakir Həsənov Şoyquya verdiyi nömrəsini daşıyan telefonu dərhal söndürsün, ən yaxşısı isə Şoyqunu bloklasın. Mümkün olmasa nömrəsini dəyişsin və kolleqasına nömrə verməsin. Digər açıq və məxfi rabitə kanalları ilə gələn zənglərə köməkçisi "döyüşləri idarə edir, ərazidədir" kimi yayındırıcı cavab verməklə prosesi bir neçə gün uzatsın. Onsuz da Şoyqunun zəngindən Azərbaycana heç bir zaman bir qəpiklik xeyir gəlməyib. Şoyqu hərbi rəhbərlərdən kiməsə zəng vurub ermənini müdafiə etmək istəyəndə, Siz də rus sülhməramlılarının terrorçunu seperatçılara verilməsinin səbəbini və ya nüvə başlığı daşıya bilən "İskəndər-M" taktiki raketinin Ermənistana gizlin verilməsinin detallarından danışın. Ona anladın ki, "hərənin dərdi özünə görə dəvə boyadadır".  Bəlkə Şoyqu erməni əsgərini tam əzilməkdən xilas etmək xatirinə bu məsələlərə müsbət reaksiya verdi. Mümkün olsa bu mövzuda aldığınız cavabları bizimlə də bölüşün. Z.Həsənov artıq 5 ildir ki, Şoyqunun zənginə anında reaksiya verirsə, o zaman ərazilərimizin 32 illik işğalı barədə kəlmə kəsməyən Şoyqu da Azərbaycanı narahat edən suallara gec də olsa cavab verməlidir. 

Ədalət Verdiyev, hərbi ekspert, Moderator.az 


Etiketlər:  Bəlkə Şoyqunun telefon nömrəsini bloklayaq


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ