Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 25 Noyabr 2021 14:21
Azərbaycan, Ermənistan və Rusiya liderlərinin Soçidə üçtərəfli görüşü ərəfəsində Ermənistanın baş naziri Nikol Paşinyan ölkəsinin auditoriyasına hesablanmış bəyanatlarla çıxış etdi. Ermənistan baş nazirinin "Facebook" hesabından söylədiyi fikirlər kifayət qədər təzadlılığı ilə diqqət çəkdi. Bu açıqlamalar zamanı onun Rusiya tərəfindən ciddi tənbeh olunduğu açıq hiss edilirdi.
Ermənistan Soçi danışıqlarına nə ilə gedir?
Ermənistan baş naziri xalqa müraciətində əslində Soçi görüşündə müzakirə ediləcək məsələlərin "paketini" ortaya qoydu. Paşinyan eyni zamanda bununla öz ölkəsində bir nəbz yoxlaması apararaq, hansı məsələyə reaksiyaların necə olacağını öyrənməyə çalışdı. Əslində erməni baş nazirin daxili auditoriyası üçün bu fikirlərini kifayət qədər cəsarətli adlandırmaq olar. Çünki Paşinyan bu vaxta qədər etmədiyini etdi. Belə ki, o, Soçi görüşündən əvvəl bir sıra məsələlərlə bağlı konkret mövqe nümayiş etdirmiş oldu.
Erməni baş nazirinin müraciəti zamanı ən diqqətçəkən açıqlamalardan biri Ermənistan və Azərbaycanın MDB-yə daxil olan zaman qarşılıqlı şəkildə bir-birlərinin ərazi bütövlüyünü tanımış olduqları ilə bağlı olan ifadələri idi. Bu açıqlaması ilə Paşinyan erməni ictimaiyyətinə bildirməyə çalışdı ki, "mənim günahım deyil. Məndən əvvəl hələ 1991-ci ildə (8 dekabrda MDB yaradılması ilə bağlı saziş imzalandı. Həmin sazişin 5-ci bəndinə əsasən MDB-yə daxil ölkələr bir-birlərinin ərazi bütövlüyünü tanıdılar, və həmin sərhədlərə hörmətlə yanaşacaqlarını bəyan etdilər. 21 dekabr 1991-ci ildə Almatada 11 ölkənin iştirakı ilə protokol imzalandı. Hazırda da o sənəd mövcuddur- red.), eləcə də Köçəryanların, Sarkisyanların dövründə də bu reallıq dəyişməyibdir. Heç vaxt danışıq predmeti olmayıbdır ki, Ermənistan Azərbaycanın ərazi bütövlüyünü tanımayacaqdır".
O, bu sətiraltı fikirləri, öz sələflərinin də bu yolda olduğunu açıq şəkildə daxili auditoriyaya ötürməyə çalışdı. Burada digər məqam isə ondan ibarətdir ki, Paşinyan bu mesajı ilə Soçi görüşündən sonra mümkün razılaşmanı (qarşılıqlı şəkildə ərazi bütövlüyünü tanıyacaq sənədlər olarsa - red) erməni cəmiyyətinə təqdim etməkdən çəkinməmək üçün zəmin hazırladı. Ermənistan rəhbəri bununla da de-yuri olaraq artıq həmin tarixdən Ermənistanla Azərbaycanın bir-birinin ərazi bütövlüyünü tanıdığına işarə etmiş oldu. Erməni baş nazir bununla da Azərbaycanın ərazi bütövlüyünü tanımaq üçün əsaslarını açıqlayaraq, onu hədəf alacaq kütlənin qarşısına arqumentlər qoyaraq, nəticə etibarı ilə bunu keçmiş hadisələrin ardı kimi təqdim edə bilər. O, beləcə Ermənistan daxili auditoriyasına başa salmağa çalışdı ki, Ermənistan artıq Azərbaycanın ərazi bütövlüyünün tanınması sənədinə imza atıb və bu sənəd ilk prezident Levon Ter-Petrosyanın dövründən var.
Sərhədlərin delimitasiya, demarkasiyası ilə bağlı da Paşinyan yenə Ermənistan cəmiyyətinin eşitməyə alışmadığı ifadələrə yer verdi. O, Ermənistan ərazisində olan Azərbaycan anklavları məsələsinə toxunur (Qazax istiqaməti) və onlar barəsində danışmağın əssasız olduğunu deyir. Bildirdi ki, anklav məsələsi necə yaranıb, mən başa düşə bilmirəm. Və orada çox mühüm bir məsələyə toxundu: Dedi ki, bəzən kolxoz sədrləri səviyyəsində, bəzən yerli rəhbərlər səviyyəsində belə bir mübadilə olub.
Bilirik ki, sovet hakimiyyəti dövründə Ermənistan tərəfindən heç vaxt Azərbaycan ərazisinə hansısa səviyyədə torpaq verilməyib. Belə olan halda bir fakt faktlığında qalır: Bütün hallarda məhz Azərbaycan torpaqları ermənilərə verilib. Bu, müxtəlif dövrlərdə olubdur. Yeganə istisna 1969-1982-ci illərdə (Heydər Əliyevin dönəmində - red) Ermənistana torpaq verilməyibdir. Amma ondan əvvəl və ondan sonra hansı ərazilər necə və nə şəkildə ermənilərə verilibdir, bununla bağlı tarixi faktlar var.
Ona görə də Paşinyanın bu məsələni yenidən aktuallaşdırması və bu şəkildə Erməmnistan ictimaiyyətinə təqdim olunması əslində onlara verilən mesajdır ki, əgər Soçi görüşündə anklav məsələsi müzakirəyə çıxarılarsa və mən o Azərbaycan torpaqlarını geri qaytararamsa, bilin ki, burada qeyri-qanuni heç bir şey yoxdur. Paşinyan bir növ bu açıqlaması ilə ictimaiyyətini bu prosesə hazırlamağa çalışdı. Əslində isə Azərbaycan bölgədə yaratdığı yeni geosiyasi reallıq fonunda Ermənistana tətbiq etdiyi ardıcıl pressinqlər nəticəsində Paşinyanı vadar edir ki, bu qərara getsin.
Paşinyanın sərhədlərlə bağlı açıqlamasında "biz əvvəlcə bilməliyik ki, sərhədlər haradadır, ondan sonra artıq qərar verməliyik ki, bizim sərhədlər pozulub, yoxsa pozulmayıb" deyib. Şübhəsiz ki, Paşinyanın bu açıqlamasında da Ermənistan cəmiyyətinə çox vacib bir mesaj var. O, bununla xalqına bildirmək istəyir ki, "bir tərəfdən deyirsiniz sərhədlər pozulur, mitinqlərə çıxırsınız, bir tərəfdən də imkan vermirsiniz ki, görək o sərhədlər (delimitasiya, demarkasiya proseslərinin icrası məsələsi - red) haradadır, sonra görək sərhədlərimiz pozulubdur, ya yox". Paşinyanın bu açıqlamasında erməni cəmiyyətinə subliminal mesaj bundan ibarətdir ki, imkan verin əvvəlcə sərhədləri dəqiqləşdirək, sonra mən hərəkət edim.
Paşinyanın Soçi görüşündə danışılacaq formatlar və bu formatlara uyğun olaraq müzakirə olunacaq məsələlərlə bağlı açıqlamaları da xüsusi diqqət çəkən məqam idi. Belə ki, erməni baş nazir bildirdi ki, əsas format üçtərəfli formatdır (Azərbaycan, Ermənistan, Rusiya), bütün ciddi məsələlər orada müzakirə olunacaq. Misnk Qrupu formatında sosial, iqtisadi, humanitar məsələlərə yer ayrılacaq. Ermənistan rəhbəri Avropa İttifaqının təşəbbüsü ilə rəsmi Bakı ilə İrəvanın təmaslarını isə ikitərəfli dialoq, ünsiyyət qurmaq üçün bir məkan adlandırıb. Paşinyan bununla da etiraf edib ki, heç bir formatda "status" məsələsi müzakirə olunmayacaq.
Aydın məsələdir ki, Ermənistanın ictimai-siyasi fəalları, eləcə də hökümət üzvləri düşünürlər ki, Azərbaycanın ərazi bütövlüyü tanınarsa Qarabağın dağlıq hissəsi Azərbaycanın daxilində qalır və bu rpoblem artıq kökündən həll olunur. Və bununla da Qarabağla bağlı ərazi iddiası Ermənistan tərəfindən bir daha dilə gətirilməməlidir, tamamilə yığışdırılmalıdır. Paşinyanın "Facebook" hesabından etdiyi açıqlamalar zamanı Qarabağla bağlı açıqlamasında diqqətçəkən detallar oldu. O bildirdi ki, Qarabağ məsələsi ərazi məsələsi deyil, Qarabağ bir hüquqi məsələdir. Bu, yenə də erməni auditoriyası üçün yeni bir mesajdır. Bu, Azərbaycanın lehinə səsləndirilmiş bir bəyanatdır.
Təbii ki, Paşinyanın bu açıqlamada hansı mənanı nəzərdə tutduğunu, sonra o məsələni necə inkişaf etdirəcəyi olduqca əhəmiyyətlidir. Ancaq reallıq ondan ibarətdir ki, ilk dəfə olaraq Ermənistanın bir rəhbəri ərazi və hüquq məsələlərini bir-birindən ayırdı. Əslində bu gün Ermənistanda əleyhinə anbaan artan etiraz aksiyaları fonunda Paşinyanın bu açıqlamasını cəsur addım kimi də dəyərləndirə bilərik. Çünki Qarabağın dağlıq hissəsi ərazi münaqişəsi deyilsə, deməli həmin ərazidə baş verən hadisələri Paşinyan Azərbaycanın daxilində yerli ermənilərlə Azərbaycan höküməti arasında baş verən münaqişə kimi qələmə verir.
Eyni zamanda, o, "Qarabağda yaşayan ermənilərin hüququ məsələsi var, onların hüququnu müdafiə edəcəyik" deyərkən nəyi nəzərdə tutdu?! Onun bu ifadəni Azərbaycanda yaşayan erməni icmasının hüququ kontekstindəmi, yoxsa xalqların öz müqəddaratını təyin etmək hüququ kontekstindəmi işlətdiyi bir az düşündürən məqam ola bilər. Düzü, Paşinyanın açıqlamalarında belə ikibaşlı söz oyunu kifayət qədər idi. Amma bir az keçmişə nəzər salsaq anlamaq olar ki, əgər 30 il müddətində "müqəddərat hüququ" müzakirə olunmadısa, gündəmə gəlmədisə, Paşinyan məhz birinci variantı (Azərbaycanda yaşayan erməni icmasının hüququ - red.) nəzərdə tutur. Azərbaycan da öz ərazisində yaşayan istənilən etnik qrupun icmasının hüququnu qorumağa qadirdir, hər zaman da hazır olubdur.
Lakin Paşinyanın istər 44 günlük müharibədən əvvəl, istərsə də sonra verdiyi açıqlamalar arasındakı təzadlı fikirlərinin kifayət qədər olduğuna nəzər salsaq, o zaman onun sözlərinə şübhə ilə yanaşmaq üçün əsaslar yaranır. Amma istənilən halda bu gün erməni baş nazir bu cür çıxışı ilə Ermənistanın daxili auditoriyasına belə bir mesaj verirsə, demək ki, o, Qarabağsız yeni bir Ermənistan qurmağı hədəfləyib.
Paşinyanın bu ritorikalarla Soçi görüşü hazırlığı üçtərəfli görüşdə hansı məsələlərin müzakirə ediləcəyini göstərir. Azərbaycan heç şübhəsiz ki, bu dəfə 11 yanvar 2021-ci il üçtərəfli bəyanatından fərqli olaraq daha dəqiqlik tələb edəcək. Rəsmi Bakı konkret addımlar üçün istər Moskva, istərsə də İrəvan qarşısında dəqiq tələblərlə çıxış edəcək.
Rusiyanın baş nazirinin müavini Aleksey Overçukun Bakı və ardınca İrəvan səfərləri Soçi sövdələşməsi öncəsi prosesin dinamikasından xəbər verir. Çox güman ki, bu görüşdə keçmiş üçtərəfli birgə bəyanatları təsdiq edən yeni bəyanat imzalanacaq. Belə bir nüfuzlu nümayəndənin məhz görüş ərəfəsi təcili Bakıya gəlməsi və ardınca Ermənistana gedərək Paşinyanla görüşməsi sıradan bir hadisə deyil. Demək ki, Soçi görüşü öncəsi son tamamlama işləri gedir. O da ola bilər ki, artıq ortaq bəyanatın mətni üzərində iş gedir. Bu baxımdan Paşinyanın konkret suallardan yayınması, etdiyi açıqlamalar da bu məsələdə müəyyən ipucu verir.
Belə anlaşılır ki, ortada yeni bir üçtərəfli sənəd olacaq. Belə olan halda isə Overçukun Bakı və İrəvan səfərlərinin səbəbi ortaya çıxmış olur. Demək ki, bir sənəd olmayacaqdısa, Overçuk heç gəlməzdi, gəlibdirsə, demək ki, nəticə də gözlənilir. Overçukun Rusiya prezidentinin üçtərəfli görüşlərdə xüsusi nümayəndəsi olaraq və nəqliyyat kommunikasiya məsələləri ilə bağlı işlərlə məşğul olduğunu nəzərə alsaq, imzalanmaq ehtimalı olan sənədin hansı məsələləri əhatə edəcəyini anlamaq çətin deyil.
Təhməz Əsədov