Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 28 Noyabr 2021 20:21
Hər il noyabrın üçüncü cümə axşamı Ümumdünya Tütündən İmtina Günü qeyd edilir. Həmin gün 1977-ci ildə ABŞ-ın Onkoloji Cəmiyyəti tərəfindən təsis edilib.
Son illər ölkəmizdə də tütündən istifadənin azaldılması sahəsində xeyli iş görülüb. 2017-ci il dekabrın 1-də Milli Məclisdə "Tütün məmulatlarının istifadəsinin məhdudlaşdırılması haqqında" Qanunun qəbul edilməsi bu sahədə ən uğurlu addımdır. Həmin Qanunun qəbulundan sonra da tütünün sağlamlığa vurduğu zərərin azaldılması üçün ardıcıl tədbirlər həyata keçirilir.
Dünyada hər on saniyədən bir tütündən ölüm halının baş verdiyini nəzərə alsaq, bu zərərli vərdişin necə dəhşətli bəla olduğunu təsəvvür etmək mümkündür. Sonxeber.net AZƏRTAC-a istinadən bildirir ki, bu barədə məlumat verən Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzinin (İSİM) həkim-metodisti Gülnar Qasımzadə deyib: "Tütünün istifadə olunması ağız boşluğundan başlayır və orqanizmə daxil olduğu andan zərərli təsirini göstərir. Lakin onun zərərini yalnız bir orqanla məhdudlaşdırmaq olmaz. Nəzərə alsaq ki, qan oksigenlə təchiz olunur və ağciyərlərdə gedən qaz mübadiləsi nəticəsində qan oksigeni orqanizmə daşıyır. Tütün istifadəsi zamanı isə tənəffüs oksigenlə deyil, qazlardan ibarət hava ilə gedir. Bu, çox təhlükəlidir. Yəni onun istehlakı hüceyrələrə toxuma səviyyəsində öz zərərli təsirini göstərməyə başlayır. Ürək-damar, xroniki obstruktiv ağciyər, bronxial astma xəstəlikləri və hətta xərçəngin 20-dən çox növünün yaranmasına səbəb olur. Hər il dünyada 8 milyondan çox insan tütünçəkmənin zərərli təsirinin yaratdığı qeyri-infeksion xəstəliklərə yoluxma nəticəsində həyatını itirir. Onların 1 milyon nəfərini passiv siqaret çəkənlər təşkil edir".
Müsahibimiz siqaretdən imtinanın doğurduğu dəyişikliklər barədə bildirib: "Siqaretdən imtina edən şəxsin ən böyük və güclü silahı onun iradəsidir. İradəsinə hakim olan hər kəs ondan istədiyi anda imtina edə bilər. Əlbəttə ki, bu, fərdi xüsusiyyət daşıyır və daha çox psixoloji səbəblərlə bağlıdır. Siqaret çəkən şəxsin əlləri və ayaqları zərərli vərdişin yaratdığı təsirin nəticəsində həmişə isti olur. İmtinadan sonra əl və ayaqlarda soyuma, bəzən büzüşmə yaranır və belə hal təşviş hissi yaradır. Lakin əslində bu, uyğunlaşma dövrüdür və bədən öz daxili temperaturunu qorumağa çalışır. Lakin səbirlə buna dözüm göstərdikdə bədənin uyğunlaşması çox müsbət keyfiyyətlərə səbəb olur. Araşdırmalar göstərir ki, siqaretdən imtina edilən andan orqanizmdə müsbət dəyişikliklər başlayır. İmtinadan üç-dörd ay sonra insan özünü çox gümrah hiss etməyə başlayır. Ağciyərləri oksigenlə daha yaxşı təmin olunur, səhər yuxudan oyananda özünü daha xoşbəxt hiss etmək ovqatı yaranır. Hətta bəziləri özlərini ikinci dəfə doğulmuş kimi hiss edirlər".