Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 23 Dekabr 2021 12:24
Dekabrın 22-də Heydər Əliyev Mərkəzində təsviri incəsənətin küçə sənəti ("street art") üslubunda işləyən braziliyalı rəssam Nina Pandolfonun "Minnətdarlıq" ("Gratitude") adlı fərdi sərgisi açılıb.
Sonxeber.net AZƏRTAC-a istinadən bildirir ki, sərginin açılışında Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva iştirak edib.
Mərasimdə çıxış edən Heydər Əliyev Mərkəzinin direktoru Anar Ələkbərov diqqətə çatdırıb ki, pandemiya dövründə uzun müddətdir ehtiyac duyulan belə bir sərginin məhz Mərkəzdə keçirilməsi çox əhəmiyyətlidir. Bir neçə gündür Bakıda olan Nina Pandolfo ekspozisiyanın qurulmasında şəxsən iştirak edib. Həmçinin sərginin ərsəyə gəlməsində Braziliyanın Azərbaycandakı səfiri Manuel Adalberto Karlos Monteneqro Lopes da Kruzanın, Jan David Malat qalereyasının direktoru Jan David Malatanın böyük əməyi var.
Anar Ələkbərov bütün bu əlaqələrdə, eləcə də belə tədbirlərin təşkilində Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın xüsusi rolu olduğunu vurğulayıb və ona təşəkkürünü bildirib.
Sərginin konsepsiyası haqqında məlumat verən braziliyalı rəssam Nina Pandolfo öncə Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevaya və sərginin təşkilində əməyi olan hər kəsə təşəkkürünü ifadə edib.
Rəssam qeyd edib ki, "Minnətdarlıq" sərgisi hər kəsin minnətdar olmasını ehtiva edən bir sərgidir, daha doğrusu həyat tərzi anlamındadır.
"Minnətdarlıq bizi daha yüksək səviyyəyə ucaldan ülvi bir hissdir. O, bizə çətin anların keçib-getdiyini, tezliklə gözəl bir şəfəqin gələcəyini öyrədir. Bizə paylaşmağı, birləşməyi, başqalarını duymağı öyrədir. Ürəyimizin sıxıldığını hiss etdiyimiz zaman gözlərimizə təbəssüm gətirən bir hissdir. Bizi digər insanlarla və həyatla unikal və sıx şəkildə əlaqələndirir. Ümidvaram ki, bütün ziyarətçilər mənim üçün heç bir etnik mənsubiyyəti yox, daha çox qadın olmaq vəziyyətini təmsil edən personajların təsirini hiss edə bilərlər, gücün kövrəklikdə olduğunu hiss edə bilərlər. Çünki qadın zəif deyil, kövrəkdir. Zəiflik gücün olmamasıdır. Kövrəklik isə həssaslıqdır. İşləmək, başqalarına dəstək olmaq, onlara qayğı göstərmək, bir sözlə biz qadınların etdiyi hər şeyi etmək üçün bizə güc verən elə qadının həssaslığıdır", - deyə rəssam çıxışında bildirib.
Sərginin açılış mərasimində çıxış edən Braziliya səfiri Manuel Adalberto Karlos Monteneqro Lopes da Kruza Azərbaycan Respublikasının Birinci vitse-prezidenti və Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevaya bu möhtəşəm təşəbbüsə görə, Fondun vitse-prezidenti Leyla Əliyevaya Nina Pandolfonu Azərbaycana dəvət etdiyi üçün təşəkkürünü bildirib.
Daha sonra sərgi ilə tanışlıq olub.
Sərgidə müəllifin multikultural dünyanı təqdim edən, etnik baxımından müxtəlifliyi ilə seçilən qadınlara həsr olunan əsərləri nümayiş etdirilir. Ziyarətçilər həm də Nina Pandolfonun qraffiti instalyasiyaları ilə də tanış ola bilər.
Müəllif hesab edir ki, minnətdarlıq hissi daim ətrafa aşılanmalı və təşviq edilməlidir. Vəziyyətdən asılı olmayaraq, hər zaman minnətdar olmaq üçün səbəb tapmaq mümkündür. Nina Pandolfo onda ən güclü minnətdarlıq hissinin məhz yaradıcılıq zamanı yarandığını söyləyir.
Sərgiyə çıxarılan əsərlərdəki qadın obrazları fərqli mədəniyyətlərə mənsub olaraq geniş açılmış gözlərlə təsvir ediliblər. Bununla da müəllif bizi əhatə edən multikultural dünyanın seyr edilməsinin və buna minnətdarlıqla yanaşılmasının vacibliyini vurğulayır.
Braziliyalı rəssam Nina Pandolfo əsərləri ilə bağlı təəssüratlarını jurnalistlərlə də bölüşüb. O deyib: "Mənim sərgimin əsası təkcə minnətdarlıq deyil, eyni zamanda, minnətdar olmaqdır. Mən cəmiyyətə bu mesajı ötürmək istəyirəm. Sərgi çərçivəsində yaratdığım qaranlıq otağın öz mənası var. Demək istəyirəm ki, biz minnətdar olsaq, qaranlıqda olan, kölgədə olan şeyləri biz işıq üzünə çıxaracağıq. O otağa keçən hər bir kəs öz işığını orada görəcək".
Səfir Manuel Adalberto Karlos Monteneqro Lopes da Kruza isə müsahibəsində vurğulayıb ki, pandemiyadan sonra bu sərginin təşkili yeni həyatın başlanğıcıdır, yəni öncədən gələn bir yazdır, canlı aləmin oyanışıdır. "Çox xoşbəxtəm ki, bu duyğuları Braziliya rəssamı gətirdi. Azərbaycan odlar diyarı olduğu kimi, biz də buraya hisslərimizlə bir od gətirdik. Bu sərgi dünyəvi xarakter daşısa da, burada Braziliyanın nüansları var. Sərgidə nümayiş olunan əsərlər müxtəlif irqlərin nümayəndələridir - Braziliyada olduğu kimi".
Heydər Əliyev Mərkəzindəki "Minnətdarlıq" sərgisi 2022-ci il iyunun 19-dək davam edəcək.
Nina Pandolfo 1977-ci ildə Braziliyada anadan olub. Karlos de Kampos adına Dövlət Texniki Məktəbdə vizual kommunikasiya üzrə təhsil alan Nina Pandolfo incəsənətin yeni üsulu ilə San-Paulu küçələrini bəzəməyə başlayır, qısa zamanda 90-cı illərin Braziliya qraffiti səhnəsinin ayrılmaz nümayəndəsinə çevrilir, qraffiti sənətinin muzey və qalereyalara yol tapmasında əvəzsiz rol oynayır.
Pandolfo təkcə Braziliyada yox, dünyanın bir çox yerlərində, o cümlədən Avropanın bir sıra ölkələrinin və Amerika Birləşmiş Ştatlarının müxtəlif sənət qalereyalarında keçirilən sərgilərdə iştirak edib.
2007-ci ildə Pandolfo Şotlandiyanın 800 il yaşı olan tarixi Kelburn qəsrinin fasad və qülləsini boyamaq üçün Braziliyanın tanınmış küçə rəssamları ilə əməkdaşlıq edir. Bu təşəbbüs o qədər uğurlu olur ki, layihə 2011-ci ilin "Top-10 küçə sənəti nümunələri" siyahısına daxil edilir.