Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

“İndiki “Qarabağ” daha inamlı görünür”

“İndiki “Qarabağ” daha inamlı görünür”

Tarix: 31 Avqust 2019 13:08

“Qarabağ” bu mövsümdə də Azərbaycanı UEFA-nın Avropa Liqası yarışında təmsil edəcək. Komandadan bundan sonra gözləntilər nədir və təsnifat mərhələlərində hansı səviyyədə oynayıb?

Qol.az-ın müxbiri bu suallara cavab almaq üçün Azərbaycanın tanınmış idman jurnalistləri – İlkin Fikrətoğlu və Rüstəm Əfsərliyə müraciət edib.

İlkin Fikrətoğlu deyir ki, Ağdam klubunun qrupa düşməsi onun üçün təəccüblü olmayıb: “Komandanın hədəfi də bu idi. “Qarabağ” bu nəticələrə bizi öyrəşdirib. Bir komanda ard-arda 6 mövsüm qruplarda oynayır. Bu baxımdan “Qarabağ” qrupa düşməsəydi, bunu uğursuzluq kimi dəyərləndirəcəkdim. Şükürlər olsun ki, qrupa düşdü. Onların sayəsində media və azarkeşlər qışa qədər avrokuboklar həyəcanı yaşayacaq. Özümüzü Avropa futbolunun bir parçası olaraq hiss edəcəyik. Bununla belə, müəyyən dərs çıxarılası məqamların olduğunu da unutmamalıyıq. “Qarabağ”ın Qurban Qurbanov kimi təcrübəli baş məşqçisi var və bütün bunları bizdən yaxşı bilir. APOEL və “Linfild”lə matçlar komandaya müəyyən siqnallar verdi. Xüsusən hücumda problemlər var. Qeye ağır çəkilidir, hələ tam formada deyil. Mahir Emreli isə sabit oynamır. Təxminən 15 gündən sonra komanda qrup mərhələsində ilk oyununa çıxacaq. Məncə, komandaya əlavə hücumçu lazımdır”.


İlkin Fikrətoğlu

“APOEL-lə səfərdə qazanılan qələbədən sonra hamıda böyük ümid yarandı ki, artıq komanda Çempionlar Liqasının pley-off mərhələsinə düşəcək. Ancaq Bakıda hamının şahidi olduğu məlum hadisə, “soyuq duş” çox böyük bir bədbinlik yaratdı. Bununla belə, bu ruh düşkünlüyü azarkeşlərdə yaransa da, müsbət haldır ki, komandada belə hal müşahidə olunmadı. Bunun  sayəsində “Linfild”i keçə bildilər”.

İlkin Fikrətoğlu bildirir ki, “Qarabağ”da bəyəndiyi tərəfi APOEL-ə evdə, “Linfild”lə səfərdəki ardıcıl -arda aldığı 2 məğlubiyyətdən sonra toparlana bilməsi idi: “Həyat əhəmiyyətlə matçda özlərinə gəlib qələbə qazana bildilər”.

O, qrup barədə də fikrini söyləyib: “Qarabağ”ın qrupdan asanlıqla çıxacağını demək doğru olmaz. Ancaq bu qrupdan çıxmaq üçün yaxşı şans da var. İndiyə qədər bizə belə rahat qrup qismət olmayıb. Əvvəlki mövsüm yer aldığımız qruplarda ya hər üç komanda güclü olurdu, ya da iki komanda. İndi isə yalnız “Sevilya”nı qrupun aşkar favoriti olduğunu nəzərə alsaq, APOEL ilə “Düdelanj” təmsilçimizə tanış rəqiblərdir. APOEL ilə oyunlar bu yaxınlarda oldu. Bir-birilərini yaxşı tanıyırlar. “Qarabağ” göstərdi ki, bu rəqibi udmaq olar, hətta birində qalib gəlmişdi. Ancaq Bakıdakı oyun sadəcə bir qəza idi. “Qarabağ” artıq Azərbaycan futbolunda 6 dəfə qrup mərhələsində oynayan yeganə klub kimi tarix yazıb. Azarkeşlər artıq buna öyrəşiblər. Bu onu göstərir ki, növbəti səhifəni də yazmaq, Avropa Liqasında ilk dəfə 1/16 final mərhələsində oynamaq olar. Bəlkı bu şans növbəti illərdə ələ düşmədi. Bununla belə, rəqiblərə hörmətlə yanaşmalıyıq. Qrupdan çıxmaq istəyirsənsə, sənə hər oyunda 3 xal lazımdır. “Düdelanj”a yuxarıdan aşağı baxmamalıyıq. Çünki son illər Lüksemburq futbolu da inkişaf edib. Əgər onlar da gəlib qrupa çıxıblarsa, deməli, komandada inkişaf prosesi gedir. İstənilən halda isə “Qarabağ” “Düdelanj” ilə oynaya biləcək bir komandadır. Sadəcə saymazlıq lazım deyil, daha ciddi yanaşıb həm “Düdelanj”,  həm də APOEL ilə oyunlarda xallar götürmək lazımdır. Bu halda 1/16 final mərhələsinə vəsiqə təmin olunacaq”.


Rüstəm Əfsərli

Futbol teleşərhçisi Rüstəm Əfsərli deyir ki, “Qarabağ”ın bu il Avrokuboklarda çıxışını ümumən uğurlu hesab etmək olar: “Fikrimcə, ötən mövsümlə müqayisədə indiki “Qarabağ” daha inamlı görünür. Ötən mövsüm Avropa Liqasının qrupundakı rəqiblərimiz daha güclü idi. APOEL ilə oyunda səfərdə qazanılan qələbənin verdiyi rahatlıq və bir qədər də bəxtsizlik cavab oyununda məğlubiyyətə səbəb oldu. Bu, bir qədər komandanı çökdürdü və “Linfild”lə oyunlara təsirini göstərdi. Buna görə “Qarabağ”“Linfild”lə oyunda çətinliklə qələbə qazandı. Ümumilikdə götürəndə isə komandamız bundan sonra on dəfə də “Linfild”lə oynasa, hamısında udar. Kifayət qədər uğurlu mövsüm oldu. 6 mövsüm ard-arda qruplarda oynamaq bir klub üçün çox önəmlidir. Komandada sabitlik var. Əsas olan bunu qorumaqdır”.

Rüstəm Əfsərli bu mövsümki transferləri bəyəndiyini qeyd edib: “Qarabağ”ın etdiyi transferləri bəyəndim. Düzdür, Qeyenin artıq çəkisi, Faysalın çox oynaya bilməməsi bir qədər suallar ortaya çıxardı. Ancaq Xaymenin ilk oyunlardan komandaya xeyir verməsi, Ailtonun çıxışları uğurludur. Ən xoşuma gələn transferlər oldu. Son illərdə bəlkə də ilk dəfə idi transferlərdə ciddi müsbət fərq görünürdü. Komandada mənfi tərəf isə bəzi yerli futbolçuların formada olmamasıdır.  Əvvəlki oyun səviyyələrini aşağı salıblar. Amma hər nə qədər çətin olsa da, komanda ustalığı hesabına “Linfild”i məğlub edərək qrup mərhələsinə vəsiqə qazandı. Qrupa çıxmasaydı, bu, Azərbaycan futbolu adına mənfi hadisə olacaqdı və bu futbolumuzda ciddi problemlərin olduğundan xəbər verəcəkdi. Problemlər yenə də var, ancaq qrupa çıxmaqla onun üzəri bir qədər “rəndələndi”. APOEL ilə oyundakı arxayınçılıq da mənfi tərəflərdən biri idi. Buna görə komanda Çempionlar Liqasının pley-off mərhələsinə çıxa bilmədi”.

Rüstəm Əfsərlinin qrup barədə fikirləri isə belə olub: “Əminəm ki, APOEL ilə oyunda aldığı məğlubiyyət “Qarabağ”ə növbəti oyunlara daha da kökləyəcək. İkinci səhvi buraxmaq olmaz. “Düdelanj”ın adı zəif görünə bilər. Ancaq nəzərə almaq lazımdır ki, son illər Lüksemburq futbolunda yüksəliş var. “Düdelanj” artıq ikinci dəfədir ki, qrup mərhələsində çıxış edəcək. Onlarda da bir az sabitlik var. Düzdür, “Düdelanj”la bir neçə il əvvəl təsnifat mərhələsində qarşılaşan “Qarabağ” evdə çox rahatlıqla qələbə qazanmışdı. Həmin oyunda təmsilçimiz elə də ciddi problem yaşamamışdı. Bu matçı mən şərh etmişdim. Ancaq indiki “Düdelanj” daha da çox inkişaf edib.

“Sevilya”dan isə xal almaq çətindir. Dİgər iki rəqibi isə məğlub edib qrupu ikinci yerdə tamamlamaq olar. Hər şey “Qarabağ”ın özündən asılıdır. Komandamız bir qədər heyətini gücləndirməyə çalışmalıdır. Xüsusilə orta xətdə və müdafiədə. Fikrimcə, “Qarabağ” qrupdan çıxacaq”.

Azad NURİYEV

 


Etiketlər:  İndiki Qarabağ daha inamlı görünür


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ