Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 6 Yanvar 2022 17:14
Bakıda internat məktəblərini bitirən 5 məzun bir neçə ildir ki, onlara dövlət tərəfindən veriləcək mənzilləri ala bilmədiklərini iddia edirlər.
Nurlan Xalıqbəyov, Nicat Abbasov,Orxan Bədəlov və Vasif Ələskərov 10 nömrəli Sanatoriya tipli internat məktəbini müxtəlif vaxtlarda bitiriblər.
Onların sözlərinə görə, internat məktəbini bitirdikdən sonra bütün sənədləri toplayaraq Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə təqdim ediblər. Məsələn, Nurlan Xalıqbəyov iddia edir ki, sənədləri nazirliyə təqdim etdikdən sonra adının ev alanların siyahısında olması ilə bağlı ona məlumat veriblər. Ancaq üzərindən bir neçə il keçməsinə baxmayaraq, o, hələ də mənzil ala bilmir.
Şikayətçilər qeyd edir ki, bitirdikləri 10 nömrəli Sanatoriya tipli internat məktəbindən qaydalara uyğun olaraq yazılı formada Təhsil Nazirliyinə məlumat göndərilib.Həmin məlumatlarda onların hansı vaxtlarda birinci sinifə qəbul olunduğu və 9-cu sinifi bitirmələri ilə bağlı məlumatlar qeyd olunub.
Niyaməddin Cəfərov isə Xəzər rayonu 4 nömrəli xüsusi internat məktəbini bitirib.O da iddia edir ki, sənədləri qaydasında olmasına baxmayaraq, uzun müddətdir ki,ona mənzil verilmir.
Məsələ ilə bağlı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyindən bildirildi ki, müraciət edən şəxslərdən Nurlan Xalıqbəyov məzun olduqdan sonra 16 yaşında anasına təhvil verilib. Yəni həmin gənc valideyn himayəsindən məhrum olmuş məzun kateqoriyasına aid deyil.
Vasif Ələskərov da dövlət uşaq müəssisəsi məzunu olsa da, anası dəfələrlə Sosial Xidmətlər Agentliyinin qəbuluna yaxınlaşaraq oğlunun mənzil məsələsinə görə maraqlanıb və bu da həmin gəncin valideyn himayəsindən məhrum olmadığını göstərir.
Təhsil Nazirliyindən daxil olan məktuba əsasən, Niyaməddin Cəfərov məzun olduqdan sonra atasına təhvil verildiyi qeyd edilib. Bununla belə, onun valideyni ilə əlaqəsi olmadığına dair iddiası ilə bağlı olaraq sənədlərinə yenidən baxılacaq. Orxan Bədəlov isə məzun olsa da, arxiv sənədlərində valideynləri haqqında heç bir məlumat yoxdur. Digər tərəfdən, onun mənzillə bağlı müraciəti keçən ilin noyabr ayında olub. Nazirlər Kabinetinin 16 avqust 2021-ci il tarixli Sərəncamına əsasən isə mənzil şəraitinin yaxşılaşdırılması həmin Sərəncamın qüvvəyə mindiyi tarixədək olan dövrdə növbəyə alınmış şəxslərə şamil edilir. Nicat Abbasova gəldikdə, müraciət tarixi 15 mart 2018-ci ildir və onun mənzil şəraitinin yaxşılaşdırılması məsələsinə növbəlilik əsasında baxılacaq.
Sonxeber.net xezerxeber.az-a istinadla mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir: