Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Avstriyada cəmiyyətdaxili ziddiyyətlərə qarşı kampaniyaya başlanılır

Avstriyada cəmiyyətdaxili ziddiyyətlərə qarşı kampaniyaya başlanılır

Tarix: 19 Yanvar 2022 21:34

Koronavirus pandemiyası başlayandan bəri xəstəliyin mənşəyi, törətdiyi fəsadlar, müalicə üsulları, peyvəndlər və onların təsir gücü barədə cəmiyyətdə geniş müzakirələr gedir, eyni zamanda pandemiya insanlar arasında qorxu, narahatlıq və gələcəklə bağlı ümidsizlik hisslərini gücləndirir, müxtəlif yan xəstəliklərə, xüsusilə də psixoloji gərginlik, depressiya və sinir xəstəliklərinə yol açır. Avropada ilk ölkə olaraq koronavirusa qarşı peyvəndin məcburiliyi haqqında qanun qəbul etməyə çalışan Avstriyada cəmiyyətdaxili ziddiyyətlər isə getdikcə kəskinləşir. Bunu hər həftənin sonunda ölkə paytaxtı və digər şəhərlərdə peyvənd əleyhdarları və tərəfdarlarının yürüşləri də açıq şəkildə nümayiş etdirir.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, cəmiyyətdaxili uçurumu aradan qaldırmaq, müxtəlif mövqeləri təmsil edən insanları bir araya gətirmək məqsədilə Avstriya Qırmızı Xaç Komitəsi, Avstriya Həkimlər Palatası, Avstriya Sağlamlıq Sığortası və Avstriya Teleradiosu "sən+mən=Avstriya" adlı kampaniyaya başlayır. Təşkilatçıların birgə açıqlamasında qeyd edilib ki, cəmiyyətlərdə ziddiyyətlər hər zaman mövcud olub, lakin bu ziddiyyətlərin parçalanmaya aparıb çıxarmasına yol vermək olmaz. Kampaniya ölkədəki insanları, sözün əsl mənasinda, bir masa ətrafında müzakirələrə cəlb etməyi, fərqli mövqe və fikirlərin normal olduğunu nəzərə alaraq, fərqli fikir və ziddiyyətlərin qanunlar və konstitusiya çərçivəsində müzakirəyə çıxarmağı hədəfləyir.

Qeyd edilib ki, kampaniya çərçivəsində əsas mövzu pandemiya və peyvəndləmə deyil, dialoq, ortaq dəyərlər, eləcə də həmrəylik, müxtəliflik və qarşılıqlı rəğbət ön planda dayanacaq.

Kampaniya çərçivəsində reklam çarxları, televiziya və radio proqramları, internet səhifələri və sosial media hesabları vasitəsilə mühüm mövzular ictimaiyyətin diqqətinə çatdırılacaq.

Milli.Az


Etiketlər:  Avstriyada cəmiyyətdaxili ziddiyyətlərə qarşı kampaniyaya başlanılır


RƏYLƏR