Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 7 Fevral 2022 22:16
Hüseynovlar ailəsi Qarabağ müharibəsinin hər üzünü görmüşdü. Ailə başçısı Əvəz Hüseynov Laçın və Ağdərə uğrunda gedən döyüşlərin iştirakçısı idi. Onun qardaşı, mayor Əhməd Hüseynov isə artilleriya komandiri idi, 1993-cü ilin mayında Ağdərə istiqamətində gedən döyüşlərdə şəhid olmuşdu. Əvəzin həyat yoldaşı Qiymətin iki qardaşı - İmdad və Osman Şahbəndəyevlər Kəlbəcər işğal edilərkən girov götürülmüşdülər.
Əvəzlə Qiymət 1995-ci ildə ailə həyatı qurmuşdular. İkisi də məcburi köçkün idi. Əvəz Kəlbəcər rayonunun Başlıbel kəndindən idi, Qiymət isə Laçından. Bərdə rayonunun Əyricə kəndində məcburi köçkün kimi məskunlaşan bu ailədə bir-birinin ardınca üç oğul dünyaya gəlmişdi: Hüseyn, Ayaz və Məhəbbət...
Onların üçü də Vətən, yurd həsrəti ilə böyümüşdü...
Üç oğul, üç igid, üç ümid...
Sonxeber.net AZƏRTAC-a istinadən bildirir ki, qardaşların üçü də orta məktəbi bitirdikdən sonra hərbi xidmətə yollanmış, gələcək karyeralarını hərb sahəsinə bağlamışdılar.
Hələ müharibə başlamazdan əvvəl Hüseynlə Ayaz Müdafiə Nazirliyinin nəzdində müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularının hazırlığı kursunu bitirmişdilər. Ailənin sonbeşiyi Məhəbbət isə Naxçıvandakı Xüsusi Təyinatlı Qüvvələrdə xidmət edirdi.
Qardaşların üçü də eyni vaxtda qanlı döyüşlərə atılmışdı. Cəbhədə döyüşən üç oğulun həsrətinə, intizarına dözmək Qiymət üçün asan deyildi. Onların bu addımı bir tərəfdən fədakarlıq idisə, ana üçün narahatlıq və nigaranlıq idi. Lakın ana onların seçimi qarşısında heç vaxt maneə yaratmadı: "Öz seçimləridir, onların istəyinə qarşı çıxmayacağam" deyərək hər üç övladını gülə-gülə cəbhəyə yola salmışdı.
Qardaşların böyüyü olan Hüseyn 2016-cı ilin yanvarında həqiqi hərbi xidməti başa vurduqdan sonra müddətdən artıq xidmət edən hərbi qulluqçular kursuna daxil olub və həmin ilin noyabrında hərbi hissədə tağım komandirinin müavini vəzifəsində çalışıb. 2020-ci il sentyabrın 27-də başlanan Vətən müharibəsinin ilk günündən cəbhənin ən qaynar nöqtələrində - Kəlbəcər, Laçın istiqamətində, habelə Talış və Suqovuşan kəndlərinin işğalçılardan təmizlənməsi uğrunda döyüşlərdə iştirak edib. Necə deyərlər, Murovdan Suqovuşana qədər döyüş yolu keçib.
İyirmi dörd yaşlı bölük komandiri Hüseyn Hüseynov Vətən müharibəsinin ilk gününü xatırlayaraq deyir: "Müharibənin ilk günü Goranboy rayonunun Tapqaraqoyunlu kəndi ətrafında düşmənin əks-həmləsinin qarşısını aldıq. Bundan sonra Talış kəndi istiqamətində hücuma keçmək barədə döyüş tapşırığı aldıq. Düşmənin mövqe tutduğu ərazilərdə onları darmadağın etdikdən sonra sentyabrın 28-də Talış kəndinin başı üzərindəki yüksəkliyi və ətraf meşələri tamamilə azad etdik. Döyüş tapşırıqlarını yerinə yetirərək, bir neçə yüksəkliyi ələ keçirdik. Oktyabrın 3-də Suqovuşanı düşməndən azad etdik. Həmin döyüşlərdə komandiri olduğum bölmədə 5 şəhid, 7 yaralı vardı. Düşmən tərəfinin verdiyi itkilər isə qat-qat çox idi".
Hüseyn Vətən müharibəsi günlərini xatırlayaraq deyir: "Dekabrın 1-də Laçına daxil olarkən Qarıqışlaq kəndində Həkəri çayının qırağında ermənilərin mövqe seçdiyi otelin damına qalxaraq, üçrəngli bayrağımızı oradan asdım. Bu, mənim həyatımın ən şərəfli və unudulmaz ani idi...".
Prezident, Ali Baş Komandan İlham Əliyevin müvafiq sərəncamları ilə o, "İgidliyə görə", "Suqovuşanın azad olunmasına görə" və "Laçının azad olmasına görə" medalları ilə təltif olunub.
Müharibə başa çatandan sonra Hüseyn evə dönərək anası ilə görüşür və hərbi hissəyə qayıdaraq, xidmətini davam etdirir.
Ortancıl qardaş 23 yaşlı Ayaz da həqiqi hərbi xidməti başa vurandan sonra böyük qardaşının yolu ilə gedib. O, 2020-ci ilin mayında müddətdən artıq xidmət edən hərbi qulluqçular kursuna qəbul edilib. Kursu bitirdikdən sonra "BTR 82-A" hərbi texnikasında tuşlayıcı kimi xidmətə başlayıb. Haqq savaşının ilk günlərində Murovdağda, daha dəqiq desək, Gülüstan istiqamətində döyüş tapşırıqlarını yerinə yetirib. O, öz döyüş maşını ilə düşmənin bir neçə postunu, hərbi texnikasını və canlı qüvvəsini məhv edib. Müharibənin sonrakı günlərində Murovdağ yüksəkliyi, Suqovuşan və Talış kəndləri, habelə Ağdam istiqamətində döyüş tapşırıqlarını yerinə yetirib.
Müharibə başa çatandan sonra "Suqovuşanın azad olunmasına görə" və "Ağdamın azad olunmasına görə" medalları ilə təltif olunub. Ayaz indi də hərbi xidmətini davam etdirir.
Ailənin sonbeşiyi Məhəbbət isə 2001-ci ildə doğulub. Vətən müharibəsi başlananda Məhəbbət Naxçıvandakı Xüsusi Təyinatlı Qüvvələrdə əsgəri xidmətdə idi. Onun döyüş yolu Füzulidən, Xocavənddən, Daşaltıdan və Qarabağın baş tacı olan Şuşadan keçib.
"Mənim üçün 44 günlük müharibədə ən yadda qalan döyüşlər Şuşa və Laçın dəhlizində olub. Şuşa döyüşləri də şəhərin özü kimi bir əfsanəyə çevrildi. Bizim döyüşçülərin əsas tapşırığı Ermənistandan Qarabağa gələn yollara nəzarət etmək, düşmənin təchizatını minimuma endirmək idi. Həmin tapşırığı yüksək səviyyədə yerinə yetirdik və ermənilərin ön cəbhə ilə əlaqəsini kəsdik", - deyə Məhəbbət Hüseynov deyir.
Məhəbbət Hüseynov göstərdiyi rəşadətə görə "Hərbi xidmətdə fərqlənməyə görə", "Şuşanın azad olunmasına görə" və "Xocavəndin azad olunmasına görə" medalları ilə təltif edilib.
O da qardaşlarının yolunu davam etdirərək həyatını hərbi sahəyə bağlayıb. Hazırda Vətən qarşısındakı xidmətini davam etdirməklə yanaşı, həm də hərbi təhsil alır.