Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 13 Fevral 2022 20:54
Bu gün Dövlət İmtahan Mərkəzi tərəfindən ali təhsil müəssisələrinə qəbul imtahanının ikinci mərhələsi üzrə sınaq imtahanı və inzibati vəzifələrin B növünə aid olan vəzifə qrupları üzrə dövlət qulluğuna qəbul imtahanı keçirilib.
Dövlət İmtahan Mərkəzi fevralın 13-də respublikanın 11 şəhər və rayonunda ali təhsil müəssisələrinə qəbul imtahanının ikinci mərhələsi üzrə sınaq imtahanı keçirib.
Qəbul imtahanının ikinci mərhələsi üzrə sınaq imtahanında abituriyentlərə ixtisas qruplarına uyğun olaraq hər fənnə (3 fənn) aid 30 test tapşırığı (ümumilikdə 90 tapşırıq) təqdim olunub. Bu tapşırıqların 22-si qapalı, 8-i isə açıq formalıdır. Açıq formalı tapşırıqlardan 3-ü yazılı şəkildə cavablandırılması tələb olunan situasiya və yaxud mətn əsasında hazırlanan tapşırıqlardır.
Yazılı cavab vermək tələb olunan açıq tipli tapşırıqların yoxlanılması uzun müddət tələb etdiyindən nəticələrin yaxın 10 gün ərzində elan olunması nəzərdə tutulur.
Bu gün, həmçinin inzibati vəzifələrin B növünə (inzibati icraçı vəzifələr) aid olan BA və BB qruplarına uyğun olan vəzifələr üzrə dövlət qulluğuna qəbul imtahanı keçirilib.
İmtahan nəticələrinin sabah gün ərzində elan olunması nəzərdə tutulur.