Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 15 Fevral 2022 13:52
Sonxeber.net Ankara Hacı Bayram Vəli Universitetinin müəllimi, professor Kürşad Zorlunun Axar.az-a müsahibəsini təqdim edir:
- Kürşad bəy, Rusiya və Ukrayna arasında münasibətlərin son günlərdə daha gərgin fazaya daxil olmasının səbəbi nədir?
- Qeyd etdiyiniz məsələ son dövrdə ən çox müzakirə edilən mövzudur. Ancaq müzakirələrdə gözardı edilən bir detal var. Ukrayna 2014-cü ildən işğala məruz qalıb. Krım Ukraynanın torpağı idi və indi Rusiyanın ən böyük hərbi hissəsi halına gəlib. Türkiyə də Krımın qeyri-qanuni yollarla ilhaq edildiyini bildirir. Rusiyanın isə hazırki məqamda blef etdiyini düşünmək çox yanıldıcı ola bilər. Son 8 ildə tərəflər arasında hərbi mənada genişmiqyaslı bir müharibə yaşanmasa da, texnoloji vasitələr, sosioloji, psixoloji və daha bir çox komponentləri özündə əks etdirən hibrid müharibə davam edib. Rəsmi Moskvanın da əsas məqsədi belə bir mühitin təmin olunmasıdır. Rusiya indiki siyasi şəraitdə həm təkqütblülüyün sona çatdığını göstərir, həm də baş verən proseslər əsnasında qarşı qütbün asılılıqlarını mütəmadi olaraq xatırladır. Putinin 10 fevral 2007-ci ildə məşhur Münhen çıxışındakı ən önəmli cümlə bu idi: "NATO-nun genişlənməsi qarşılıqlı güvən və etimadı hədəf alan ciddi bir provokasiyadır". O gündən bəri bir çox ölkə NATO-ya qəbul edildi və 2008-ci ilin avqustunda Gürcüstan müharibəsi yaşandı.
İndi isə Ukrayna və Rusya arasındakı mümkün müharibə ehtimalı maraqlı və bir o qədər də təhlükəli hal alıb. Sözügedən məsələ gərgin fazaya daxil olduqdan sonra neft qiymətləri, birjalardakı hərəkətlilik artdı, ancaq düşünürəm ki, ilk dəfə dünən bütün dünya ciddi şəkildə müharibənin qaranlıq və dağıdıcı gücünü hiss etməyə başladı. Gəldiyimiz mərhələdə diplomatiyanı aktiv saxlaya biləcək mexanizmlər və ikitərəfli müzakirələr istənilən nəticələri vermədi. Normand formatından bir nəticə çıxmadı, vasitəçilik cəhdlərində də müsbət bir irəliləmə olmadı. Bu cəhdlərin bir çoxunu Putin özü əhəmiyyətsiz hesab etdi. Məsələn, bunu biz Fransa Prezidenti Makronun son səfərində də gördük. Digər tərəfdən Almaniya kansleri Şoltsun baş tutacaq Moskva səfəri də çox vacibdir. Fikrimcə, Putin indiki mərhələdə müzakirə masasında Şimal Axını-2 proyektinin olmasını istəmir. Lakin orada da Almaniya kritik rola sahibdir. Şolts-Putin görüşünün nəticəsini isə biz yaxında görəcəyik. Çərşənbə günü hadisələrin gedişatı baxımından vacib günlərdən biri olacaq.
- Son günlərdə sanki prosesin sabitləşməsi yerinə, gərginləşdirilməsi istiqamətində müxtəlif addımlar atılır. Siz bu addımları necə dəyərləndirirsiniz və müharibənin baş verməsinin Türkiyəyə hansı təsirləri ola bilər?
- Müharibənin başlaması halında bundan ən çox təsirlənəcək dövlətlərdən biri də Türkiyədir. Türkiyə bir tərəfdən Qara dənizdə təhlükəsizliyi təmin etmək, digər tərəfdən döyüşən tərəflər arasında balansı qurmaq kimi çətin bir vəziyyətlə qarşılaşacaq. Enerji təminatı baxımından sıxıntıları olan Türkiyənin bu məngənədə daxilində də problemlərinin artacağını deyə bilərik. ABŞ rəsmiləri bir neçə gün Çindəki Qış Olimpiadası bitdikdən sonra Rusiyanın hücum edəcəyi ilə bağlı açıqlamalar verdi, lakin 11 fevralda milli təhlükəsizlik üzrə müşaviri Ceyk Sallivan öz çıxışında Olimpiada bitmədən də hücumun ola biləcəyini dedi. Rusiyanın Vaşinqtondakı səfiri Antonov isə ABŞ-ın belə açıqlamalarla Kremlə qarşı təbliğatın dərəcəsini ən üst səviyyəyə çıxarmaq arzusunu nümayiş etdirdiyi cavabını verib. Digər tərəfdən ABŞ-dan sonra İngiltərə, Kanada, Avstraliya, Hollandiya, Yaponiya və Cənubi Koreya Ukraynadakı diplomatlarını geri çağırdı, bir çox ölkə isə səyahətlərlə bağlı vətəndaşlarına xəbərdarlıq etdi. Bu ölkələr hər zaman müttəfiq olduqlarını ifadə edirlər, sözügedən addımlar isə müttəfiqlərin atmalı olduqları ən son addımdır. Böhranın mərkəzində olan Ukrayna hökuməti xalqa panikaya qapılmamaq və soyuqqanlı olmaq haqqında çağırışlar edir. Rusiya isə Kiyevdəki diplomatlarını azaldacağı haqqında açıqlama verib. Rəsmi Moskvanın Donbas üzərindən əsl hədəfi ABŞ və Qərbin öz üzərinə götürdüyü beynəlxalq təhlükəsizliyin memarı rolunu dəyişdirməkdir. Ukrayna burada ikinci hədəfdir. Rusiya gərginlikdən və müharibə ehtimalından bu istiqamətdə mənfəət əldə etdiyi müddətdə Ukraynaya hücum etməyəcək.
- ABŞ tərəfindən verilən ziddiyətli açıqlamalardan bəhs etdiniz. Sizcə, burada səbəb və məqsəd nədir?
- Hücum və müharibə haqqında açıqlamalar son bir həftədir diplomatik müzakirələrin önünə keçib. ABŞ və NATO tərəfindən verilən açıqlamalar düşündürücüdür. Rusiya demək olar ki, bütün səviyyələrdə hücum planlaşdırmadığını açıqlayır. Baş verən proseslərlə bağlı iki ehtimal irəli sürmək olar. Birincisi odur ki, rəsmi Vaşinqtonun mümkün hücum ehtimalı haqqında əlində konkret məlumatlar var. ABŞ rəsmiləri açıqlamalar verməklə mümkün ola biləcək müharibənin qarşısını almaq istəyir.
İkinci ehtimal dünya üçün daha təhlükəlidir. Yəni ABŞ heç bir konkret və dəqiq məlumata sahib olmadan qarşıdurmanı daha da körükləyir və beləliklə özünün geostrateji hədəflərinə çatmaq istəyir. Müharibə ehtimalı belə NATO və AB arasında yaxınlaşmaya səbəb oldu. ABŞ öz fəaliyyəti ilə təhlükəsizliyin əsas gövdəsi olduğu tezisini uzun müddətdən sonra yenə gündəmə gətirdi. Son ssenarini Ukraynanın çox ciddi düşünməsi lazımdır. Çünki bu, ən çox Ukraynanın iqtisadiyyatına, xarici siyasətinə və xalqa zərər verəcək. ABŞ müharibə halında Ukraynaya əsgər göndərməyəcəyini israrla vurğulayır. Aparılan son təhlillərə görə, diplomatiya kanallarının bağlanmağa başladığı və rəsmi Kiyevin uçurumun kənarına gəldiyi müşahidə olunur.