Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 21 Fevral 2022 02:32
Bakı küçələrində plastik əşyalar yığan tanışlar sevginin qurbanı olub. Onlardan biri iki bıçaq zərbəsi alıb, digəri isə ömrünün 4 il ilini həbsxanada keçirəcək. 4 uşağın taleyi isə sual altındadır...
Sonxeber.net Musavat.com-a istinadən xəbər verir ki, Əziz Rəhimov qəsdən sağlamlığa ağır zərər vurmaqda təqsirli bilinərək Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 4 il müddətinə azadlıqdan məhrum edilib.
Həbs edilən Əziz Bakı küçələrində tanıdığı Yasəf adlı şəxsə Musabəyov parkında iki bıçaq zərbəsi vurub. Buna səbəb isə Yasəfin onun həyat yoldaşı ilə münasibətinin olduğunu öyrənməsi olub.
Belə ki, hər iki şəxs paytaxt küçələrində plastik qablar yığaraq satırmış. Həmin ərəfədə Yasəf bir qadınla tanış olub. Həmin qadın da küçələrdə plastik qablar yığırmış. Onlar arasında qeyri-rəsmi münasibət yaranıb. Bir müddət sonra məlum olur ki, Yasəfin münasibət qurduğu, maddi köməklik etdiyi qadın Əzizin həyat yoldaşıdır. Buna görə də onlar arasında mübahisə yaranıb. Əziz bir neçə dəfə həyat yoldaşına xəbərdarlıq edib, amma nəticə olmadığına görə Yasəflə görüşə gedib. Yasəfə "sən mənim ailəmi dağıdırsan" deyərək iki bıçaq zərbəsi vurub. Elə hadisə yerinə gələn polis əməkdaşları Əzizi orada saxlayıblar.
Yasəf deyib ki, əvvəlcə tanış olduğu qadının Əzizin həyat yoldaşı olduğunu bilməyib. Amma onu da əlavə edib ki, Əziz bu münasibətdən xəbərdar olsa da, heç nə deməyib. Qadın da deyib ki, Əziz bu münasibətdən məlumatlı imiş, amma sonra belə bir reaksiya verib.
Tərəflər bir-birini bağışlayıb. Yasəf sağ qalıb, amma Əziz bundan sonra ömrünün 4 ilini dəmir barmaqlıqlar arxasında keçirəcək. Onun həyat yoldaşı isə küçələrdən plastik əşyalar yığaraq 4 uşağına baxmalı olacaq. Geriyə həmin 4 uşağın taleyinin necə olacağı sualları qalır...
Həmin qadın 4 uşağa baxacaqmı? Hansı şəraitdə baxacaq? Bu yazını yazanda Şamaxıda acınacaqlı vəziyyətdə yaşayan 5 uşağın taleyini xatırlayıram. Həmin uşaqlar bivec ananın himayəsində illərlə soyuq, şəraitsiz bir evdə, ac və susuz qalmışdı. Qadın öz həyatını yaşayırdı, uşaqlar isə çarəsiz idi.
Azyaşlıların vəziyyəti sosial şəbəkələrdə ictimailəşdiriləndən sonra rəsmi qurumlar onlara sahib çıxdı. İndi həmin uşaqlar isti sığınacaqda və toxdular...
Bu uşaqlar necə olacaq? Əzizi həbsxanaya göndərən məhkəmənin hökmündə uşaqların telyinin necə olacağı göstərilmir. Çünki məhkəmə yalnız Əzizin cinayət əməlinə qiymət verib. Ümid edirik ki, aidiyyatı qurumlar həmin uşaqların taleyi ilə maraqlanacaq.