Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 23 Fevral 2022 08:30
Hazırda davam edən fevral ayında Azərbaycanda ağır nəticələrə səbəb olan bir sıra hadisələr baş verdi. Baş verən ağır qəzalar, yanğınlar, törədilən cinayətlər bir neçə nəfərin ölümünə səbəb oldu. Bunların arasında nə yazıq ki, azyaşlılar da var idi.
Sonxeber.net "qafqazinfo"-ya istinadən xəbər verir ki, fevral ayında təkcə üç azyaşlı uşaq cinayətin qurbanı olub.
Ölkəni sarsan, ana və iki uşağının ölümü ilə nəticələnən dəhşətli hadisələrdən biri də fevralın 20-də qeydə alınıb. Bakının Nizami rayonunda 1983-cü il təvəllüdlü Gülnar Qaraxanova evdə iki azyaşlı övladı - 2008-ci il təvəllüdlü Qaraxanlı Lamiyə Fəsahət qızı, 2011-ci il təvəllüdlü Qaraxanlı Ataxan Fəsahət oğlu ilə birgə qətlə yetirilib.
Hadisəni törətməkdə şübhəli bilinən 1981-ci il təvəllüdlü Əhəd Əliyev saxlanılıb. Məlumata görə, Ə.Əliyev G.Qaraxanovanın bacısının əridir və cinayəti tamah məqsədilə törədib. Həmin şəxsin evdən apardığı pulun bir hissəsi olan 20 min manat da ondan dəlil kimi aşkar edilərək götürülüb.
Bu hadisədən iki gün öncə isə daha bir dəhşət, üç azyaşlı uşağın ölümünə səbəb olan hadisə Qusarda yaşandı. Bir ailənin bütün üzvləri dəm qazından boğularaq öldü. Bunlar ailə başçısı Rusif Şıxov, həyat yoldaşı, 1993-cü il təvəllüdlü Əminə Şıxova və onların üç azyaşlı övladları - 2012-ci il təvəllüdlü Osman, 2013-cü il təvəllüdlü Süməyya və 2017-ci il təvəllüdlü İmarə idi.
Baş verən faciə ilə bağlı Qusara yola düşən, vəfat edən Əminə Şıxovanın bacısı, 1999-cu il təvəllüdlü Ələkbərova Fidan da yolda qəzaya uğrayaraq dünyasını dəyişib.
Belə ki, Bakı-Quba avtomobil yolunun Sumqayıtdan keçən hissəsində "Mercedes" markalı avtomobil körpüdən aşıb. Qəza nəticəsində Fidanla yanaşı, onun həyat yoldaşı, sürücü 1988-ci il təvəllüdlü Əliyev Seymur Fikrət oğlu və 2021-ci il təvəllüdlü oğlu Həmzə də hadisə yerində ölüb. Ümumilikdə bir gündə dörd azyaşlı bədbəxt hadisələrin qurbanı oldu.
Fevralın 19-da isə Zərdabın Çallı kəndində baş verən dəhşətli yanğın 1993-cü il təvəllüdlü Əhmədova Pərvanə Kərim qızı və onun 2013-cü il təvəllüdlü Əhmədli Gülayə Pərvin qızının ölümünə səbəb oldu.
Yanğında Pərvanə Əhmədovanın oğlu, 7 yaşlı Əhmədli Gülməmməd və onun nənəsi ağır yanıq xəsarətləri ilə Bakı şəhərinə gətirilərək 5 saylı şəhər klinik xəstəxanasına yerləşdiriliblər.
Ötən gün isə bir uşağın ölümünə səbəb olan yanğın Samuxda qeydə alınıb.
Seyidlər kəndində evdə baş verən yanğın zamanı yanıq xəsarətləri alan 2019-cu il təvəllüdlü Bakir Emin oğlu Məmmədov yerləşdirildiyi xəstəxanada dünyasın dəyişib.
Fevralda itirdiyimiz azyaşlılardan biri də Quliyeva Həqiqətdir. 8 yaşlı qız Şabranda baş verən zəncirvari qəzanın qurbanı oldu. Hadisə Gəndob-Yalama yolunun Ağalıq kəndi ərazisində qeydə alınıb.
Qəza zamanı "TIR" markalı yük maşını üç minik avtomobili ilə toqquşub və daha sonra yoldan çıxaraq aşıb. Hadisə nəticəsində 62 yaşlı Babayev Əli Hacıbala oğlu və 8 yaşlı Quliyeva Həqiqət Kamil qızı ölüb.
Fevralın 8-də isə Cəlilabadda məktəbin həyətində 1-ci sinif şagirdini elektrik cərəyanı vuraraq öldürüb. Hadisə rayonun Ocaqlı kəndində yerləşən 1 saylı tam orta məktəbdə baş verib. Məktəbin 1-ci sinif şagirdi, 2015-ci il təvəllüdlü Hüseyn Yaşar oğlu Zeynalov transformatorun yaxınlığında olarkən onu elektrik cərəyanı vurub.
Fevralın 13-də isə Şəmkirdə dəhşət yaşandı. Çinarlı qəsəbə sakini, 1988-ci il təvəllüdlü Elməddin Həsənov 1995-ci il təvəllüdlü arvadı Lalə Həsənova və 2014-cü il təvəllüdlü qızı Qumru Həsənovaya çoxsaylı bıçaq zərbələri vuraraq onları qətlə yetirib.
Qətlə yetirilən Lalə Həsənova hamilə idi.
Qeyd edək ki, təkcə fervalın 23-dək ümumilikdə 10-dan çox uşaq bədbəxt hadisələrin qurbanı olub. Təbii ki, bu, mətbuata bəlli olan say, hadisələrdir.