Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 25 Fevral 2022 16:40
Bakı Beynəlxalq Multikulturalizm Mərkəzində Xocalı soyqırımının 30-cu ildönümü ilə bağlı anım tədbiri keçirilib. Tarixçi alimlərin, milli icma rəhbərlərinin və Xocalı sakinlərinin iştirak etdikləri tədbirdə Xocalı soyqırımı qurbanlarının və Azərbaycanın azadlığı, ərazi bütövlüyü uğrunda canlarını fəda edən şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin mətbuat xidmətindən Sonxeber.net-a verilən məlumata görə, tədbiri giriş sözü ilə açan Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin icraçı direktoru Rəvan Həsənov bildirib ki, 30 il əvvəl, 1992-ci il fevral ayının 25-dən 26-a keçən gecə erməni faşist dəstələrinin Xocalı şəhərində dinc əhaliyə, qadınlara, uşaqlara və yaşlı insanlara qarşı törətdikləri vəhşiliklər heç vaxt unudulmayacaq, bu cinayətləri törədənlərin beynəlxalq məhkəmə qarşısında cavab vermələrinə nail olacağıq.
AMEA-nın Tarix İnstitutunun əməkdaşları Vaqif Abışov, Nigar Gözəlova və Vasif Qafarov çıxış edərək qeyd ediblər ki, Xocalıda baş verənlər XX əsrdə bəşəriyyətə qarşı törədilmiş ən dəhşətli cinayətlərdən biridir. Həmin gecə 613 nəfər vəhşicəsinə qətlə yetirilib. Onlardan 63-ü uşaq, 106-sı qadın və 70-i qocalardır. Bundan başqa, 1275 nəfər girov götürülüb, itkin düşmüş 150 dinc sakinin taleyindən bu günədək xəbər yoxdur. Vurğulanıb ki, dövlətimiz tərəfindən soyqırımın dünyada tanıdılması sahəsində mühüm addımlar atılır.
Xocalı sakinləri Anar Əbdülov, Pərvanə Məmmədova və Səadət Zeynalova 30 il əvvəl Xocalı şəhərində törədilən qırğının acı nəticələrindən, erməni silahlılarının törətdikləri qanlı cinayətlərdən, günahsız insanların başına gətirilən müsibətlərdən bəhs ediblər. Qeyd ediblər ki, Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin müdrik siyasəti və sərkərdəlik məharəti sayəsində şanlı Ordumuz 44 günlük Vətən müharibəsində Qarabağı düşmən işğalından azad edərək Xocalı faciəsi qurbanlarının qisasını aldı.
Anım tədbirində QMİ-nin sədr müavini Fuad Nurullayev, Azərbaycan Respublikasında Roma Katolik Kilsəsinin ordinarisi Vladimir Fekete, Bakı Dağ Yəhudiləri Dini icmasının sədri Milix Yevdayev, Bakı və Xəzəryanı Yeparxiya şurasının katibi Mefodiy Əfəndiyev və digərləri çıxış edərək bildiriblər ki, Xocalıda azərbaycanlı mülki əhaliyə qarşı törədilən hərəkətləri müharibə cinayətləri, insanlıq əleyhinə cinayətlər və beynəlxalq səviyyədə soyqırımı kimi dəyərləndirilməlidir.