Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 9 Mart 2022 11:24
"Zaporojye Atom Elektrik Stansiyasında (AES) 500-ə yaxın rus əsgəri və 50 ağır texnika var".
Sonxeber.net APA-ya istinadən bildirir ki, bunu Ukraynanın enerji naziri German Qaluşçenko deyib.
"Zavodun işçiləri fiziki və psixoloji cəhətdən tükəniblər", - Qaluşçenko bildirib.
Nazirin sözlərinə görə, AES-də silahdan istifadə nəticəsində baş verəcək qəza Avropa miqyasında fəlakətə gətirib çıxaracaq: "Bunun məsuliyyəti tamamilə Rusiyanın üzərinə düşəcək. Bu baş verərsə, avropalılar evlərinin rahatlığını radiasiya sığınacaqları ilə əvəzləməli olacaqlar".
Qaluşçenko beynəlxalq tərəfdaşları atom elektrik stansiyaları ətrafında hərbi əməliyyatları qadağan etmək, Rusiya qoşunlarını ələ keçirilən nüvə obyektlərindən çıxarmaq və Ukrayna səmasını bağlamaq üçün bütün tədbirləri görməyə çağırıb.
Qeyd edək ki, martın 8-də Atom Enerjisi üzrə Beynəlxalq Agentlik bildirib ki, Çernobıl Atom Elektrik Stansiyası artıq BMT-nin nüvə nəzarət orqanına məlumat ötürmür. Agentlik Ukrayna obyektində Rusiya mühafizəsi altında işləyən işçilərlə bağlı narahatlığını ifadə edib.
Xatırladaq ki, Zaporojye Atom Elektrik Stansiyası martın 4-dən Rusiya ordusunun nəzarətindədir. Fevralın 24-də isə Rusiya qüvvələri Çernobıl zonasını ələ keçirib.