Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Ukrayna böhranı ərəb ölkələri arasında diplomatik hərəkətliliyi artırıb

Ukrayna böhranı ərəb ölkələri arasında diplomatik hərəkətliliyi artırıb

Tarix: 9 Mart 2022 22:02

Ukrayna böhranı Rusiyaya və Qərbə münasibətdə neytral mövqe nümayiş etdirmək istəyən ərəb ölkələri arasında diplomatik hərəkətliliyi əhəmiyyətli dərəcədə artırıb.

Sonxeber.net AZƏRTAC-a istinadən bildirir ki, martın 8-də Misir Prezidenti Əbdülfəttah əl-Sisinin Ər-Riyada nəzərdə tutulmayan və qısamüddətli səfəri zamanı Səudiyyə Ərəbistanının Kralı Salman bin Əbdüləziz və vəliəhd şahzadə Məhəmməd bin Salman ilə apardığı müzakirələr barədə hər iki ölkənin rəsmi mətbuatında qısa xəbər, əsasən də bu dövlətlərin dünyada sülh və sabitliyin tərəfdarı olduqları bəyanatı yayılsa da, politoloqlar Ukrayna böhranı fonunda rəsmi Moskva və Vaşinqtondan göndərilən mesajların əsas müzakirə mövzusu olduğunu yazırlar. Səudiyyə Ərəbistanı və Birləşmiş Ərəb Əmirliklərinin vəliəhd şahzadələri arasında martın 6-da aparılmış müzakirələrdə də aparıcı ərəb ölkələrinin siyasi prioritetləri ətrafında fikir mübadiləsi olub.

Misirin nüfuzlu "Əl Əhram" qəzetinə müsahibə verən ərəb diplomatı bildirib ki, Rusiya ilə yaxşı münasibətlərə baxmayaraq, Körfəzin ərəb ölkələri BMT Baş Assambleyasında ABŞ-ın təqdim etdiyi qətnamənin lehinə səs veriblər. O əlavə edib ki, heç bir ərəb dövləti regionda kifayət qədər nüfuzu olan rəsmi Vaşinqton və onun müttəfiqləri ilə münasibətlərə xələl gəlməsini istəmir. Diplomatik mənbə qeyd edib ki, hazırda ərəb liderlər ortaq məxrəcə gəlmək üçün fəal müzakirələr aparırlar.

Siyasi və iqtisadi ekspertlərin fikrincə, Rusiyaya tətbiq edilən neft-qaz sanksiyaları ABŞ, xüsusən Avropa üçün ərəb karbohidrogen ehtiyatlarının əhəmiyyətini artırıb. Son günlər İtaliyanın Əlcəzair, ABŞ-ın Səudiyyə Ərəbistanı və BƏƏ, həmçinin Qərbin Liviyada hasilatı dayandırılmış qaz yataqlarının yenidən istifadəyə verilməsi istiqamətində Tripoli ilə danışıqları Körfəzin ərəb ölkələri və Şimali Afrika regionunun əhəmiyyətinin artdığını göstərir. Lakin onların fikrincə, bu məsələdə Səudiyyə Ərəbistanı və BƏƏ digər Körfəz ölkələrindən - Qətər və Küveytdən fərqlənir. Belə ki, Ər-Riyad və Əbu-Dabi Qərbin neft-qaz hasilatını artırmaq barədə müraciətlərinə müsbət cavab verməyə tələsmir. Bu ölkələrin diplomatlarının əsas arqumentləri ondan ibarətdir ki, hətta bəzi Avropa ölkələri belə Rusiya ilə münasibətləri kəsməyə, həmçinin qaz idxalını dayandırmağa tələsmir. Səudiyyə Ərəbistanının Kralı və vəliəhd şahzadəsi son günlər bir neçə dəfə "OPEC+" sazişinə sadiq olduqlarını bəyan ediblər.

İndi bütün diqqət bu həftə Qahirədəki Ərəb Liqasının mənzil-qərargahında keçiriləcək ərəb dövlətləri xarici işlər nazirlərinin görüşünə yönəlib. Misirdəki diplomatik mənbə "Əl Əhram" qəzetinə bildirib ki, görüşün yekununa dair qəbul ediləcək bəyanatda Ukrayna ilə bağlı Rusiyaya qarşı sərt qınamanın yer almaması tövsiyə edilib. Ərəb ölkələrinin nazirlərinə tövsiyə olunub ki, daha çox Ukraynadakı humanitar vəziyyətlə bağlı narahatlıq vurğulansın.

Yaxın Şərq üzrə ekspertlər yazırlar ki, ABŞ-ın dövlət katibi Entoni Blinken Səudiyyə Ərəbistanı və BƏƏ liderləri ilə danışıqlarda xam neftin qiymətinin bir barel üçün 150 dollara çatmasının qarşısının alınması məqsədilə hasilatı müvəqqəti artırmağı xahiş edib. Onlar qeyd edirlər ki, indiyədək bu ölkələri Yəməndəki husi qiyamçılarının raket və dron hücumlarından müdafiə edən Vaşinqtonun öz dəstəyini azaltması təhlükəsi qarşısında bu müraciətə müsbət cavab verilə bilər.


Etiketlər:  Ukrayna böhranı ərəb ölkələri arasında diplomatik hərəkətliliyi artırıb


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ