Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 18 Aprel 2022 14:48
Sosial şəbəkədə Azərbaycanda təhsil alan Türkiyə vətəndaşının ötən gün daxili qanama şübhəsi ilə Kliniki Tibbi Mərkəzə ("Semaşko") müraciət etməsi, lakin xəstəxanada lazımi ona tibbi yardımın göstərilməməsi ilə bağlı məlumat yayılıb.
Sonxeber.net xəbər verir ki, bu barədə tviter hesabında tələbənin tanışı Çağla Acar yazıb. Onun iddiasına əsasən, həkim heç xəstənin üzünə belə baxmayıb. Təxminən 40 dəqiqəyə yaxın otaqda gözləyən tələbə yalnız bundan sonra qəbul edilib.
Şikayətçinin sözlərinə görə, həkim xəstə ilə kobud davranıb: "Daxili qanama ehtimalı olan şəxsə həkim kənardan baxaraq diaqnoz qoya bilərmi? Həmin tələbə sonradan tibb personalının oturduğu otağa gedərək həkimin hər hansı dərman və ya digər tövsiyəsi olub-olmadığını soruşub. Lakin otaqdakılar kobud şəkildə onun otaqdan çıxmasını tələb ediblər. Əgər həmin tələbə dövlət xəstəxanasında göstərilən bu xidmət səbəbindən həyatını itirsə, kim məsuliyyət daşıyır?"
Məsələ ilə bağlı Kliniki Tibbi Mərkəzə müraciət etdik. Tibb müəssisəsindən sorğumuza cavab olaraq bildirildi ki, sosial şəbəkə platformalarından olan tvitterdə istifadəçilərdən birinin Azərbaycanda Türkiyə vətəndaşı olan tələbəyə Kliniki Tibbi Mərkəzdə tibbi yardımın və ya tibbi yardım üçün normal münasibətin göstərilməməsi ilə bağlı yazdığı məsələ araşdırılıb və belə bir fakt aşkarlanmayıb: "Həmin sosial şəbəkə istifadəçisinin "arkadaşım" deyə xitab etdiyi adamın nə adı, nə soyadı, nə də ki, hansı həkimə müraciət etməsi haqda dəqiq məlumatlar qeyd edilib. Amma bununla belə məlumatı dəqiqləşdirmək üçün Kliniki Tibbi Mərkəzin müvafiq şöbələrindən sorğular toplamışıq. Nəinki ötən gün, hətta son bir həftə ərzində hansısa əcnəbi vətəndaşın, əcnəbi tələbənin və ya türkiyəli vətəndaşın müraciəti ilə bağlı məlumat qeydə alınmayıb. O cümlədən, dəfələrlə həmin sosial şəbəkə istifadəçisi ilə əlaqə saxlamağa çalışsaq da heç bir cavab verilməyib. Bu səbəbdən də yayılan məlumatı əsassız hesab edirik".