Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 19 Aprel 2022 16:03
Brüsseldəki görüşün nəticələrini müsbət hesab edirəm.
Sonxeber.net AZƏRTAC-a istinadən bildirir ki, bunu Prezident İlham Əliyev aprelin 19-da Avropa İttifaqının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Toivo Klaarın başçılıq etdiyi nümayəndə heyətini qəbul edərkən deyib.
Dövlət başçısı bildirib:
"Mən ümumilikdə Brüsseldəki görüşün nəticələrini müsbət hesab edirəm. Mən bunu aprelin 12-də ictimaiyyətə açıqladım. Növbəti gün Ermənistanın baş naziri də normallaşma prosesi və Ermənistanın Azərbaycanın irəli sürdüyü 5 prinsipi qəbul etməsi barədə açıq şəkildə danışdı. Bu, prosesdə həqiqətən də daha bir dönüş nöqtəsidir. Düşünürəm ki, müsbət şərhlərdir. İndi hər iki tərəfin bu rəsmi açıqlamasından sonra biz ciddiyyətimizi masa üzərində sübuta yetirməliyik. Burada biz Avropa İttifaqının, xüsusilə də artıq prosesə dərindən cəlb olunmuş Prezident Şarl Mişelin səylərinə çox ümid edirik. O, artıq prosesə çox yaxşı bələddir. Düşünürəm ki, bu, uğurlu danışıqlar üçün çox ümidverici mühit yaradır. Beləliklə, biz bu gün bunu daha ətraflı şəkildə müzakirə edəcəyik. Sadəcə, bizim mövqeyimizə görə, Brüsseldə baş verənlərlə və aprelin 6-dan sonra baş verən hadisələrlə bağlı rəsmi mövqeyimizi ifadə etmək istədim".