Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 13 Sentyabr 2019 12:16
Bakı. İlhamə İsabalayeva - Trend:
Ölkəmizə gələn miqrantların sayının artmasının başlıca səbəbi kimi son illər respublikamızda sahibkarlıq fəaliyyəti üçün əlverişli mühitin yaradılması, demokratik institutların genişlənməsi, ölkə iqtisadiyyatının inkişafı və əhalinin yaşayış səviyyəsinin yüksəlməsidir.
Trend-in məlumatına görə, bunu "Dəyişən dünyada qlobal böhranlar fonunda əməkçi miqrantların əsas problemlərinin həlli yolları” mövzusunda BMT-nin Bütün əməkçi miqrantlar və onların ailə üzvlərinin hüquqlarının müdafiəsi üzrə Komitəsinin iclasında çıxış edən
Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev deyib.
Onun sözlərinə görə, 2018-ci ildə iş icazəsi əsasında ölkəmizdə işləyən əcnəbilərin sayı 7000 nəfərə yaxın olub ki, bu da 2003-cü illə müqayisədə 4 dəfə çoxdur. Hazırda Nazirliyin Əmək Müqaviləsi Bildiriş Sistemində əcnəbilərlə bağlanmış 9962 əmək müqaviləsi qeydiyyatdadır.
S.Babayev qeyd edib ki, əməkçi miqrantların və onların ailələrinin hüquqları insan hüquqlarının tərkib hissəsidir: "Ölkədə əməkçi miqrantların hüquqlarının qorunması hər zaman böyük əhəmiyyət kəsb edib. Azərbaycanda miqrasiya sahəsində çox geniş qanunvericilik bazası yaradılıb. Azərbaycan əməkçi miqrantlara bağlı qəbul etdiyi qanunvericilikdə hər hansı bir ayrı-seçkiliyə, diskriminasiyaya yol verilməsini qadağan edib. Azərbaycanda əməkçi miqrantçıların hüquqları ölkə vətəndaşlarının hüquqları ilə bərabər səviyyədə tanınır".
Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin