Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 20 Aprel 2022 16:15
Qırğızıstan iqtisadiyyatının enerji sektoru Azərbaycan şirkətlərinə maraqlı olardı.
Sonxeber.net AZƏRTAC-a istinadən bildirir ki, bunu Prezident İlham Əliyev aprelin 20-də Qırğız Respublikasının Prezidenti Sadır Japarovla birgə mətbuata bəyanatla çıxışı zamanı deyib.
Dövlət başçısı bildirib:
"Bu gün biz Qırğızıstanın investisiya imkanları barədə də ətraflı danışdıq. Bildiyimiz kimi, Qırğızıstan Prezidenti enerji infrastrukturu məsələləri ilə çox fəal məşğul olur. Fikrimcə, Qırğızıstan iqtisadiyyatının bu sektoru Azərbaycan şirkətlərinə maraqlı olardı. Bizim şirkətlərimizin müasir enerji müəssisələrinin, elektrik stansiyalarının, o cümlədən istilik elektrik stansiyalarının yaradılmasında müəyyən təcrübəsi var. Fikrimcə, burada səylərin birləşdirilməsinə və Azərbaycanın investisiya potensialına çox ehtiyac olardı.
Mən əminəm ki, bu və digər məsələlər bu gün cənab Prezidentin Azərbaycanın aparıcı şirkətləri ilə görüşü zamanı daha ətraflı müzakirə ediləcək. Dediyim kimi, Azərbaycan şirkətlərinin bu görüşə çox böyük marağı var. Bu, məhz onunla bağlıdır ki, Qırğızıstan Prezidentinin rəhbərliyi ilə həm xarici investisiyaların cəlb edilməsi, həm də əlverişli investisiya şəraitinin yaradılması üçün çox mükəmməl investisiya siyasəti həyata keçirilir. Bu, əlbəttə ki, Qırğızıstan Prezidentinin nəzərdə tutduğu bütün planların qısa müddət ərzində yerinə yetirilməsinə imkan verəcək".