Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 14 Sentyabr 2019 07:52
Bakı. Ceyhun Ələkbərov - Trend:
Azərbaycan bal ixrac etdiyi ölkələrin siyahısını genişləndirir.
Bunu Trend-ə Azərbaycan Arıçılar Assosiasiyasının sədri Bədrəddin Həsrətov bildirib.
Onun sözlərinə görə, hazırda İordaniyaya bal ixracı ilə bağlı danışıqlar gedir:
"Ötən illə müqayisədə Azərbaycan bal ixracını artırıb. Yaponiyaya 2018-ci ildə 6 ton bal ixrac etmişdik, bu il isə bu rəqəm 8 ton olub. Ərəb ölkələrinə isə ümumilikdə 850 kiloqram bal göndərmişik. Bu ildən etibarən siyahıya İordaniya da qoşulur. Artıq danışıqlar yekunlaşmaq üzrədir və yaxın bir ayda həmin ölkəyə 500 kiloqram bal ixrac edəcəyik. Bu bal nümunə olaraq gönədiriləcək, əgər onların xoşuna gələrsə, əməkdaşlıq davam edəcək".
Sədr qeyd edib ki, arı ailələrinin sayını 2 dəfə artırmaq niyyətindədirlər:
"Ötən illə müqayisədə bu il arı ailəsində 100 min artım olub. Hazırda Azərbaycanda 500 min arı ailəsi var, amma biz bu sayı 1 milyona çatdırmaq istəyirik. Azərbaycan təbiəti də imkan verir ki, biz arı ailəsini iki dəfəyə qədər artıraq".
B.Həsrətov əlavə edib ki, bu il bal istehsalı da artıb:
"Ötən ilə qədər hər arı ailəsindən 8-10 kiloqrama qədər bal alırdıqsa, bu il həmin rəqəm 15 kiloqramdır. Bu həm təbii proseslə, həm də arıçıların bacarıq və vərdişlərinin yaxşılaşması ilə əlaqədardır".
Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin