Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 28 Aprel 2022 07:16
Bakıda "Location" gecə klubunda baş verən partlayışda ağır xəsarət alanlardan biri də oranın əməkdaşı Fariz Məmmədzadədir.
"Qafqazinfo"nun məlumatına görə, Vətən müharibəsi iştirakçısı olan Fariz gecə klubunun rəhbərliyindən şikayətçidir.
Sonxeber.net "qafqazinfo"-ya istinadən xəbər verir ki, Fariz Məmmədzadə partlayış baş verməmişdən 12 gün öncə "Location"da işləməyə başlayıb. Məmmədzadə ailəsinin iddiasına görə, işçilər orada qeyri-qanuni çalışdırılıb. İşgötürənlə işəgötürülən arasında əmək müqaviləsi imzalanmayıb. Bu səbəbdən onların sığortası da olmayıb.
Farizin şikayətinin əsas məğzi isə onun müalicəsinə gecə klubunun rəhbərliyi tərəfindən kömək göstərilməməsindən ibarətdir. Belə ki, xəsarət alan əməkdaş hadisədən sonra 5 nömrəli Şəhər Klinik Xəstəxanasına yerləşdirilib. Ailə üzvlərinin sözlərinə görə, onun müalicəsi və dərmanları borc-xərclə alınıb. Burada iş yerindən ona maddi dəstək olunmayıb. Dövlət xəstəxanasında iki dəfə əməliyyat olunan Fariz, daha sonra "Medera" hospitala köçürülüb.
Gecə klubuna məsul olan şəxslər yalnız özəl klinikada gedən müalicənin xərclərini qarşılayıblar. Daha sonra isə Fariz evə buraxılıb və onun müalicəsinin növbəti mərhələsi qalıb.
"Qollarımın ağrısından hələ də yata bilmirəm. Qollarımındakı yaranın suyu hələ də dayanmır. Məni evə göndəriblər, amma 2-3 gündən bir sarğılarım dəyişməlidir. Mən ağrılardan gecələr yata bilmirəm. Dərman almağa pulum belə yoxdur. Bunların məqsədi nədir, anlamıram. Müharibədə burnum belə qanamadı, amma gəldim kiminsə obyektində bu hala düşdüm. Evə baxan insan mənəm, amma belə görünür ki, 5-6 ay müddətində işləməyəcəm. Mən müdiriyyətdən mənəvi dəstək istədim, dedilər, get nə istəyirsən elə, ölən ölüb, tutulan tutulub. "Madera"da olanda Elşən Səfərovla da danışdım, mənə qayıtdı ki, siz insafsızlıq edirsiniz" - Fariz Məmmədzadə şikayətində bildirib.
Onu da aydınlaşdırdıq ki, Fariz Məmmədzadə "Medera"ya köçürülən zaman onun müalicəsinə 15 961 manat ödənilib.
Qeyd edək ki, "Location"da baş verən partlayışa görə 4 nəfər həlak olub. Onlardan üçü gəncdir. Hadisəyə görə isə obyekti icarəyə götürmüş "Merser Food" MMC-nin administratoru Rəsul Rəsulov, həmin MMC-nin təsisçisi-klubun meneceri Orxan Səfərov və Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğın Nəzarəti Xidmətinin 2-ci Ərazi Dövlət Yanğın Ərazi idarəsinin inspektoru Ruslan Məmmədov həbs edilib.
Şikayətdə adı keçən Elşən Səfərov isə həbs olunan Orxan Səfərovun qardaşıdır. O.Səfərov qardaşı Elşən Səfərovla birlikdə daha əvvəl Nərimanov rayonu ərazisində "The Place" adlı gecə klubunu işlətməyə başlayıblar. Onlar daha sonra Səbail rayonu T.Əliyarbəyov küçəsi 9 ünvanındakı 170 kvadrat metr ərazisi olan obyekti də icarəyə götürərək oranı "Location" gecə klubu adı ilə açıblar. "Location"da baş verən partlayışdan sonra "The Place" də fəaliyyətini dayandırıb.